Milli Məclis seçkilərində MİLYARDER İZİ... - Gizli namizədlərlə seçkilərə qatılacaqlar...

12-12-2019, 13:12           
Milli Məclis seçkilərində MİLYARDER İZİ... - Gizli namizədlərlə seçkilərə qatılacaqlar...
Ötən gün əslən azərbaycanlı rusiyalı milyarder, keçmiş senator Fərhad Əhmədov Azərbaycanda siyasi sistemin necə qurulması, seçkilərin hansı şəkildə keçirilməsi, habelə Aazərbaycan hakimiyyəti və müxalifəti üçün “yol xəritəsi” kimi təqdim olunan fikirlərini açıqlayıb. Azərbaycanlı milyarderin bu açıqlaması istər siyasi dairələrdə, istərsə də cəmiyyətdə birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bəzi müşahidəçilər, Fərhad Əhmədovun indiki məqamda siyasi meydana giriş etməsi və “yol xəritəsi” tipində fikirlərini açıqlaması Rusiyanın tapşırığı, habelə yaxın gələcəkdə, ölkəmizdə Rusiyanın maraqlarını müdafiə edəcək siyasi partiyanın meydana çıxacağı kimi qiymətləndirirlər. Hətta bir qədər irəli gedib, Əhmədovun yaxın gələcək üçün siyasi arenaya qədəm qoyacağını iddia edənlər də var.

Bildirək ki, hər hansı tərəfə çevirilsə belə Fərhad Əhmədovun son açıqlaması və təkliflə çıxış etməsi Rusiya ilə bağlanılır. Ona görə ki, sözügedən milyarder Rusiyada yaşayır, biznesinin əsas hissəsi bu ölkədədir. Lakin burada unudulan bir neçə vacib məqam var ki, onlarla bağlı yazıda geniş təhlillər aparmağa çalışacağıq.

İlk olaraq vurğulayaq ki, Fərhad Əhmədovla hazırkı hakimiyyət arasında münasibətlər nə pis olub, nə də çox yaxşı hesab oluna bilər. Belə ki, bir xeyli əvvəl Göyçay rayonunda zavod inşa etmək, habelə bir çox kəndlərin yollarını asfaltlaşdırmaq üçün cəhd edən milyarder ciddi bürokratik əngəllərlə qarşılaşmışdı. Bununla bağlı, hətta yerli mətbuatda şikayətini də dilə gətirmişdi.

İkincisi, hələ xeyli əvvəllərdən belə xəbərlər yayılırdı ki, Fərhad Əhmədov Azərbaycanda siyasi arenaya daxil olmaq istəyir. Üstəlik, onu hakimiyyətə iddialı adamlar sırasında görənlər də az deyildi. Ancaq bütün bunlara rəğmən, Əhmədovun hər hansı təşəbbüsü və ya cəhdi qeydə alınmayıb. Sonuncu açıqlama isə indiyə qədər deyilənlərin əbəs olmamasını göstərməyə başlayıb.

Məsələ ilə bağlı daxil olan məlumatlar isə daha maraqlıdır. Həmin məlumatlardan belə anlaşılır ki, Azərbaycanda siyasi arenaya daxil olmaq istəyən təkcə, Fərhad Əhmədov deyil. Həmçinin onunla birlikdə bu prosesə qoşulmaq fikrində olan başqa milyarderlər də var. Belə ki, uzun müddətdir Əhmədovla dost olan və bir neçə ortaq layihələr həyata keçirən tanınmış iş adamı Mübariz Mənsimov da bu prosesin içindədir. İddia edilir ki, hələ xeyli əvvəldən sözügedən milyarderlər arasında bununla bağlı anlaşma əldə olunub. Elə Mənsimovun son dönəmlər Azərbaycanda publikaya hesablanmış addım və açıqlamalarının da bununla bağlı olduğunu deyənlər də az deyil.

Bəzi məlumatlara görə, Fərhad Əhmədov və Mübariz Mənsimovla bilikdə, daha bir milyonçu da siyasi proseslərdə onlarla birlikdə hərəkət etməyi qərarlaşıdırb. Daxil olan bilgilərdə vurğulanır ki, həmin şəxs bu yaxınlarda Rusiyada yaşayan Azərbaycan Diasporunun rəhbəri “Frenk Elkaponi” kimi tanınan Füzuli Məmmədovdur. Məlumata görə, onun diasporun başına keçməsinə elə sözügedən milyarderlər dəstək veriblər. Lakin bu yaxınlarda Bakının müdaxiləsi ilə Füzuli Məmmədovun bir sıra mövqeləri sıradan çıxarılıb. Bunun nədən qaynaqlandığı hələlik məlum deyil. Mümkündür ki, rəsmi Bakı yeni diaspor rəhbərinin hansı oyunun içində olduğundan xəbər tutub. Əhmədov və Mənsimova gücü çatmadığından, onların siyasət və təbliğatda “qara işləri”ni görən adamını çökdürməyə çalışıblar.

