Baş pediatr vətəndaşlara səslənir: "İlkin əlamət görünən kimi həkimə müraciət edin"

26-04-2019, 08:25           
Baş pediatr vətəndaşlara səslənir: "İlkin əlamət görünən kimi həkimə müraciət edin"
Nəsib Quliyev: "Allergiyaya meylli uşaqlar qeydiyyatda olmalı, mütəmadi olaraq yoxlamalar aparılmalıdır"

Yaz xəstəliklər fəslidir. Havalar isinməyə başlasa da, allergik və soyuqdəymə səbəbilə yaranann xəstəliklər daha çox olur.

Havanın dəyişkənliyi, yağış, külək, ağacların tozlanması insan orqanimzinin müqavimətini zəiflədir. Yazda allergik rinit, allergik astma, dəri allergiyaları, mədə-bağırsaq xəstəlikləri daha çox müşahidə edilir.

Baş verənlərlə bağlı Sputnik Azərbaycan-a şərh verən tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin sözlərinə görə, yaz fəslində allergik xəstəliklər həm böyüklər, həm də kiçiklər arasında çoxalır: "Çünki allergiya mövsümi xarakterli xəstəlikdir. Bu səbəbdən də yaz aylarında, xüsusən yaya qədər belə xəstəliklər daha çox müşahidə edilir".

O bildirib ki, bu hal daha çox allergiyaya meylli olan uşaq və böyüklərdə özünü biruzə edir: "Baharda ağacların çiçək açması, çiçəklərin tozlanması, yaşıllıqlardan qalxan gözə görünməyən tozlar bəzi insanlarda allergiya yaradır. Bitki mənşəli tozlarla əmələ gələn allergiyalara polinozlar deyilir. Polinozlar mövsümi xəstəliklərdir".

Həkimin sözlərinə görə, allergiyaya meylli uşaqlar qeydiyyatda olmalı, mütəmadi olaraq yoxlamalar aparılmalı, mümkün olduğu qədər hansı çiçəyin tozuna və ya nəyə qarşı allergiya varsa, o, aşkar olunmalıdır: "Bu zaman qabaqlayıcı tədbirlər görülməlidir. Valideynlər gözləməli deyil ki, allergiya görünsün, sonra qarşısı alınsın".

"Bədəndə konkret allergen müəyyən ediləndən sonra qarşısını almaq üçün tədbirlər görülür. Allergiya əlaməti görünən kimi valideynlər uşaqlarını həkimə aparmalıdır. Bu xəstəliyi ev şəraitində müalicə etmək olmaz" - deyə N.Quliyev vurğulayıb.

Qeyd edək ki, son günlər uşaqlar arasında allergiya xəstəliyi yayılıb. Xəstəlik özünü bədəndə qızartılı səpkilərlə göstərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.