İcra başçı postu daha rahat vəzifə deyil - AÇIQLAMA

6-12-2019, 11:21           
İcra başçı postu daha rahat vəzifə deyil - AÇIQLAMA
Azərbaycan prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul və Vüqar Novruzovu Naftalanın icra başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən çox ciddi məqamlara toxunub və məmurlara xəbərdarlıq edib.

Ölkə başçısının dediklərində əsas diqqətçəkən fikirlər bunlar olub: “ Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz”.

İ.Əliyevin geniş nitqinin sonu da diqqətdən yayınmayıb: “Sizə göstərilən bu etimad doğrudan da sizin üçün böyük avansdır. Çünki indiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Əgər vətəndaşlar razı olsalar, - atalar sözü var, ”Xalqın gözü tərəzidir", - mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Yox əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhərinin, Hacıqabul rayonunun inkişafına öz töhfənizi verəcəksiniz". Qeyd edək ki, bundan əvvəl də prezident yeni təyin edilən icra başçılarına bu cür xəbərdarlıqlar edib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı: “Sənab prezidentin bu fikirləri yeni təyinat alanların, ölkə başçısının etimadı ilə bu və ya digər vəzifəyə təyin olunanların hamısına ünvanlanıb. Onlara bir daha xatırladılır. Bunun vasitəsilə bütövlükdə bu gün hakimiyyətdə olan, müxtəlif pillələrdə vəzifələrini yerinə yetirən məmurlara xatırlatma edilir. Onların diqqətini bir daha neqativ hallardan uzaq olmağa, xalqa xidmət etməyə çağırışdır. Sonda da heç şübhəsiz ki, bu çağırışlara, tələblərə, yanaşmaya tabe olmayan, xalqa xidmət etmək deyil, özünün varlanmasına xidmət edənlərin ciddi cəza alacağını önə çəkməklə aparmış olduğu islahatların xalqın milli maraqlarına, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini xüsusi olaraq qırmızı xətlə ifadə edir. Bu heç şübhəsiz ki, ölkə prezidentinin 2018-ci ildən başlamış olan dərin xarakterli islahatların tərkib hissəsidir. Bu islahatların yüksək səviyyədə getməsinə, onun reallaşmasına xidmət edən iradəsinin ifadəsidir. Məncə, artıq icra strukturlarının hamısı yeni yanaşmanın, Azərbaycan dövlətçiliyinin yeni mərhələyə fərqindədir. Həqiqətən ölkə rəhbərinin etimadını doğrultmayan, onun xəbərdarlığına əhəmiyyət verməyib, yenə də özünün şəxsi maraqlarını önə çəkərək, varlanmağa, rüşvətxorluğa, korrupsiyaya yol verərləri ciddi cəzalar gözləyəcək. Diqqət yetirin, ölkə prezidentinin uzun illərdən bəri etdiyi çıxışların mətnlərinə fikir verəndə görəcəksiniz ki, son illərdə bu xəbərdarlığa daim fikir verir. Bütün yeni icra başçılarını qəbul edib, onlara tapşırıqlar verərkən bunu xüsusi olaraq vurğulayır, bu yanaşmanı xüsusilə önə çəkir. Ona görə də prezidentimiz bir neçə müddət öncə söylədi ki, korrupsiya və rüşvətxorluğa qarşı müharibə elan olunub. O, bu gün sözünün arxasındadır. Onun bu sözləri hər bir məmur üçün ciddi şəkildə nəzərə alınmalıdır. Bunun başqa alternativi yoxdur. Artıq göründüyü kimi, kadr islahatları bütün istiqamətlərdə getməkdədir. Bu islahatlar ölkə prezidentinin həyata keçirməkdə olduğu sistemli islahatların ciddi elementlərindən biridir. Biz bundan sonra da Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaracaq addımların şahidi olacağıq. Azərbaycan doğrudan da 2020-ci ildə öz inkişafının elə bir mərhələsinə qədəm qoyacaq ki, bu inkişaf mərhələsi ölkəmizin qısa zaman kəsiyində inkişaf etmiş ölkələr səviyyəsinə çıxmasında mühüm bir mərhələ olacaqdır”.
’’“Yeni Müsavat”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.