Bakının israrı: İrəvanda cəlladın heykəli söküləcəkmi? - GƏLİŞMƏ

14-10-2019, 09:47           
Bakının israrı: İrəvanda cəlladın heykəli söküləcəkmi? - GƏLİŞMƏ
Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 11-də Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanda faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasını sərt şəkildə pisləməsi bu mövzunu bir daha aktual edib. Ermənistan rəhbərliyinin bundan sonra hansı addımları atacağı, Rusiyanın onlara qarşı döyüşmüş bir cəllada qoyulan heykəllə bağlı sonrakı davranışları müzakirə predmetidir.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli heykəl məsələsinin Paşinyan üçün ciddi başağrısı olduğunu vurğuladı: “Əslində Azərbaycan prizmasından təkcə Qaregin deyil, Andronik, Babacanyan, Şaumyan, Melkonyan və s. digər erməni ”xalq qəhrəmanları" da faşistdir və faktiki olaraq, onların sırf azərbaycanlı olduqları üçün aborigen türk əhaliyə divan tutması və yüz minlərlə soydaşımızı qətlə yetirməsinə tarixi sənədlər də şahidlik edir. Ən nəhayət, erməni tərəfi bu siyasəti dövlət səviyyəsində həyata keçirir. Onların bəşər və insanlıq əleyhinə yönələn cinayətlərinin obyekti təkcə bizim xalq deyil, Qubada yəhudilər, tatlar, ruslar, Almaniyada slavyan xalqları və yəhudilər, Türkiyədə osmanlı türkləri ilə yanaşı, kürdlər, Güney Azərbaycanda bizim soydaşlar və o bölgənin etnik azlıqları da var. Sadəcə ilk dəfə - hələ indi - rus tərəfi bunu etiraf etməyə başlayıb. Siyasi şərait elə gətirib ki, Rəsmi Moskva İrəvandakı vassalından olduqca narazıdır və ona qarşı artıq bir sıra cəbhələrdə təzyiqini artırır. Bunlardan biri də faşizm elementlərinin bu ölkədəki təbliğatı ilə bağlıdır. Hətta 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Əziz Əlibəyli: “Heykəl məsələsi Paşinyan iqtidarının boynunda ağır yükdür”

Azərbaycanda da dərk edilir ki, indiki rus “hücumu” sırf Paşinyan amili ilə bağlı olsa da, əslində pisləşən İrəvan - Moskva münasibətləri fonunda yaxşılaşan Bakı-Moskva münasibətləri bizə əlavə üstünlük yaradır. Bunun da elementlərini Putinin İrəvan səfərində, “Valday” forumunda və Aşqabadda Azərbaycan prezidentinin açıqlamalarında görmək mümkündür. Əsas nəticədir və o nəticə artıq əldə edilib. Məhz bu nəticə göstərir ki, erməni tərəfi cinayətkar əməllərini törədərkən iş başında yaxalanıb. İndi problem təkcə heykəlin sökülməsi deyil, həm də dövlət dəstəyi ilə faşizmin inkişaf etdirilməsinə niyə Paşinyanın göz yummasıdır. Heykəl məsələsi Paşinyan iqtidarının boynunda ağır bir yükdür, söksə, yerli daşnak elitasının hücumuna məruz qalacaq, sökməzsə, Bakı və Moskvanın təzyiqi ilə üzləşəcək. Bu baxımdan olduqca maraqlı bir oyun bizi gözləməkdədir. Ona görə də üçüncü yolun tətbiqi - bölgədə uçqun, zəlzələ, qəza və s. kimi təbiət hadisələrinin baş verməsi “labüd”dür".

Yeganə Hacıyeva: “Bu, onun üçün ciddi mənfi nəticələr gətirə bilər”

Siyasi ekspert Yeganə Hacıyeva heykəlin sökülməyəcəyini düşünür: “Azərbaycan prezidenti İlham Əliyevin heykəl məsələsi ilə bağlı sərgilədiyi mövqe, dedikləri ölkəmizin işğal altında olan torpaqlarımızın bu şəkildə qalmayacağı ilə bağlı yürütdüyü strategiyasının tərkib hissəsidir. Bu mesajlardan artıq anlamaq olar ki, irəlidə bizi Ermənistanla qısa da olsa, döyüş pozisiyaları gözləyir. Çünki Azərbaycan ərazilərinin işğal altında qalması və hazırkı status-kvonun davam etməsi ilə barışa bilməz. Burada daxili və xarici məqamlar var. Rusiya Ermənistanla ikili və digər görüşlərdə II Dünya müharibəsinin qalibi kimi onlara qarşı vuruşmuş bir şəxsə heykəl qoyulması ilə barışmayacağını açıq göstərir. İlham Əliyev bu fikirləri ifadə etməklə əslində Azərbaycanla paralel həm də Rusiyanı narahat edən bir mövzuya toxundu. Əgər Rusiyanın daxilində hər hansı şəxs, yaxud ictimai xadim bu mövzuda danışanda ermənipərəstlərin, yaxud ermənilərin nəzarətində olan media orqanları onu bloklaya bilirdilər, yəni mövzunu nəzərdə tuturam. Amma indi artıq bu mövzu MDB ölkələrinin rəhbərlərinin iştirak etdiyi tribunada səslənir. Bu da onu deməyə əsas verir ki, Rusiyada ermənilərin nəzarətində olan media orqanları bunu bloklaya bilməyəcəklər. İlham Əliyevin fikri kuluarlarda danışılan, özü də çox da gündəm olmayan bir mövzunu aktuallaşdırdı.

Neçə gündür rus mediasını izləyirəm. Yüksək səviyyədə ekspertlər və Rusiya dövlətçiliyinə xidmət edən şəxslər erməni cəlladın nəinki heykəlinin qoyulmasını, onun hələ də saxlanılmasını ölkələrinə qarşı təhdid kimi qələmə verirlər. Ermənistanın nə edəcəyi, Rusiyanın təzyiqləri ilə barışıb-barışmayacağı ciddi sualdır. Hazırda Paşinyan bu mövzunu daxildə populist üsullarla öz xeyrinə istifadə etməkdədir. Görünən odur ki, Paşinyan Njdenin heykəlinin indiki dövrdə sökülməsinə razı olmayacaq. Burada ona səs verən kütləni də nəzərə almağa məcbur olacaq. Onu qeyd edim ki, bundan öncə Köçəryanın həbsindən Paşinyan Rusiya ilə danışıqlarda kozur kimi istifadə etməyə çalışdı. Bu mövzudan da istifadə çox güman edəcək. Rusiya ilə qazın qiymətləri Paşinyan üçün çox aktualdır. İrəlidə daxili seçimlər erməni baş naziri gözləyir ki, o bundan çox narahatdır. Rusiyanın təzyiqi isə qaz və digər enerji vasitələrinin qiymətinin qalxmasında özünü büruzə verəcək. Eyni zamanda, Ermənistan daxilindəki rusiyapərəst oliqarxlar və digər insanların simasında bunun təsiri qaçılmaz olacaq. Düşünürəm ki, bu məsələ Putin və digər Rusiya hakimiyyətində təmsil olunan şəxslərin Ermənistana əl silkələmələri ilə qarşıda özünü göstərəcək. Nüfuzunu getdikcə itirən Paşinyanın heykəli sökdürməyəcəyi güzgü kimi aydındır. Çünki bu onun üçün ciddi mənfi nəticələr gətirə bilər”.
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.