"Bilmirsiniz ki, belə boşluğun yerini şaiyələr dolduracaq?" - Səxavət Məmməd

3-08-2020, 22:17           
"Bilmirsiniz ki, belə boşluğun yerini şaiyələr dolduracaq?" - Səxavət Məmməd
Bir çoxlarından fərqli olaraq həmişə demişəm ki, informasiya müharibəsində uduzmağımızın, şaiyələrin və yalanların ortaya çıxmasının səbəbi düzgün, vaxtında verilməyən məlumatlardır. "Düşmən görür", "düşmən izləyir" kimi fikirlər boş, mənasız və qorxaqların arxasında gizlənə biləcəyi bir şeydir.

Son Tovuz döyüşləri ilə bağlı da şaiyələrin yayılmasının əsas səbəbi yenə informasiyaların vaxtında və düzgün verilməməsidir.

Gəlin lap başdan başlayaq.

UAZ-ın vurulması məsələsinə də Müdafiə nazirliyi aydınlıq gətirmədi. General Polad Həşimovun şəhid olması əslində bu məsələni də arxa plana atdı. Yoxsa indi ən çox müzakirə ediləcək məsələ olardı. UAZ hansı şəraitdə vurulmuşdu? Buna ciddi və dəqiq cavab yerinə, lağ-lağı ilə, qarşı tərəfi aşağılamaqla cavab verildi. Əslində UAZ-ın hansı şəraitdə vurulmasını bir çoxlarımız bilirik. Həm deyirlər ki, bildiklərinizi yazmayın, həm də özləri cəmiyyətə düzgün informasiya vermir, sonra da şaiyələrə inanmayın deyə hay-haray salırlar. Xəstəsiniz? Bilmirsiniz ki, belə boşluğun yerini şaiyələr dolduracaq?

İkinci məsələ General Polad Həşimovun şəhid olması məsələsidir. Polad Həşimov şəhid olub. Harda, necə, hansı şəraitdə? Bu sualların cavabı verilməyən informasiya boş, mənasız və şaiyələrin yayılmasına rəvac verəcək cinsdəndir. Biri çıxıb deyir ki, General 31 km arxada vurulub. Yaxşı, əvvəl informasiya verməmişdiniz, bundan gözəl şans? Çıxın detalları ilə açıqlayın ki, hadisə bu şəraitdə baş verib. "Üzürü ayıbından da betər" deyimi var. İndi MN-nin "31 km arxada vurulub" iddiasına cavabı ayıbdan da betər oldu. Cavaba baxın "tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub". Əslində Polad Həşimovun şəhid olması ilə bağlı bildiklərimi, araşdırdıqlarımı bir müddət sonra yazacam. Ancaq MN-nin rəsmi açıqlamasındakı bu fikir adamı rəsmən dəli edir. 31 km iddiasına cavab verməmək də olardı, ancaq belə cavab əslində daha çox suallar ortaya atır və şaiyələrə səbəb olacaq. Polad Həşimov hansı səngərdə şəhid olub? Səngərə niyə getmişdi? Tağım komandirləri, bölük komandiri, tabor komandiri, hərbi hissə komandiri harda idi? Korpusun qərargah rəisi döyüşü idarə edən şəxsdir. Bəli, müxtəlif səbəblərdən korpusun qərargah rəisi səngərə gedə bilərdi. Ancaq buna səbəb nə olub? Yoxlama üçünmü? Yoxlamanı həyata keçirəcək o qədər rəislər var ki... Bütün bunları qoyaq bir kənara. Polad Həşimov səngərdə nə ilə vurulub? Deyəcəklər ki, səngə geniş anlamdır, döyüş bölgəsində hər yer səngərdir. Onda dəqiq açıqlama verilməlidir.

Piyada döyüşü aparılmadığı bir məqamda "döyüşdüyü" sözü də çox geniş mənalıdır. Məncə daha çox absurtdur!

Hələ də Qaraqaya və rus blogger deyənləri görürəm. A kişilər, siz o əraziyə özünüz icazə almadan gedə bilrsiniz? Yox! Demək ki, qarşı tərəfdən də bizim mövqelərimizi görən yerə icazəsiz getmək mümkün deyil. O rus blogger özbaşına keçmişdi ora? Yekə adamlarısınız, məntiqiniz olsun da. Erməni tərəfi döyüşlərin baş veridiyi ərazidə Media Mərkəzi qurmuşdu. Orda təkcə informasiyalar yayılmırdı, həm də dezinformasiyalar hazırlanırdı. Bizimkilər nə etdi? Hadisənin baş veridiyi ərazidən çıxdılar birbaşa yayıma. Birbaşa yayım nə ilə ötürülürdü? GSM sistemlə. Bu dəlilikdir! O yayımı izləyib, cəmi bir mərmi ilə ölkəni biabır günüə qoyardılar. Cəmiyyətə məlumat verin dedikdə, hər halda bunu deyəcək qədər axmaq deyilik də.

Sizdən istənilən çox bir şey deyil. Vaxtında, dəqiq, suallara yer qoyulmayan informasiya verin. Siz bunu etmədikcə, şaiyələr yayılacaq, yayılmaqda davam edəcək. Günahı sosial şəbəkə istifadəçilərində, hansısa saytlarda görməyin. Öncə özünüzdən başlayın.
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.