Dövlət qurumları qışa hazırlaşıb qarı gözləyirlər

20-11-2019, 09:03           
Dövlət qurumları qışa hazırlaşıb qarı gözləyirlər
Yağış və qar bu qış sevinc, yoxsa problem gətirəcək?
Noyabrın 15-dən etibarən ölkədə rəsmi olaraq payız-qış mövsümü başlasa da, hələ ki güclü yağıntıların , kəskin şaxtanın şahidi olmuruq. Görünən odur ki, sərt qış Bakını və regionları qəfil yaxalayacaq. Bəs görəsən, kommunal xidmət sektorunda çalışan ayrı-ayrı dövlət qurumları qışa tam hazırdırmı?

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, artıq bütün qazanxanalardan istiliyin verilməsi bərpa edilib: "“Azəristiliktəchizat”ın bütün qazanxana və istilik məntəqələri artıq işə düşüb".

Borc məsələsi ilə bağlı qazanxanaların qaz təminatının dayandırılmasına gəlincə, R.Əliyev bildirdi ki, bu məsələ müzakirə olunur: "Bu “Azəriqaz” İB-lə bizim aramızda müzakirə predmetidir. Lakin “Azəristiliktəchizat” o borcları ödəmək iqtidarında deyil. Hətta abonentlərdən yığılan pulu tam olaraq qaz təchizatının haqqının ödənilməsinə yönləndirsək də, yenə də borcumuz qalacaq. Ancaq bizim başqa xərclərimiz də var, buraya elektrik və su xərcləri, işçilərin əmək haqqı, vergilər və digər təsərrüfat xərcləri var. Bu gün tariflərin aşağı olması səbəbindən borcları ödəyə bilmirik. O baxımdan məsələ zaman-zaman gündəmə gəlsə də, hökumət tərəfindən tənzimlənir".

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə ötən müddət ərzində Bakıda və bölgələrdə bütün problemli nöqtələrdə yenidənqurma işlərinin aparıldığını, yeni yarımstansiyaların istifadəyə verildiyini vurğuladı: "“Azərişıq” ASC-nin apardığı işlər nəticəsində builki qış ötən qışlardan fərqli olacaq, yaxşılığa doğru dəyişəcək. Çünki ötən qış hansı nöqtələrdə problem yaşanmışdısa, onlar yenilənib. Hazırda bu işlər davam edir. Kənd və qəsəbələrdə yenidənqurma işləri aparılır. Bakıda artıq heç bir problem qalmayıb. Ətraf qəsəbələrdən Xırdalan rayonunda, Quşçuluq yaşayış massivində 35/6 kv-luq yeni yarımstansiya inşa olunub. Masazırda yeni yarımstansiya inşa olunub və əvvəllər orada yaşanan fasilələrin aradan qaldırılması ilə nəticələnib. Hazırda Zabrat elektrik veriliş xətti ilə Məhəmmədi qəsəbəsinə çəkilən elektrik veriliş xətti 24 saat o ərazidə yaşayan vətəndaşların elektrik təminatını həyata keçirəcək. Astara, Yardımlı və Lerik rayonunun bir çox kəndlərində yenidənqurma işləri aparılıb, Cəlilabad rayonunda 130 kv-luq yarımstansiya inşa olunub. Bu işlər hazırda da davam edir. Artıq payız-qış mövsümünün, soyuq havaların gəlməsi bizi qorxutmur. 199 saylı çağrı mərkəzimiz operativ qaydada işləyir, müraciətlərə fərdi qaydada baxılır".

“Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov “Yeni Müsavat”a açıqlamasında bu qış qazın təzyiqinin optimal şəkildə tənzimlənəcəyini vurğuladı: "“Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev bu yaxınlarda bir kollegiya iclası, yəni istehsalat müşavirəsi keçirdi, bütün regional idarələrin rəhbərlərini, eləcə də Bakı şəhərində yerləşən və mərkəzi aparata aid olan struktur vahidlərinin rəhbərlərini yığdı. Qazın təzyiqi ilə bağlı yarana biləcək istənilən problemin vaxtından əvvəl aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verdi. Bu tapşırıqlar əsasında rejimlərin optimallaşdırılması ilə vəziyyət dərhal aradan qaldırılmalıdır. Günün hansı saatında olmasından asılı olmayaraq, hətta şənbə və bazar günləri növbətçi sistemlə qazla bağlı daxil olan şikayətlər araşdırılmalı və icra edilməlidir. Xüsusən də 104 və 185 saylı qaynar xəttə gələn operativ məlumatların icraata götürülməsinə ciddi yanaşılacaq. Bu iş rejimi bizdə əvvəldən də var idi, ancaq məsuliyyət bir qədər də artırılacaq. Ümumiyyətlə, “Azəriqaz” İB-də hazırda dairəvi sistemlə qazlaşdırma işləri ilə bağlı ideyalar üzərində işlənilir. Qaz təchizatı bir yerdə dayananda böyük sayda abonenti əhatə etməsin, maksimum 1000 abonenti əhatə etsin. Bunun üçün də bir sistem hazırlanır".

