Səfirimizin gözü qarşısında Qarabağı Ermənistana “birləşdirdilər” – Diplomatiyamızın Ukraynadakı fiaskosu FOTO

21-11-2019, 10:05           
Səfirimizin gözü qarşısında Qarabağı Ermənistana “birləşdirdilər” – Diplomatiyamızın Ukraynadakı fiaskosu FOTO
“Erməni diplomatları tərəfindən xarici ölkələrdə ölkəmizə qarşı yönəlmiş çirkin əməllər və mütəmadi olaraq yaradılan təxribatların qarşısının alınması üçün tərəfimizdən daim böyük işlər aparılır. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması Azərbaycan diplomatiyasının ən öndə duran vəzifə borcudur".

Bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Kiyevə ezam olunmuş bir qrup azərbaycanlı jurnalistə verdiyi müsahibədə deyib. Səfir vurğulayıb ki, Azərbaycanın Ukraynadakı diplomatik missiyasının fəaliyyəti Ermənistanın Ukraynadakı səfirliyinin fəaliyyətindən daha üstün və səmərəlidir.

Əlbəttə, çox istərdik ki, belə olsun. Lakin ortada olan faktlar göstərir ki, Azərbaycanın Ukraynadakı diplomatik missiyası erməni təxribatları və yalanlarının qarşısını almaqda acizdir, səfirin “böyük işlər” barədə dedikləri isə quru söz yığınından başqa bir şey deyil.

Xatırlayırsınızsa, səfir Azər Xudiyev bir müddət əvvəl Ukrayna TV-lərindən birinə verdiyi müsahibədə çox ciddi xətalara yol vermişdi. Buna görə erməni və Ukrayna mətbuatı səfirimizi bir xeyli gülüş hədəfində saxladı. Üzücü mənzərə idi. Soyuqqanlı tərzdə müşahidə etmək mümkün deyildi... Gərək belə olmayaydı. Gərək səfirimiz müsahibəyə daha yaxşı hazırlaşaydı ki, puskuda dayanıb bizimkilərin xətaya yol verməsini gözləyən hiyləgər düşmən “raskrutka” üçün əsas tapmasın. Ümid edirik ki, A.Xudiyevi növbəti müsahibələrdə Azərbaycan diplomatiyasının yüksək səviyyəsinə ekvivalentlik təşkil edə biləcək fikir və arqumentlərlə silahlanmış görəcəyik.

Ümumiyyətlə, Azərbaycanın Ukraynadakı diplomatik missiyasının fəaliyyətində təkcə bir istiqamətli deyil, kardinal dəyişikliklər baş verməlidir. Əgər bu gün Ermənistanın Ukraynadakı səfiri Tiqran Seiranyan özünün Facebook səhifəsində heç nədən çəkinmədən Qarabağı Ermənistanın mirvarisi adlandırıb, ukraynalı turistləri həmin ərazilərə səfər etməyə dəvət edirsə və bütün bunlara görə Azərbaycanın Ukraynadakı səfirinin adekvat addımları müşahidə olunmursa, deməli, Kiyevdəki səfirliyimizi eninə-uzununa ağlamaqdan başqa çarəmiz qalmayıb...

Hə, Ermənistanın Ukraynadakı səfiri Qarabağa turist səfərləri təşkil etməyə çalışır. Özü də bunu separatizmdən əziyyət çəkən ölkədə edir - Hər hansı diskomfort hiss etmədən, qalmaqal yarana biləcəyindən ehtiyatlanmadan... Kifayət qədər açıq şəkildə yazır ki, Qarabağ ermənilərin dağlıq ərazisinin mirvarisidir... Üstəlik, Qarabağı “Artsax” kimi təqdim edir. Amma bu, Azərbaycan səfirliyinin, daha doğrusu səfirinin tükünü belə tərpətmir! Soruşuruq: A.Xudiyev hansı “böyük işlər”dən danışır?.. Səfir, “erməni diplomatları tərəfindən xarici ölkələrdə ölkəmizə qarşı yönəlmiş çirkin əməllər və mütəmadi olaraq yaradılan təxribatlar” deyərkən başqa nəyi nəzərdə tutur? A.Xudiyevi yerindən tərəpədəcək başqa hansı tür təxribatlar olmalıdır? Onun gözü qarşısında Qarabağı Ermənistana “birləşdirmək” cəhdi kifayət deyilmi ki, səfirliyimiz həyəcan siqnalı ilə ayağa qalxıb etiraz tədbirlərinə əl atsın?..

Diqqət edin, erməni səfirin separatçılığı təbliğ edən sözügedən təxribatçı paylaşımı sentyabr ayının sonuna təsadüf edir. İki aya yaxın vaxt keçib, bu xüsusda səfirimizin səsini eşidən olmayıb.

