Mühacir biznesi xaricə gedən adamlara viza problemi yaradacaq

20-11-2019, 09:01           
Mühacir biznesi xaricə gedən adamlara viza problemi yaradacaq
Qubad İbadoğlu: “Viza müraciətlərinə imtina cavabları çoxalacaq”
Azərbaycandan Almaniyaya saxta sənədlərlə insanların yerləşməsinə yardım edən şəbəkənin aşkarlanması bir sıra istiqamətlərdə ölkə vətəndaşlarına problemlər yaradacaq. Bu istiqamətlərdən biri mühacirət deyil, digər məqsədlərlə Avropaya getmək istəyən Azərbaycan vətəndaşlarına viza verilməsi prosedurunun ağırlaşdırılması, viza verilməsindən imtina hallarının çoxalmasıdır.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun fikrincə, siyasi mühacir biznesində Azərbaycanın adının hallanması Avropaya, ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə visa almaqda bir sıra çətinliklər yaradacaq: “Əvvəla, viza üçün müraciət edənlərə imtina cavabları çoxalacaq. İkincisi, viza almaq istəyənlərdən əlavə sənədlər (məsələn, əmək haqqı cədvəli, bank hesabından çıxarış, mülkiyyət şəhadətnaməsi və sairə) tələb olunacaq. Vizanın verilməsi prosesi bir çox hallarda 2 həftəyədək uzadılacaq.

Müddətin uzadılması müraciət edənlərin daha dərindən araşdırılması ilə əlaqədar olacaq. Bundan əlavə, verilən vizanın müddəti qısa və girişlərin sayı məhdud olacaq. Nəhayət, Şengen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq”.

Hərəkat rəhbəri xaricə səfər etmək niyyətində olanlara tövsiyə edir ki, müraciətləri üçün çox zaman ayırsınlar: “Səfər tarixindən ən azı 1 ay əvvəldən viza görüşü alsınlar, viza sənədlərini tələblərə uyğun hazırlasınlar, yalnışlığa və saxtakarlığa yol verməsinlər, uçuş biletlərini vizanı əldə etməmiş almasınlar, viza müsahibələrinə hazırlıqlı getsinlər, bu zaman sorğulara cavab verərkən həyəcanlanmasınlar, inamlı görsənsinlər”.


İctimai fəal Bəxtiyar Hacıyevin “Yeni Müsavat”a dediyinə görə, siyasi mühacir biznesi ilə bağlı yaranan qalmaqallar neçə illərdir ABŞ, Böyük Britaniya, Avropa ölkələrinə başqa məqsədlə gedənlər üçün problemlər yaradır: “Bu ölkələrə gəzməyə, oxumağa, yaxud iş üçün getmək istəyən şəxslər viza ala bilmirlər. Çünki həmin dövlətlər ehtiyat edirlər ki, gedənlər Azərbaycana qayıtmayacaqlar. Ümumiyyətlə, hesab edirəm ki, həqiqətən Azərbaycanda təzyiqlə üzləşməyən insanlara dəstək verib Avropada yerləşməsinə şərait yaratmaq düzgün deyil. Bu işdə kimlər varsa, onlar qanun qarşısında cavab verməli, cəzalandırılmalıdılar. Çünki onların dəstəyi ilə təzyiqlə üzləşməyən şəxslərin Avropaya getməsi burada həqiqətən təzyiq altında olan insanlara qarşı məhdudiyyətlərin tətbiqinə, turist kimi getmək istəyənlərə viza verilməməsinə gətirib çıxarır. Oxumaq, təhsil almaq, yaxud müalicə almaq istəyənlər viza ala bilmirlər, müxtəlif maneələrlə üzləşirlər. Ona görə də belə şəbəkələr aşkarlandıqda, onların üzvləri ciddi cəzalandırılmalıdır”.

“FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyevin sözlərinə görə, son illərdə Avropa ölkələri və ABŞ-a gediş üçün viza alınması prosesi ciddi şəkildə ağırlaşdırılıb: “Azərbaycandan müxtəlif adlarla viza alıb Amerikaya, Avropaya gedən şəxslərin xeyli hissəsi geri qayıtmır deyə, son illərdə viza verilişi kəskin şəkildə məhdudlaşdırılıb. Bu son hadisələrdən sonra yəqin ki, viza almaq daha da çətinləşəcək. Bu isə sözsüz ki, turizm şirkətlərinin işinə mənfi təsir göstərəcək. Onsuz da turizm məqsədilə gedənlər üçün vizanı çətinliklə alırdıq, bundan sonra daha da çətin olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.