Dəm qazı ilə bağlı qış fəslində yaşanan faciələrin qarşısının alınmasına gəlincə, C.Səfərov bildirdi ki, bu mövzuda bir çox məsələlər Energetika Nazirliyinin nəzdindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə verilib: “Biz artıq bir çox məqamlarda səlahiyyət sahibi deyilik. Həmin agentlik xüsusən də qaz cihazlarının standartlara cavab verməməsinə nəzarət edir. Bizim burada vəzifəmiz hadisə baş verən yerə gedib fəsadların daha da böyük miqyas almaması üçün həmin mənzilin qaz təchizatını dərhal dayandırmaqdır. Bir də ümumi rəyəverə bilərik ki, vanna otağının qapısı bayıra açılırmı, içəri hava daxil olması üçün dəliklər varmı və sair. Ancaq nəzarət mexanizmi bizə aid deyil. Dəm qazı ilə bağlı hadisələri qazın tərkibi ilə bağlamaq düzgün olmazdı. Bir binada dəm qazından zəhərlənmə hadisəsi bir mənzildə baş verir. Bu, vətəndaşın məsuliyyətsizliyindən də irəli gələ bilər. Qazın keyfiyyətində problem olsa, həmin binada hər kəs zəhərlənərdi. Ancaq belə bir kütləvi hal baş verməyib”.

“Azərsu” ASC-nin İctimayyətlə Əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı da qurumun qış mövsümünə hazırlıq işlərini tamamladığını vurğuladı: “Biz artıq payız-qış mövsümünə hazırıq, çünki bu işlərə yaydan başlamışıq. Son yağıntılar da göstərdi ki, bizim bütün infrastrukturumuz, həm kanal, nasos stansiyamız, həm kollektorlarımız, həm də kanalizasiya baxış quyularımız işlək vəziyyətdədir. Yağıntılar zamanı tam gücü ilə işləyəcək. Eyni zamanda bizim su sistemimiz, hidrotexniki qurğularımız, anbar siyirtmələri, anbarın təxliyə xətləri, su-nasos stansiyalarımız hamısı qışa hazırdır”.

Yağış sularının yollara yığılmasına gəlincə, A.Cəbrayıllı bildirdi ki, bəzi ərazilərdə yenə də su yığılması hallarına rast gələcəyik: “Ancaq əvvəlki kimi olmayacaq. Ziya Bünyadov prospektində, Binəqədi şosesində, Sabunçu vağzalında, Şuşa şəhərciyi ərazisində su yığılması ilə bağlı layihələr icra olunub. Həmin nöqtələrdə problemin həllinə nail olunub. Ancaq yenə də intensiv yağıntılar zamanı bəzi küçələrdə su yığılır, yağış kəsən kimi çəkilib gedir. O da kanalizasiya sisteminin işləməməsi yox, eyni anda böyük həcmdə suyu daşıya bilməməsi ilə bağlıdır”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə açıqlamasında bildirib ki, yolların vaxtında təmizlənməsi üçün texnika və duz-qum ehtiyatı hazır vəziyyətdədir: ”Biz AAYDA olaraq, payız-qış mövsümünə hazırıq. Hazırlıqlar qış mövsümü üçün davam etdirilir. Yollarda hər hansı problem yaranarsa, ona dərhal müdaxilə edilməsi və aradan qaldırılması üçün maşın mexanizmlər, texnikalar hazır vəziyyətə gətirilib. Duz və qum ehtiyatı toplanıb. Təkcə Bakıda deyil, bölgələrdə də duz və qum ehtiyatının toplanması işləri başa çatıb. Elə dağlıq və ucqar ərazilər var ki, orada indidən hazırlıq bitib".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.