"Bununla ermənilərə deyir ki, ”möhkəm dayanın..." - Gərginlik...

13-11-2019, 09:09           
"Bununla ermənilərə deyir ki, ”möhkəm dayanın..." - Gərginlik...
Rusiya xarici işlər naziri Sergey Lavrov yenə ənənəvi ampluasında görünüb - özü də işğalçı ölkənin paytaxtında. İrəvana iki günlük səfər edən Lavrov bəyan edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müxtəlif formatlarda fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır. O, belə bir mövqeni noyabrın 11-də İrəvanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşdən sonra açıqlayıb.

“Rusiya həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm Rusiya Federasiyası - Ermənistan - Azərbaycan formatında ən fəal vasitəçi kimi fəaliyəti bundan sonra da davam etməyə hazırdır”, - XİN başçısı vurğulayıb (Virtualaz.org)

S.Lavrovun bu fikirləri reallıqla ziddiyyət təşkil etsə də, boş vermək olardı. Lakin onun bundan sonra səsləndirdiyi fikirlər qəti şəkildə qəbulolunmazdır. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılıq əldə etmək bu regionun əhalisinin razılığı olmadan mümkün deyil”. Lavrov bu fikri Mnatsakanyanla keçirdiyi brifinqdə deyib. “Rusiya Dağlıq Qarabağın tamhüquqlu iştirakçı kimi danışıqlar masasına qayıtması təklifinə necə yanaşır” sualına cavab olaraq Lavrov bildirib ki, danışıqlar prosesinin iştirakçılarının tərkibini tərəflər özləri razılaşdırmalı və müəyyən etməlidir. “Məsləhətləşmələrin və sonrakı danışıqların erkən mərhələsində, döyüş əməliyyatları dayandırılanda Dağlıq Qarabağ müvafiq razılaşmanın və danışıqların iştirakçısı olub, bu danışıqlardan sonra atəşkəs əldə edilib. Hansısa mərhələdə Ermənistan rəhbərliyi, əvvəlki prezidentlərdən biri qərar qəbul etdi ki, Dağlıq Qarabağın maraqlarını İrəvan təmsil edəcək”- Rusiya XİN rəhbəri qeyd edib.

“... Və hamıya aydındır ki, Dağlıq Qarabağ ”xalqının" (seçdirmə bizimdir - red.) razılığı olmadan heç bir razılaşmanı rəsmiləşdirmək mümkün deyil. Ermənistan, sadəcə olaraq, onu dəstəkləməyəcək", - deyə Lavrov əlavə edib. Rusiyaya gəldikdə isə Lavrov deyib ki, Moskva bundan sonra da münaqişənin nizamlanması işində fəal rol oynamağa hazırdır. Nazirin sözlərinə görə, həmsədrlər istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması maraqların real balansını əks etdirsin. “Ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və məsələnin ancaq sülh yolu ilə nizamlanması prinsipləri tərəflər arasında müzakirə olunan sənədlərin bütün variantlarında əksini tapıb. Və istənilən halda yekun həll bütün bu prinsipləri nəzərə almalıdır. Bununla nə İrəvan, nə Bakı mübahisə edir. Amma sonrası diplomatiya sənətidir. İstənilən razılaşma, xüsusən də belə mürəkkəb məsələ ilə bağlı , - kompromislərdir. Və biz həmsədrlər çalışırıq ki, kompromis dürüst olsun, maraqların real və ədalətli balansını əks etdirsin” - Lavrov deyib.

