"Partiyamızın qələbəsini şərtləndirən həlledici amil məhz lider amilidir" - deputat

12-12-2019, 08:46           
"Partiyamızın qələbəsini şərtləndirən həlledici amil məhz lider amilidir" - deputat
“Hakimiyyət, Yeni Azərbaycan Partiyası ölkədə parlament seçkiləri kampaniyasında siyasi fəallığın yüksək olmasında maraqlıdır”.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının komissiya sədri, deputat Elman Nəsirov bildirib. O qeyd etdi ki, həmişə olduğu kimi seçkilər şəffaf, demokratik şəkildə keçiriləcək. Buna heç kimin şübhəsi olmasın. Bərabər seçki mühiti yaradılacaq. Yeni Azərbaycan Partiyası çox istəyir ki, seçkiyə bütün siyasi partiyalar qatılsın, müxtəlif siyasi palitranı, qütbləri təmsil eləyən qüvvələr qatılsın: “Biz müxalifət partiyalarının seçkidə iştirakında maraqlıyıq. Həm də bu bir sınaqdır ki, hər kəs öz gücünü ortaya qoysun. Müxalifətin radikal kəsimi hər zaman özünün böyük sosial bazasından danışır, özlərini çox böyük qüvvə, qəhrəman kimi aparırlar, özünün böyük tərəfdarlar ordusunun olduğunu iddia edir. Amma unutmaq lazım deyil ki, seçkilər virtual aləmdə getmir, seçki real həyatda baş verir. Azərbaycan hakimiyyəti, o cümlədən Yeni Azərbaycan Partiyası çox maraqlıdır ki, virtual aləmdə özünün çox böyük sosial bazasının olduğundan bəhs eləyən müxalif dairələr seçkiyə qatılıb əsl güclərinin nədən ibarət olduğunu ortaya qoysunlar. Məlum olsun ki, əslində xalq kimə etimad göstərir, kimi dəstəkləyir. Bu baxımdan bu iddialı qüvvələrə seçkilər unikal şans verir. Ancaq müxalifətin radikal kəsimi çox yaxşı dərk edir ki, seçkilərdə seçicilərin onlara etimad göstərməyəcəyi bəllidir. Belə olan vəziyyətdə məğlubiyyətin acısını yaşamamaq üçün onlar seçkiləri boykot taktikasını seçiblər. Bunu da müxtəlif cür bəhanələrlə əsaslandırmaq istəyirlər. Əgər onların doğrudan da sosial bazası olsaydı, mütləq seçkilərə qatılardılar”.

E.Nəsirov vurğuladı ki, kiçik bir kəsim seçkini boykot edirsə, bu, heç də seçkini müxalifətin boykot etməsi demək deyil: “Konstruktiv müxalifət partiyalar seçkilərdə iştirak qərarlarını verməkdədirlər. 9 fevral seçkiləri həm də onu göstərəcək ki, Azərbaycanın siyasi həyatında kimlərin hansı mövqeyi var, xalq kimin arxasındadır, hansı qüvvəni dəstəkləyir. Biz tam əminik ki, bu seçkilərdə xalqımız növbəti dəfə məhz Yeni Azərbaycan Partiyasına səs verəcək. Bu partiyanın rəhbəri ölkə prezidenti İlham Əliyevin nüfuzu bizdə bu əminliyi yaradır. İlham Əliyevin apardığı islahatlar kursu xalq tərəfindən çox böyük dəstək qazanır. Partiyamızın qələbəsini şərtləndirən həlledici amil məhz lider amilidir və ümumxalq partiyası olması amilidir. Ona görə də biz tam əminliklə deyirik ki, növbəti seçkilərdə də xalqın böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasına səs verəcək. Buna qətiyyən şübhəmiz yoxdur.

Belə görünür ki, seçkilərə yalnız AXCP-Milli Şura qatılmayacaq. Mən müxalifətin radikal kəsimi deyərkən məhz onları nəzərdə tuturam. Radikal kəsim faktiki olaraq azlıqda qalıb. Müxalifətin böyük kəsimi isə seçkilərdə iştirak edir. Radikal kəsim hər dəfə seçkiləri boykot edir. Belə baxanda onları da başa düşmək mümkündür. Onlar axı özlərinin xalq arasında çox böyük dəstəyə malik olduqlarını iddia edirlər. Seçkilərdə hər şeyin bəlli olacağını isə bilirlər. Bəlli olacaq ki, nə AXCP-nin, nə Milli Şuradakı insanların xalq arasında nüfuzu yoxdur. Boykot taktikasını seçən radikal kəsim əsl reallığın nədən ibarət olduğunun ortaya çıxmasını istəmirlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.