Qazilər avtomobil növbəsinə götürülmür? - AÇIQLAMA

13-08-2019, 15:31           
Qazilər avtomobil növbəsinə götürülmür? - AÇIQLAMA
Azərbaycanda Qarabağ müharibəsi qazilərinə dövlət qayğısının bir istiqaməti ehtiyacı olanların avtomobillə təmin edilməsidir. Bu istiqamətə ölkə rəhbərliyi tərəfindən böyük həcmdə vəsaitlər ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib.

Qeyd edək ki, qazilərə əsasən Azərbaycanda yığılan NAZ Lifan və Khazar avtomobilləri verilir. Son vaxtlar qazilərin avtomobil növbəsinə götürülməsi ilə bağlı şikayətlər yaranmaqdadır. Getdikcə artan şikayətlərdə avtomobil üçün edilən müraciətlərin əksəriyyətinə mənfi cavab verilməsi əksini tapır. Qarabağ qaziləri hərəkət imkanları məhdud olsa da, ƏƏSMN komissiyaları tərəfindən onlara avtomobil düşmədiyinə dair cavab almaqlarından şikayətlənirlər.

Eyni zamanda bu ilin əvvəlindən verilən Khazar avtomobilləri barədə də şikayətlər almaqdayıq. Bəzi qazilər verilən avtomobillərin köhnə “Azsamand”lar olduğunu, sadəcə, üzərlərinə Khazar markası vurulduğunu iddia edirlər. Bildirilir ki, avtomobillərin xeyli hissəsində zavod qüsuru var – elektrik ötürücü qutu normal işləmir.

Bütün bu məsələlərlə bağlı ƏƏSMN-ə ünvanladığımız sorğuya cavab verən nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun dediyinə görə, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub: “Onlardan artıq 280 avtomobil verilib. Hazırda növbədə olan şəxslərin 60 faizi cari ildə avtomobillə təmin ediləcək. Müvafiq kateqoriyadan olan əlilliyi olan şəxslərin avtomobillə təminatı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat” əsasında həyata keçirilir. Təlimata əsasən, müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlilliyi olan şəxsi tam ətraflı müayinə edib, müayinə nəticələri göstərilməklə, ona Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) göndəriş verir. TSEK tibbi sənədlərin öyrənilməsi və əlilliyi olan şəxsin müayinəsi əsasında, xüsusi avtonəqliyyata tibbi göstərişləri və onun idarə edilməsinə əks göstərişləri müəyyən edir. Avtomobil üçün növbəyə dayanma da məhz xüsusi avtonəqliyyata tibbi göstəriş əsasında həyata keçirilir. Avtomobil növbəsinə dayanmaq üçün müraciət edənlərin əksəriyyətinə imtina cavabı verilməsi ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Çünki cari ildə avtomobil növbəsinə dayanmaq üçün müraciət edən 57 nəfərin hər biri nazilrik yanında Dövlət Sosial Müdafiə Fonduna TSEK tərəfindən onlara verilmiş, xüsusi avtonəqliyyata tibbi göstəriş əsasında müraciət edib və təbii ki, bu əsasda da növbəyə götürülüblər”.

F.Talıbov qeyd edir ki, ötən ildən etibarən müharibə əlillərinə “Xəzər” markalı minik avtomobili verilir: “Əlilliyi olan şəxslər də bu avtomobili razılıq hissi ilə qarşılayırlar. Verilmiş “Xəzər” markalı minik avtomobilinin qüsurlu olması barədə nazirliyə bu günədək heç bir şikayət də daxil olmayıb. Əksinə, minik avtomobili ilə təmin edilmiş əlilliyi olan şəxslərdən təşəkkür məktubları daxil olur. Əgər verilmiş “Xəzər” markalı minik avtomobilinin qüsurlu olması barədə Sizə hər hansı bir şikayət, yaxud avtomobil növbəsinə götürülmə ilə bağlı şikayət daxil olubsa, bizə yönəltməyinizi xahiş edir və dərhal müvafiq araşdırma aparılmaqla nəticəsi barədə Sizə məlumat veriləcəyini bildiririk”.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.