İqtidar siyasi partiyaları bir araya niyə toplayır? – Deputat detalları açıqladı

9-07-2020, 16:50           
İqtidar siyasi partiyaları bir araya niyə toplayır? – Deputat detalları açıqladı
İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya rəsmiləri ilə parlament sədri və Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Konfransda bildirilib ki, VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirilib, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilib, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq edir.

Bundan başqa qeyd olunub ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Həmçinin qeyd olunub ki, bu günə qədər bir neçə dəfə PA şöbə müdirinin iştirakı ilə siyasi partiyalarla görüş və danışıqlar aparılıb.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, bu görüş dövlətin siyasi partiyalara verdiyi önəmin bir daha təsdiqi sayıla bilər. “Burada iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və 9 partiya təmsilçisi, ölkə prezidentinin təmsilçisi ilə birlikdə kifayət qədər geniş və fərqli mövzular üzərindən maraqlı müzakirə apardılar. Qeyd edək ki, bu, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla ikinci geniş formatda görüş idi. Hələ mart ayında Milli Məclis yenidən formalaşanda Ədalət Vəliyevin təşəbbüsü ilə belə bir görüş keçirilmişdi və orada siyasi partiyaların parlamentdə fəaliyyətinin daha da genişlənməsi və aktivləşməsi məsələləri müzakirə olunmuşdu”, - deyə deputat qeyd edib.

Fazil Mustafanın fikrincə, bu görüşə qədərki mühit artıq müzakirələrin formatının səmərəli olacağını ehtiva edirdi: “Çünki Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev demək olaraq ki, dialoq çağırışına cavab verən bütün partiya rəhbərləri və ya təmsilçiləri ilə ayrı ayrılıqda görüşərək həm onların problemləri, həm də ölkənin aktual məsələlərinə münasibətləri barədə müzakirə aparmışdı. Maraqlıdır ki, dünənki videokonfransda Ədalət Vəliyev bir maraqlı məqama diqqət çəkdi ki, sonuncu siyasi partiya Azərbaycanda 2011-ci ildə qeydə alınmışdır. Lakin bu ilin son üç ayında 7 partiyanın qeydə alınması özlüyündə dialoqun konkret nəticələrindən sayıla bilər.

Digər tərəfdən ötən müddətdə Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin Milli Məclis rəhbərliyində, komitə sədri və komitə sədrinin müavini vəzifələrində təmsil olunması da məhz bu dialoq prosesinin nəticəsində mümkün olmuşdur. Pandemiyanın yaratdığı obyektiv çətinliklər bu istiqamətdə çalışmaların tempini müəyyən dərəcədə azaltmış olsa da, proses davamlı xarakter daşıyır, vaxtaşırı həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiyalarla hakimiyyət təmsilçiləri arasında konstruktiv müzakirələr davam etməkdədir”.

BQP sədri əlavə edib ki, videokonfransda Milli Məclisin sədri xanım Sahibə Qafarova və Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev tərəfindən gerçəkləşdirilən giriş çıxışının ardından bütün siyasi partiya rəhbərləri pandemiya dövründə yaranan problemlərə, iqtidar-müxalifət münasibətlərinin indiki vəziyyətinə, görüşlərin gələcək formatına öz münasibətlərini ortaya qoyublar. “Təklif olundu ki, görüşün yekunu olaraq siyasi partiyalar tərəfindən birgə bəyanat qəbul edilsin və bu təşəbbüs hamı tərəfindən bəyənildi.

Müzakirə zamanı Böyük Quruluş partiyasının başqanı olaraq daha çox pandemiya dövründə siyasi partiyaların fəaliyyəti üzərində dayandım. Bütün siyasi partiyaların bu ağır günlərdə öz təşəbbüs və təklifləri ilə vətəndaşların sağlamlığının qorunması, hökumətin gördüyü tədbirlərin dəstəklənməsi, prosesin qanunvericilik bazasının çevik tənzimlənməsi istiqamətində çalışmalarının qaneedici olduğunu bildirdim. Milli Məclisdə müzakirə mühitinin demokratikləşməsinin siyasi partiyaların fəaliyyətində də bir canlanma yaratdığını vurğuladım.

Bu kimi müsbət məqamlarla yanaşı neqativ təzahürlərə də diqqət yetirdim. Bu ilk növbədə partiyaların bir siyasi orqanizm kimi proseslərdə aktiv rol ala bilməməsi, daha çox onların rəhbərlərinin fərdi fəaliyyətinin qabarıq olması ilə bağlı idi. Parlamentdə “Siyasi müxalifət haqqında” Qanunun qəbul olunmamasının da partiyaların inkişafına mənfi təsir göstərdiyini vurğuladım. Qanunvericiliyin tələblərinə görə daha çox “Parlament azlığı” ifadəsi populyardır. Bu isə siyasi baxımdan natamamlıq yaradır. Çünki burada mandat qazanmış 8 partiyadan bir neçəsi iqtidaryönlü olduğunu bəyan etmiş, haradasa 4 partiya müxalifət partiyası olduğunu bildirmişdir. Belə bir durumda iki siyasi terminin gündəmə gətirilməsi siyasi müxalifətin çərçivəsinin müəyyənləşdirilməsi baxımından önəmlidir: Parlament müxalifəti və parlamentdənkənar müxalifət. Bu müdəalar qanunvericilikdə öz əksini tapmalıdır və siyasi partiyaların fəaliyyəti də bu çərçivə qanunu ilə tənzimlənməlidir.

Digər tərəfdən siyasi partiyaların sosial şəbəklərdə rolunun xeyli əhəmiyyətsiz olduğu, buradakı qaragüruhçu zehniyyətə qarşı nə hakim partiyanın, nə də digər siyasi partiyaların təsir gücünün ortaya qoyulmaması faktına da diqqət yönəltdim. Dialoqdan kənarda qalmanı düşünən siyasi qüvvələrin davranışlarının da ilk öncə onların üzlərinə mənfi imic gətirəcəyini vurğulayaraq, bu çətin günlərdə dövlətə qarşı barışmazlıq sindromunun davam etməsinin zərərli nəticələrini göstərməyə çalışdım. Bu formatda görüşlərin davam etməsinin, ölkə həyatının aktual mövzularının siyasi partiyalarla birgə platformada müzakirəsinin faydalı olacağını diqqətə çatdırdım.

Çıxışımın ana tezisi bundan ibarət idi ki, ölkədə siyasi münasibətlərin mədəni səviyyəsinin yüksəlməsi partiya demokratiyasının inkişafından çox asılıdır”.

Deputat sonda qeyd edib ki, ümumilikdə bu kimi görüş və müzakirələrin ölkə prezidenti tərəfindən dəstəklənməsi və orada səslənən təkliflərin xeyli hissəsinin qəbul edilərək real qərarlarda öz əksini tapması çox yaxşı haldır. “Bu ölkədə siyasi münasibətlərin keyfiyyətinə öz təsirini hökmən göstərəcək”, - deyə o vurğulayıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.