BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... - Bu, Azərbaycan bankları üçün niyə vacibdir?

11-07-2020, 16:29           
BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI...
BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI...
Məlum devalvasiyalardan sonra onsuz da çətin duruma düşən banklarımız üçün koronavirus pandemiyası növbəti çətin sınağa çevrildi. Bütün dünyanı bürüyən iqtisadi böhranın ən çox vurduğu sahələrdən birinin də məhz bank sektoru olduğu isə heç kimə sirr deyil.

Məlum məsələdir ki, sahibkarların istifadə etdiyi maliyyə mənbələri arasında banklar xüsusi yerə sahibdir. Banklar müxtəlif mənbələrdən cəlb etdiyi, həmçinin öz kapitalı hesabına formalaşdırılan vəsaitlər hesabına sahibkarların kredit tələbatını ödəməyə çalışır. Kreditləşmə bank xidmətlərinin əsas hissəsi olaraq qalır və ildən-ilə maliyyə xidmətlərindən istifadənin genişlənməsi prosesi davam edir.

Məlumdur ki, banklar 3 növ kredit təşkilatından (qeyri-bank kredit təşkilatı və kredit ittifaqları ilə birgə) biridir. Amma Azərbaycanda kredit təşkilatları arasında maliyyələşdirmənin əsas təminatçısı məhz banklardır.

Azərbaycanda banklar bazar iqtisadiyyatı şəraitində yaşayan bütün ölkələrdə olduğu kimi maliyyə vasitəçiliyi funksiyasını yerinə yetirir.

Buna görə də bank sisteminin strukturlaşması, bank xidmət məntələrinin sayının artması, genişlənməsi önəmli məsələlərdəndir. Digər tərəfdən banklar öz aktivlərini və kapitalını artırmalıdır ki, iqtisadiyyatın, sahibkarların kreditlərə olan tələbatını tam qarşılaya bilsin.

Lakin son müşahidələr göstərir ki, hazırda Azərbaycan banklarının kapital mənbəyi tapmaqdan, kapitalını artırmaqdan, daxildən və xaricdən vəsait cəlb etməkdən daha çox kredit paylamaq problemi var. Belə ki, kredit götürənlərin sayı kəskin azalıb. Təklif olunan kreditlər üçünsə banklar müvafiq sığorta tələb edirlər ki, bu da əsas etibarilə sahibkarlarla banklar arasında münasibətlərin əsas elementlərindən birinə çevrilib. Bu, Azərbaycanda yerli biznesə dəstək tədbirləri arasında nəyə görə bank kreditlərinin həcminin bir hissəsinin sığortalanmasının olduğunu da izah edir. Ona görə də kreditlərin sığortalanmasının istər bank, istərsə də sahibkar üçün böyük önəm daşıdığı şəksizdir.

Ümumiyyətlə,kredit sığortası ilə bağlı zəmanət razılaşması sığorta təminatının qüvvədə olduğu müddət ərzində borcalanın baş vermiş bədbəxt hadisə nəticəsində ölümü səbəbindən, yaxud həmin müddətdə borcalanın əmək qabiliyyətinin qismən və ya tam itirməsi səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi və s. hadisələri nəzərdə tutur ki, bu zaman risklər sığorta təşkilatının üzərinə düşmüş olur. Qeyd edək ki, bu təcrübə çoxdan mövcuddur və dünya ölkələrində uğurla tətbiq olunur.

Bununla bağlı bir sıra MDB ölkələrindədə tətbiq olunan nümunələr var və onları uğurlu saymaq olar. Belə ki, bəzi banklar dünyanın aparıcı investisiya strukturları ilə verdikləri kreditlərin sığortalanmasına dair müvafiq zəmanət müqavilələri imzalayıblar. Bununla bağlı Avropa İnvestisiya Bankı qrupu ilə (“Finance for Innovative Small and Medium-Sized Enterprises” fondunun dəstəyi ilə) kiçik və orta sahibkarlığa dəstək üçün 60 milyon avro məbləğində kreditin sığortası üçün zəmanət müqaviləsi imzalayan Gürcüstan Bankını göstərmək olar.

Əslində, bu cür sazişlərin Azərbaycan bankları və iqtisadiyyatın real sektoru üçün də əhəmiyyəti olduqca böyükdür. Çünki bu, bir tərəfdən bank sektorumuzun beynəlxalq institutlar tərəfindən tanınması və ciddi qəbul olunması, digər tərəfdən isə həm bank, həm də biznes sahələrimizin müasir dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi deməkdir.

Ümumiyyətlə, xarici banklar və maliyyə qurumları ilə Azərbaycan banklarının uğurlu əməkdaşlığına dair nümunə az deyil.

Məsələn, Avropa İnvestisiya Bankının Azərbaycanda kredit portfeli 96 milyon avro təşkil edir. Bank əsasən kiçik və orta sahibkarlığa maliyyə dəstəyi göstərir. Maliyyələşdirmə özəl sektorun inkişafı, yeni iş yerlərinin açılması və ölkə vətəndaşlarının həyat səviyyəsinin artırılması üçün AİB-ın Azərbaycanda əsas tərəfdaşı, həmçinin kiçik və orta biznesə xidmət göstərən “AccessBank” vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Avropa İnvestisiya Bankı (AİB) “AccessBank”ın əsas səhmdarlarından biridir. Bank, Avropa Birliyinin uzunmüddətli kredit təşkilatıdır və AB üzv dövlətlərinə məxsusdur. AİB həm Avropada, həm də onun hüdudlarından kənarda Avropa İttifaqının siyasətinə dair məqsədlərə töhfə vermək məqsədi ilə sabit investisiya yatırımlarına uzunmüddətli maliyyə vəsaitləri təqdim edir.“AccessBank” isə Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır.

Həmçinin, ötən ayın sonlarında Macarıstanın "Eximbank"ı Azərbaycanın "PAŞA Bank" ASC-yə 5 mln. avro həcmində kredit ayırmağa hazır olduğunu bəyan edib. Bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasında çıxışı zamanı deyib.

Daha bir nümunə kimi ötən il Bank Respublika ilə Hollandiya İnkişaf Bankı (FMO) arasında 8 milyon ABŞ dolları məbləğində kredit müqaviləsinin imzalanmasını göstərmək olar. 3 il müddətinə ayrılan bu vəsait kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq (KOS), həmçinin gənc sahibkarlar və qadın sahibkarların fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək.Bu razılaşma beynəlxalq investorların son illərdə Azərbaycanın bank sektorunda bağladığı ən böyük kredit sazişlərindən biri sayılır.

Təbii ki, nümunələr çoxdur və Azərbaycanın iqtisadi potensialı xarici maliyyə institutlarının ölkəmizin bank sektoru ilə əməkdaşlığına zəmin yaradır. Lakin bank sektorumuzda hələ də mövcud olan qüsurlar, xüsusilə əmanətlərin sığortalanmasındakı boşluqlar, bankların lisenziyasının ləğvi prosesindəki çatışmazlıqlar bu sahə üçün neqativ yükə çevrilir.

Buna baxmayaraq, bank sektorumuzun beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı üçün ciddi bünövrə mövcuddur. Qalır bu potensialdan düzgün istifadə etmək və xarici maliyyə qurumlarını təkcə kreditlərin ayrılması deyil, kredit sığortası ilə bağlı zəmanət razılaşmalarının əldə olunması prosesinə də cəlb etmək.
“AzPolitika.info”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.