Faktiki olaraq S.Lavrov N.Paşinyanın sərsəm fikirlərini təkrarlayıb. Hətta erməni mediası onun bu iddiasını “Nikol haqlıdır” sərlövhəsi ilə yayıblar. Sanki keçən ilin bu vaxtı Lavrovla Paşinyan arasında gərginlik yaşanmamışdı. Hətta N.Paşinyan iddia edib ki, Ermənistanda hakimiyyət dəyişikliyindan sonra baş verənlər İrəvan-Moskva münasibətlərinə yeni dinamika verib. “Mən dəfələrlə Rusiya hökumət başçısı və prezidenti ilə görüşmüşəm. Bizim Rusiya baş naziri və prezidentini Ermənistanda qəbul etmək imkanlarımız olub. Bizim münasibətlərimizdə yeni dinamika əldə edilib”, - deyə o bildirib. Belə görünür ki, İrəvan-Moskva münasibətlərində geriyə dönüş baş verməkdədir. Ola bilsin, Paşinyan Qərbə yönəlik siyasətindən imtinaya qərar verdiyi üçün Moskvadan dəstək almağa başlayıb.

Əslində S.Lavrovdan başqa mövqe gözləməyə dəyməzdi. Çünki Rusiya XİN rəhbəri hələ 2017-ci ilin yanvarında “Dalıq Qarabağ yalnız Azərbaycanın daxili işi deyil” demişdi. Ondan sonra uzun müddət ərzində susan Lavrov bir müddət öncə yenidən fəallıq nümayiş etdirməyə başladı və bu da nəticəsi. Azərbaycan prezidenti Valday diskussiya klubunda “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını verəndən sonra Ermənistanda Lavrova ünvanlı etirazlar səslənmişdi. Ona görə ki, bu bəyanatı Lavrov sükutla qarşılamışdı. Görünür, indi Rusiya XİN rəhbəri “günahını yumaq” istəyib.

Yeri gəlmişkən, noyabrın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov XİN-ə çağırılıb və ona Qarabağ separatçılarının Rusiyaya səfəri ilə bağlı nota təqdim olunub. Rusiya XİN rəhbəri S.Lavrov da notaya belə cavab verdi: İrəvanda “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətdi Paşinyanla həmfikir olduğunu deməklə. Faktiki olaraq Azərbaycandan qisas almaq istədi. Bundan sonra Rusiyanın həmsədrliyindən yaxşı nəsə gözləməyə dəyməz, təbii ki.

Qafar Çaxmaqlı da hesab edir ki, Ermənistan Rusiyanın forpostu olduğuna görə Moskva ona yardımı yenə davam etdirəcək: “Lavrovun budəfəki səfəri bununla bağlı olmasa da, Ermənistanın tutduğu yolu dəyişdirməsi üçün təkan ola bilər. Rusiya-Türkiyə yaxınlaşmasının nəticəsini gözləməkdə haqlıyıq. Amma bu, o demək deyil ki, Rusiya ənənəvi ermənipərəst siyasətini dəyişdirəcək. Bununla belə, bəzi pozitiv addımları görə biləcəyik. Məsələn, çoxdan bəri girovların qaytarılması gündəmdədir. Rusiya istəsə, bu olacaq”.

Politoloq deyir ki, əslində Lavrovun dediklerində yeni heç bir şey yoxdur: “Yeni olan danışıqlar prosesinin ilkin mərhələsində Dağlıq Qarabağın iştirakı ilə bağlı fikirdir ki, məncə, Lavrov yanılır. Dağlıq Qarabağdakı separatçı qurum heç vaxt danışıqlar prosesində iştirak etməyib. Hər zaman Minsk Qrupu ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını təyin etməsi haqqını önə sürərkən deyilib ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və Ermənistan mövcuddur. Ayrıca bu prinsip ərazi bütövlüyü prinsipi ilə ziddir. Ona görə də razılıq yoxdur. Erməni əhali öz müqəddəratını necə təyin edəcək? Referendumla. Bu isə Azərbaycan Konstitusiyasına ziddir. Ayrıca götürülmüş bir ərazidə referendum keçirmək ermənilərə sərf edir. Lavrov deyir ki, tərəflər özləri razılaşacaqlar. Bu da köhnə bayatıdır. Mən özüm razılaşacaqdımsa, o zaman sənə nə ehtiyac var?! Deyir ki, ”Qarabağ əhalisi"nin razılığı olmadan heç bir qərar olmayacaq. Bu fikirlər danışıqlar prosinin uzadılmasına xidmət edir".