Amma müsahibəsində azərbaycanlı jurnalistlərə deyir ki, biz burada erməni təxribatlarına, erməni yalanlarına qarşı mübarizə aparırıq. Belə bir hal başqa bir ölkədə yaşansaydı, səfirliyimiz dərhal həmin ölkənin rəsmi dairələrinə, ölkə ictimaiyyətinə müraciət edər, baş vermiş təxribatdan dolayı zəruri cavab tədbirlərinə əl atılardı. A.Xudiyev isə buna ehtiyac görməyib. Bəlkə də heç xəbəri yoxdur ki, “qulağının dibində” ölkəmizə qarşı təxribata yol verilib. Yəni səfirliyimizin əməkdaşlarından da bir kimsə bu boyda təxribatı görməyib? Axı onların işi həm də düşmən ölkənin diplomatlarının sosial şəbəkələrdəki fəaliyyətinə nəzarət edib, ölkəmizə qarşı aparılan yalan kampaniyalarını ifşa etməkdən ibarət olmalıdır. Düşmən ölkənin səfiri Qarabağla bağlı müxtəlif çarxlar, statuslar paylaşır, təxribatçı davranışlarına dəstək qazanmağa çalışır, bizim səfirimizin isə bunun qarşılığında gərəkən addımlarını görmür, müşahidə etmirik. Budur “uğurlu fəaliyyət”? Dövlətin maraqlarının keşiyində belə dayanırlar? Bəlkə A.Xudiyev heç olmasa buna bir aydınlıq gətirib izahat verə ki, niyə erməni səfirin təxribatçı paylaşımlarını sükutla qarşılayır? Niyə hər hansı bir reaksiya vermir? Yeri gəlmişkən, bizim səfirin heç şəxsi Facebook hesabı da yoxdur...

Ermənistanın Ukraynadakı səfirinin Facebook səhifəsini nəzərdən keçirərkən başqa bir diqqətçəkən paylaşımına da rast gəldik. Deməli, səfir oktyabrın 21-də Ukrayna parlamentinin spikeri ilə görüşür və həmin görüşdə spikerdən xahiş edir ki, ukraynalı parlamentarilərlə erməni diaspor nümayəndələrinin görüşünü təşkil etsin. Cəmi iki gündən sonra – oktyabrın 23-də görüş baş tutur. Təsəvvür edirsiz? Cəmi iki günə... Xəbərləri oxuyuruq: “Kiyevdə ukraynalı deputatlarla Ukrayna erməniləri ittifaqının nümayəndələri arasında görüş keçirilib”. Görüşdə erməni diasporunun Ukraynanın siyasi dairələrilə əməkdaşlıq imkanları, iki ölkə arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin genişləndirilməsi və qeyd olunan sahələr üzrə birgə layihələrin işlənilməsi kimi məsələlər müzakirə olunub. Üstəlik o da razılaşıdırılıb ki, belə görüşlər davamlı şəkildə təşkil olunsun.

Baxın, düşmən ölkənin səfiri bir tərəfdən separatizmdən əziyyət çəkən ölkədə separatçılığı təbliğ edərək Azərbaycanın torpaqlarını ermənilərin ərazisi kimi təqdim edib, turistlərin diqqətini çəkməyə çalışır, bir tərəfdən də erməni diaspor nümayəndələrinin Ukraynanın ictimai-siyasi həyatına inteqrasiyasını təmin etmək istiqamətində iş aparır. Axı belə olmamalıydı! A.Xudiyev Ermənistan səfirinin təxribatçı paylaşımlarını, separatçılığı təbliğ edən statuslarını əsas götürərək onun Ukraynanın rəsmi şəxsləri ilə əlaqələrinə ciddi maneələr yarada bilərdi. Sadəcə bir məktub və ya açıq müraciətlə separatçılığı təbliğ edən şəxsin Ukrayna üçün də pis presidentlər yaratdığına diqqət yönəltmək imkanı var idi. Ümumiyyətlə, bacarıqlı diplomat qeyd olunan faktlardan istifadə edib Ermənistanın Ukraynadakı səfriliyində “daşı daş üstündə” qoymazdı. Amma olmadı, görmədik...


Biz heç onu da görmədik ki, A.Xudiyev bu müddət ərzində diaspor fəallarını bir yerə yığıb birgə fəaliyyət imkanlarını müzakirəyə çıxarsın. Onun təşəbbüsü ilə diaspor nümayəndlərimizin Ukraynanın rəsmi şəxsləri, deputatları ilə görüşlərinin təşkil olunduğunu da görmədik. Bizimkilərin səsi səfirimizin təqdimatı ilə Ukraynanın hüquq-mühafizə orqanlarından, miqrasiya idarələrindən gəldi. Kiminə cinayət işi açılıdı, kimini deportasiya etdilər, kimi də müxtəlif cinayət əməllərində, qətllərdə ittiham olundu... Baş qarışdı azərbaycanlıları cəzalandırmağa. Baş qarışanda da düşmən öz bildiyini edir.

Belə olmamalıydı!..

Missiya.Azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.