Kamal Bayramovun böyük ayıbı

9-05-2024, 15:28           
Kamal Bayramovun böyük ayıbı
Son günlər sosial şəbəkələrdə "ulduzlaşan” Kamal Bayramov "Turan Tovuz”un heyətində sonuncu dəfə yanvarın 22-də meydana çıxıb. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada Tovuz təmsilçisi "Kəpəz”ə 1:2 hesabıyla məğlub olub. O zamandan bəri 39 yaşlı qapıçı Premyer Liqa qarşılaşmalarında meydanda görünməyib. Bayramovun adı oyun protokollarında Tərlan Əhmədlidən sonra ehtiyat qapıçı kimi qeyd edilib. Başa düşmək çətin deyil ki, Kamal Bayramov "Turan Tovuz”un üçüncü qapıçısıdır.

Ədalət naminə qeyd etməliyik ki, qış fasiləsindən əvvəl "Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Kamala daha çox güvənirdi. "Araz Naxçıvan”la 3:1 hesabıyla yekunlaşan oyunda, eləcə də "Turan Tovuz”un "Neftçi”yə 2:3 məğlub olduğu qarşılaşmada Kamal 90 dəqiqə meydanda olub. 2:2 hesabıyla bitən "Turan Tovuz” – "Sumqayıt” görüşündə də "çərçivə”də Kamal Bayramov əvəzlənmədən dayanıb. Həmin ərəfələrdə keçirilən oyunların protokollarına diqqət edəndə görürük ki, "Qəbələ”yə 0:4 hesablı yenilgidən sonra Ayxan Abbasov Aydın Bayramovu yanında, yəni ehtiyat oyunçular skamyasında əyləşdirib, qapını qorumağı Kamal Bayramova tapşırıb. Amma 39 yaşlı qolkiperin qapıda dayandığı oyunların heç birində "Turan Tovuz” meydanı qol buraxmadan tərk edə bilməyib. Bir qədər də konkretləşdirsək, Kamal Bayramov bu mövsüm üç qarşılaşmada "Turan Tovuz”un formasıyla meydana çıxıb və bu görüşlərin heç birində "çərçivə”ni toxunulmaz saxlaya bilməyib.

Ümumiyyətlə, "Turan Tovuz”un qapıçı sarıdan bəxtinin gətirdiyini demək çətindir. Qərb təmsilçisi çox nadir hallarda qapısında qol görmür. Təcrübəli Kamal Bayramovdan savayı heyətdə iki perespektivli və gənc qapıçı yer alır. Onlar Aydın Bayramovla Tərlan Əhmədlidir. Ötən 33 tur ərzində barmaqla sayılacaq qədər oyunlar var ki, "Turan Tovuz”un azarkeşləri qapılarına vurulan qola üzülməsinlər. Həmin o oyunlar da əsasən mövsümün əvvəlinə təsadüf edib. "Turan Tovuz” debütant "Araz Naxçıvan” və Azər Məmmədovun çalışdırdığı vaxt aşkar autsayder olan "Kəpəz”lə oyunlarda "quru” hesablı qələbəyə sevinib. Bir də "Sabah”ın fiaskosu sayılan qarşılaşma var ki, həmin görüşdə də "Turan Tovuz” hamını təəccübləndirməyi bacarmışdı.

Əlbəttə ki, qapıya vurulan qol təkcə qapıçının günahı deyil. Komanda qol buraxırsa, bunda müdafiəçilərin də səhvləri rol oynayır, hətta yarımmüdafiəçilərin belə. Bütün bunlar futbolun içində olan vacib elementlərdir. Məşqlər də ondan ondan ötəri keçirilir ki, komanda üzvləri bir-birini daha yaxşı başa düşsünlər, bir-birlərinin səhvlərini "sığortalamağı” bacarsınlar. Ümumilikdə isə komandaya cavabdeh olan baş məşqçidir. Meydana çıxan hər bir futbolçunun səhvi eyni zamanda onlara etimad göstərən məşqçinin səhvidir. Axı komandaya futbolçu seçən, heyəti komplektləşdirən, taktikanı müəyyənləşdirib, futbolçulara tapşırıq verən odur. Komanda qalib gələndə məşqçini necə alqışlayıb, göylərə qaldırırlarsa, məğlubiyyətə uğrayandan sonra tənqidlərə hazır olmalı, səhvlərini etiraf etməlisən.

Necə ki, tovuzlu azarkeşlər də "Turan Tovuz”un nəticələrinə görə futbolçuları tənqid edir, Ayxan Abbasovu qınayır. Onların arasında Ayxan bəyin istefasını istəyənlər də var. Bütün bunlara təbii yanaşmaq lazımdır. Bu, həmin azarkeşlərdir ki, "Turan Tovuz” ötən mövsüm "Neftçi”yə 0:4 hesabıyla uduzanda futbolçuları tribunaya çağırıb, alqışlamışdılar, Abbasova dəstək olmuşdular. "Turan Tovuz” elitaya yeni yüksəlmişdi, hələ kövrək addımlar atırdı. Sponsorsuz günlərdə klubun xeyli çətinliklə qarşılaşdığını, hətta mövsüm öncəsi formaların belə zamanında yetişdirilməsinin böyük fədakarlıq sayəsinə baş verdiyini də bilirik. Amma o günlər artıq geridə qalıb. Komanda Ehtiram Quliyevin timsalında səxavətli sponsora qovuşub. Məhz bu səxavətin sayəsində Ayxan Abbasovun sərəncamında 11 əcnəbi futbolçu da var.

Bütün bunların fonunda azarkeş də nəticə tələb edir, ardıcıl üç məğlubiyyətin hesabatını istəyir. Kamal Bayramov neynəyir? Ayxan Abbasovu müdafiə etməkdən ötrü həmin azarkeşlərə "alkoqolik, "qumarbaz” damğası vur. Lap Stalinin, Brejnevin dövründə "qırmızı imperiya”nın təbliğat maşınının etdiyi kimi. Şəxsən mən çox utandım. Ümid edirəm ki, Kamal Bayramov da səhvini anlayıb, bundan sonra ifadələrində daha diqqətli olacaq.
Amal Abuşov
qaynarinfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.