Bakıda 106 saylı avtobusda partlayış

Bu gün, 11:54           
Bakıda 106 saylı avtobusda partlayış
1984-cü il sentyabrın 8-də, saat təxminən 13:50-də Bakıda 106 saylı marşrut üzrə hərəkət edən “İkarus-28001” markalı (iki salonlu) avtobusda partlayış baş verdi. Kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində dörd sərnişin xəsarət aldı və onlardan biri, Fatma Surxalizadə həlak oldu.

Hadisəni araşdıran Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının diqqətini avtobusun salonunda tapılan stəkan formalı metal əşya cəlb edir. Araşdırma nəticəsində aydın olur ki, çuqundan hazırlanan, hündürlüyü 200 mm, diametri 100 mm, divarının qalınlığı 8 mm, altlığının qalınığı isə 10 mm olan, qapağı yivlə bağlanan bu əşya partlayıcı maddənin qabı rolunu oynayıb.

Bakının bütün zavodlarını gəzən müstəntiqlər həmin əşyanı hazırlayan tornaçını tapırlar. Məlum olur ki, tornaçı onu sifarişlə hazırlayıb və 15 manat zəhmət haqqı alıb. Sovet dövründə iş vaxtı dövlətin materiallarından və dəzgahından istifadə edib belə sifarişlər yerinə yetirmək adi hal idi.

Tornaçının verdiyi məlumat əsasında sentyabrın 19-da sifarişçi – 1959-cu ildə Bakı şəhərində anadan olmuş Henrix Surenoviç Vartanov həbs edildi. O, əvvəlcə bombanı özünün düzəltdiyini söyləyir, amma istintaq eksperimenti zamanı məlum olur ki, bunu bacarmır. Çarəsiz qalan Henrix cinayət ortağının ələ verir.

Sentyabrın 21-də cinayətin ikinci iştirakçısı, 1960-cı ildə Bakı şəhərində anadan olan, Neft və Kimya institutunun elektromexanika fakültəsinin birinci kurs tələbəsi İqor Mixayloviç Maxovski həbs olundu. İstintaq eksperimenti zamanı Maxovski bomba düzəltmək bacarığını sübut edir.

İfadələrdən aydın olur ki, Vartanov və Maxovski cinayətdən iki ay əvvəl, iyul ayında bulvarda tanış olublar. Bu tanışlıq sırf təsadüfün nəticəsidir, yoxsa Vartanov Maxovskinin elektromexanika fakültəsində oxuduğunu bilərək onunla tanışlığa can atıb, aydın deyil. Eləcə də Vartanovun nə vaxtdan və nə səbəbdən belə bir cinayət planlaşdırması bilinmir. Aydın olan odur ki, Henrix tezliklə öz planını İqorla bölüşür və o da heyrətamiz tələskənliklə razılıq verir.

Vartanovun partlayıcı maddələr haqqında məlumatı bəsit idi. O, sadəcə detanator kimi kibrit kükürdündən istifadə etməyi düşünürdü. Məhz Maxovski təklif edir ki, partlayışın gücünü artırmaq üçün kükürdə manqan və maqnezium əlavə edilsin. Cütlük maqnezium əldə etməkdən ötrü Bakı hava limanına gedir və pul müqabilində istifadədən çıxarılmış təyyarə təkəri diski alırlar. Diski yeyə ilə sürtərək maqnezium tozu əldə olunur.

Amma stəkan formalı qabı hazırlamaq üçün üçüncü şəxsin köməyi lazım idi. Qabın çuqundan hazırlanması da Maxovskinin təşəbbüsü olur. O bildirir ki, çuqun “daha kövrək və asan parçalanan” metaldır. Buna görə də parlayış zamanı parçalanacaq və qəlpələri xeyli insanı yaralayacaq. “Stəkan”ın ölçülərini də İqor hazırlayır.

Vartanov Xalkovski adlı bir tornaçı tapır və Makovskinin çəkdiyi eskizi göstərərək sifariş verir. Amma tornaçı sifarişi başdansovdu yerinə yetirir. “Stəkan”ın divarı da, altlığı da, qapağı da sifarişdə olduğundan daha qalın hazırlanır. Bu da partlayış zamanı daha az adamın xəsarət almasına səbəb olur.

“Stəkan” sentyabrın 6-da sifarişçiyə təhvil verilir. Maxovski isə “Slava” zəngli saatından, üç ədəd “Element-373” batareyasından və başqa şeylərdən istifadə edərək saat mexanizmli bomba hazırlayır. Mexanizmin (partlayıcı maddəsiz) dəqiq işlədiyi iki dəfə sınaqdan keçiriləndən sonra terror aktını törətmək qərara alınır.

Sentyabrın 8-də təxminən saat 12-də Henrix Vartanov Montin qəsəbəsində kolxoz bazarının yanındakı dayanacaqda 106 saylı marşrutla hərəkət edən, 90-11 АГТ dövlət nömrə nişanlı avtobusa minir və onunla Əzizbəyov heykəlinin yanındakı dayancağa qədər gəlir. Avtobusu tərk edərkən bombanı oturacağın üstünə qoyur.

Avtobus əks istiqamətdə hərəkət etdikdə Cəfər Cabbarlı kinoteatrının qarşısındakı dayanacaqdan bir qədər sonra, təxminən Politexnik institutunun (indiki Texniki Universitet) qarşısında partlayış baş verir. İki salondan ibarət avtobusda cəmi 19 adam vardı, onlardan 12-i partlayışın baş verdiyi birinci salonda idi.

Daha qalın hazırlaması sayəsində “stəkan” parçalanmadı. Onun sadəcə qapağı qopdu. Bu üzdən də az adam xəsarət aldı: bir nəfər ağır, iki nəfər orta ağır və bir nəfər yüngül yaralandı. Ağır yaralanan 37 yaşlı Fatma Kamil qızı Surxalizadə müstəntiqə ifadə də verdi, amma sonra vəfat etdi.

İstintaq zamanı aydın oldu ki, Henrix Vartanov şizofreniya səbəbindən ordu sıralarından erkən tərxis olunub. Bakıda keçirilən ekspertizadan sonra o, Moskvaya, Serbski adına psixiatriya xəstəxanasına göndərildi. Buradan alınan rəy də onun şizofreniya xəstəsi olduğunu təsdiqlədi.

Azərbaycan Ali məhkəməsinin cinayət işləri üzrə Məhkəmə kollegiyasının 1985-ci il mayın 15-də çıxardığı hökmə əsasən Henrix Surenoviç Vartanov cinayət məsuliyyətindən azad edilərək xüsusi tipli psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərildi. İqor Mixayloviç Maxovski isə 15 il müddətinə azadlıdan məhrum edildi. Onların sonrakı taleyi barədə məlumat yoxdur.
Yadigar Sadigli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru