Ötən əsrin ən böyük dühası - bu gün Üzeyir Hacıbəylini yad edək!

18-09-2019, 08:05           
Ötən əsrin ən böyük dühası - bu gün Üzeyir Hacıbəylini yad edək!
Bu gün Azərbaycanda Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günüdür. Qeyd edək ki, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunmağa başlanıb. Xatırladaq ki, dahi bəstəkar Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə anadan olub. O, təkcə bəstəkar kimi deyil, həm də musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan SSR-nin himnlərinin müəllifi kimi tarixə düşüb. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən Üzeyir bəy 300-dən çox xalq mahnısını nota salıb, müxtəlif üslubda klassik əsərlər yazıb. Onun əsərləri dünya musiqi incilərindən hesab edilir.

Qeyd edildiyi kimi, Üzeyir bəy həm də görkəmli publisist kimi tarixi şəxsiyyətdir. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. Bədii və publisist tarazlığı saxlamaq etibarilə Ü.Hacıbəylinin felyetonları, oçerk və parodiyaları böyük dəyəri olan əsl sənət əsərləridir. Müəllif əsərlərində əsasən Bakı şəhər Dumasının fərsiz deputatlarını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz lqlasnıları» barsız ağaclara bənzədir. Azərbaycan Xalq Cümhuriyyəti illərində cümhuriyyətin qurucuları barəsində çoxu sayda yazılar dərc edən Üzeyir bəy sonradan sovet rejimi tərəfindən dəfələrlə hədəflərə tuş gəlib. Xüsusən də ona bu münasibətin yaranmasında qardaşı C.Hacıbəylinin Avropada sovet dövləti əleyhinə çalışmalarının da böyük təsiri vardı. Ü.Hacıbəyli isə cidd-cəhd göstərməsinə baxmayaraq qardaşının Azərbaycana qayıtmasına nail ola bilmədi.

Belə bir iddia da var ki, zamanında 1920-ci ildə onu güllələmək istəyiblər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbəylinin qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. (Onu da xatırladaq ki, dahi bəstəkar Üzeyir Hacıbəyli və Müslüm Maqomayev eyni ildə, eyni gündə anadan olub. Həmçinin bəstəkarlar Terequlova bacıları ilə evlənməklə bacanaq olublar). O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəylinin da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.

Bəs müasir tanınmış ictimaiyyət nümayəndələri üçün Üzeyir Hacıbəyli kimdir?

Bu sualla bir neçə tanınmışa müraciət etdik.

Aqil Abbas: “Mənim üçün Üzeyir Hacıbəyli budur: Üzeyir Hacıbəyli adına Azərbaycan!”

Deputat, AYB-nin üzvü Aqil Abbas sualımıza bu cür cavab verdi: “Mən Üzeyir Hacıbəylinin doğulduğu Ağcabədiyə gedirəm. Orada onun muzeyi, adına muğam məktəbi var. Gedirəm onu yad etməyə.

Üzeyir Hacıbəyli mənim üçün kimdir? Xatırlayırsınızsa, bir dəfə konservatoriyanın üzərindən Üzeyir bəyin adını götürmüşdülər. Bu barədə televiziyada mənə sual verdilər ki, niyə ziyalı kimi reaksiya göstərmədiniz? Dedim ki, Üzeyir Hacıbəyli o qədər böyük nəhəngdir ki, onun adını konservatoriyaya yazmaqla heç nə olmur. Mənim üçün Üzeyir Hacıbəyli budur: Üzeyir Hacıbəyli adına Azərbaycan! Beləliklə, Üzeyir bəy bütün Azərbaycan deməkdir. O, təkcə bəstəkar deyildi, o, həm də müəllim, mütəfəkkir idi. Tarixdən də məlumdur ki, Üzeyir bəy əsasən ötən əsrin lap əvvəllərində, 1920-ci ilə qədər yazıb-yaradıb. Sovet hakimiyyəti qurulduqdan sonra isə o artıq yazmadı, özünü yalnız konservatoriyanın qurulmasına, musiqiyə, maarifçiliyə həsr etdi. Lakin sonra ürəyi dözmədi, 1937-ci ildə “Koroğlu” operasını yazdı. Çünki ürəyi sovet dövrünü istəmirdi. Ümumiyyətlə, 20-ci əsrin əvvəlində Azərbaycan xalqının yetişdirdiyi dühalar dahidən də böyükdür. Təsəvvür edin, insan dəhşətə gəlir: Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir kimi dahilər məhz o zamanda yetişmişdi.

Biz xalq olaraq, ibtidai sinifdə qalmışıq, 5-ci sinfə keçə bilməmişik. Saydığım dahilər bu xalqı 5-ci sinfə keçirmək istədi, amma gücləri çatmadı".

Elçin Mirzəbəyli: “O, xalqımızı Şərqin qarmaqarışıq dolanbaclarından çıxararaq işığa doğru aparıb”

Tanınmış politoloq, jurnalist və şair Elçin Mirzəbəyli isə bu cür cavab verdi: “Musiqi Günümüz Müslüm Maqomayevlə də bağlıdır. Bildiyiniz kimi, hər iki şəxsiyyət eyni gündə anadan olub. Hər iki şəxsin Azərbaycan musiqisində, ictimai mühitində mühüm rolu var, hər ikisi böyük mütəfəkkirdir. Üzeyir bəy təkcə Azərbaycan xalqı üçün deyil, bəşəriyyət, türk dünyası, Şərq üçün ən böyük mütəfəkkirdir. Onun ən böyük xidmətləri Avropa düşüncəli insan kimi formalaşmağımızda olan xidmətləridir. Musiqimizi, muğamımızı məhz o lada Üzeyir Hacıbəyli köçürüb. Şərqin qarmaqarışıq dolanbaclarından çıxararaq işığa doğru aparıb.

Beləliklə, onu təkcə musiqiçi kimi dəyərləndirmək doğru olmazdı. O, böyük tarixi şəxsiyyətdir. Bir azərbaycanlı kimi onun ruhu qarşısında baş əyməyi özümə borc hesab edirəm".

Mənsum İbrahimov: “Bütün yaradıcılığım Üzeyir bəylə bağlıdır”

Xalq artisti, xanəndə Mənsum İbrahimov isə qeyd etdi ki, bütün yaradıcılığı Üzeyir Hacıbəyli ilə bağlıdır: “Üzeyir bəy Azərbaycanın peşəkar musiqisinin banisidir. Ümumiyyətlə, müasir musiqimizin bu səviyyəyə gəlib çatmasında onun mühüm rolu var. Şərqdə ilk operanın, orkestrin təməlini qoyan şəxsiyyətdir. Hətta bizim hazırda keçdiyimiz muğam tədrisi proqramını Üzeyir bəy tərtib edib. O, muğamlarımızı çox dərindən bilirdi. Ona görə də 22 yaşında dünyada misli bərabəri olmayan muğam operasını yazıb. Mənim bütün yaradıcılığım Üzeyir bəylə bağlıdır. Çünki geniş tamaşaçı kütləsi məni onun ”Leyli və Məcnun" operasından tanıyır. Tamaşaçılar məni daha çox Məcnun obrazı ilə tanıyır və bütün uğurlarım bu obrazla bağlıdır. Buna görə də hər zaman özümü onun ruhuna borclu hesab edirəm. Ümumiyyətlə, biz musiqiçilər onun mənəvi övladlarıyıq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.