Q.Çaxmaqlı qeyd etdi ki, Lavrov İrəvanda ermənilərə bəzi mesajları verib: “Bununla da deyir ki, ”möhkəm dayanın, biz öz müttəfiqimizi hər zaman müdafiə edəcəyik". Yəni prinsiplər dəyişməyəcək. Bu, o deməkdir münaqişə uzanacaq və işğal davam edəcək. Həm də bizə bir mesajdır ki, “öz tədbirinizi özünüz görün”. Rusiyanın mövqeyi belədir. Ümumilikdə belə qənaət yaranır ki, bir çoxlarının iddia etdikləri kimi, Rusiya Ermənistana heç bir “sürpriz”- filan hazırlamır və onun Ermənistan siyasəti dəyişməzdir. Dağlıq Qarabağı Azərbaycanın əlindən almaq fəaliyyətləri və oyunları davam edir".

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Lavrovun İrəvanda “Dağlıq Qarabağ ”xalqı"nın razılığı olmadan heç bir razılaşma əldə olunmyacaq" açıqlaması onun üçün əsla təəccüblü olmayıb: “Səfərdən bir gün əvvəl Ermənistanın ”Mediamaks" agentliyinə verdiyi müsahibədə Lavrov bunu demişdi: “Dağlıq Qarabağın statusu hüquqi nöqteyi-nəzərdən öz müqəddəratının təyini yolu ilə həll edilməlidir”. Bəlliydi ki, oxşar açıqlamanı İrəvanda da səsləndirəcək. Bu cür açıqlama Lavrovun erməni mənşəli olması ilə bağlı deyil. Lavrovun yerində İvanov da olsa, eyni sözləri deyəcək. Bu, Rusiyanın ümumi siyasətidir. 200, 100 və 70 il əvvəl də belə olub, indi də belədir".

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndirdiyi qalmaqallı fikirlərinə münasibət bildirib. “Yeni Müsavat”a verilən məlumata görə, XİN-in mətbuat katibi L.Abdullayeva deyib: “Əlbəttə ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir. Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbacanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki - azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”.

*****

“Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla növbəti görüşümüzün dekabrın əvvəlində Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilməsi planlaşdırılır”. Bunu isə “Report”a açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O qeyd edib ki, həmin vaxt Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası olacaq və Zöhrab Mnatsakanyanla görüşün bu toplantı çərçivəsində baş tutacağı gözlənilir: “Lakin bununla bağlı danışmaq bir qədər tezdir. Görüşün yeri və tarixi dəqiqləşəndən sonra bununla bağlı ictimaiyyətə məlumat verəcəyik”. E.Məmmədyarov bildirib ki, Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün iddialarına və açıqlamalarına dərhal reaksiya verir: “Ermənistanın Xarici İşlər Nazirliyi səviyyəsində olan bütün məsələlərə anında reaksiya veririk. Onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz siyasətlərini hansı istiqamətdə yürütdüklərini başa düşmək bir qədər çətindir. Ümumiyyətlə, deyə bilərəm ki, danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Biz istəyərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var. Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirək. Onda məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır, ya yox? Çünki sənədlər artıq masanın üzərindədir”.

Rusiyanın baş diplomatının bu cür açıq müdafiəsindən sonra Ermənistan XİN rəhbərinin danışıqlarda necə davranacağı məlumdur. Məntiqlə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətinin naziri onun görüşünə Şuşadakı toyda iştirak etmiş Paşinyanı heç olmasa danışıqları pozmağa cəhddə günahlandırmalı idi. Necə ki, “Qarabağ Ermənistandır və nöqtə” sözlərinə iki ay sonra reaksiya vermişdi. Lakin bunun əvəzində Nikolu müdafiə etdi. Lavrovun İrəvana səfərindən bir neçə gün əvvəl Ermənistan ordusu Qazax istiqamətindən Azərbaycan əsgərini şəhid etmişdilər. Bu fakt rusiyalı nazirin yadına da düşmədi...
"Yeni Müsavat"шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.