Maraqlı məqamlardan biri də odur ki, jurnalist Fuad Abbasov da bu işin içində görünür. Məlumatlara görə, bir müddət əvvəl Rusiyadan deportasiya olunan və hazırda Bakıda mənzillənmiş Abbasova hakimiyyət dairələri heç də isti münasibət sərgiləmədilər. Halbuki onun deportasiya olunmasında Rusiyadakı erməni diasporunun canfəşanlıq etdiyi dəfələrlə yazılmışdı. Amma buna rəğmən, Bakıda onun üçün jurnalist kimi fəaliyyət göstərməsinə heç bir şərait yaradılmadı.

Dolaşan məlumatlardan belə başa düşmək mümkündür ki, Fuad Abbasov Əhmədov-Mənsimov-Məmmədov üçlüyünün təbliğat işlərini həyata keçirməyə məsul şəxs olaraq seçilib. İddia edilir ki, onun Rusiyadan deportasiya edilməsi hər nə qədər müəmmalı olsa da, tezliklə bu şəxsi Türkiyədə telekanal rəhbəri kimi görmək mümkün olacaq. Nəzərə alaq ki, Abbasov Türkiyə vətəndaşıdır və onun orada belə fəaliyyətlə məşğul olması qeyri-qanuni sayılmayacaq. Üstəlik, Əhmədovla Mənsimovun maliyyə dəstəyini almaqla TV qurması da imkansız hesab olunmur.

Gedişat belə deməyə əsas verir ki, yaxın günlərdə Azərbaycanda yeni siyasi prosesin başlanmasına şahidlik edəcəyik. Fərhad Əhmədov və Mübariz Mənsimovun başladacağı bu oyunun konkret olaraq Rusiya və ya digər bir ölkəyə bağlı olmasını isə indidən demək xeyli çətindir. Mümkündür ki, yeni siyasi prosesdə dəstəkçi kimi Qərb görünəcək. Hətta Rusiyanın da bu işlərin içində olduğu nəzərə çarpacaq. Lakin bunun hansının gerçək, hansının yanlış olduğunu zaman göstərəcək. Yəni, Fərhad Əhmədovun Rusiyada yaşaması, Mübariz Mənsimovun Rusiya ilə müttəfiq olan və ortaq hərəkət edən Türkiyədə qərarlaşması, bunun heç də Rusiyanın planı olmasını deməyə əsas vermir. Mümkündür ki, Qərbin siyasi dairələrində də bu prosesə maraq göstərənlər var.

Belə izah edək. Rusiya hal hazırda Azərbaycan hakimiyyətindən özünə heç bir təhlükə gözləmir. Əksinə, münasibətlər ən yüksək səviyyəyə gəlib çatıb. Hətta rəsmi Bakı Moskvanı özünün əsas dostu və strateji müttəfiqi hesab edir. Bununla bağlı, dəfələrlə bəyanatlar da səsləndirib. Qərblə münasibətlər isə faktiki olaraq yaxşı deyil və sahmana salınası xeyli sayda işlər var.

Belə olan təqdirdə, Azərbaycanda hakimiyyəti dəyişmək və yenisi ilə əvəzləmək Rusiya üçün maraqlı deyil. Bunu daha çox Qərb istəyə bilər ki, onun üçün də siyasi arenaya həm imkanlı, həm də nüfuzlu fiqurların daxil olması lazımdır. İndiki məqamda Mübariz Mənsimov və Fərhad Əhmədovun meydana daxil olması ən optimal variantlardan biridir. Mənsimovun cəmiyyətdə nüfuzu xeyli yüksəkdir. Əhmədov isə hələlik bu sahədə elə də böyük məsafə qət edə bilməyib.

Beləliklə, Qərb və ya Rusiya (bu hələlik müəmmalıdır) Azərbaycan üçün yeni “Milyarderlər İttifaqı” yaratmağa hazırlaşır. Əvvəlki illərdən fərqli olaraq, bu dəfəki ittifaq Bakı iqtidarı ilə münasibətləri heç də yaxşı hesab olunmayan şəxslərdən təşkil olunur. Mübariz Mənsimovun uzun müddətdir başlatdığı “anti-korrupsiya, məmur özbaşınalığı” təbliğatı isə öz yerini Fərhad Əhmədovun “siyasi yol xərtitə”sinə verir.
JAMAZ.İNFO

Dia.az xatrladır ki, bir neçə gün əvvəl Azərbaycana qarşı səfərbər olunmuş kimi görünən xaricdə yaşayan milyarderlərin qarşıdan gələn parlament seçkilərində iştirak edəcəklərini də vurğulamışdıq. Qeyd olunurdu ki, Fərhad Əhmədov, Mübariz Mənsimov və Füzuli Məmmədov birbaşa olmasa da, dolayı yollarla parlament seçkilərinə qatılacaqlar.

İndi isə aydın olur ki, hər üç adı çəkilənə yaxın şəxslər namizədliklərini irəli sürmə barədə təlimat alıblar. Bu isə o deməkdir ki, qarşıdan gələn 9 Fevral seçkiləri yetərincə marazlı olacaq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.