"Özəl çimərliklərin sahiblərini girişləri pulsuz etməyə səsləyirəm"

6-08-2020, 00:03           
"Özəl çimərliklərin sahiblərini girişləri pulsuz etməyə səsləyirəm"
QHT sədri çimərliklərlə bağlı çağırış edib



"Bu altı ayda dövlətimiz nə qədər zərər gördü, hər birimiz anlayırıq. Yaxşı olar, özəl çimərlik sahibləri də dövlətimizə dəstək olaraq, qapılarını vətəndaşlarımızın üzünə təmənnasız açsınlar". AYNA xəbər ki, bu sözləri SİA-ya açıqlamasında "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.



O qeyd edib ki, karantin rejiminin yumşaldılması çox sevindiricidir və xəstələnmələrin azalması insanlarda psixoloji gərginliyi qismən azaldır: "Bu dövr ərzində yurddaşlarımızda COVID-19 pandemiyasının ciddiliyinə artıq şübhə qalmadı və bir növ mədəniyyətimizdə ciddi dəyişikliklər olmaqla içimizi rahatladır. Bu rejim yumşaltmasının nəticəsində çimərliklərin açılması insanlara çox faydalı olacaq. Ancaq mən iki aya yaxın müddətdir ki, çimərliklərə girişin qadağan olunmasına etiraz edərək təcili açılmasını istəyənlərdənəm. Hətta hörmətli Prezidentimizə ünvanladığım müraciətdəki bəndlərdən biri də çimərliklərlə bağlı idi. Tanrı bizə Xəzər kimi bir müalicə qaynağı verib. Təəssüf ki, bizlər çox zaman bu nemətin dəyərini vermir, əksinə daha çox çirkləndirməklə təbiətimizə və sonda öz sağlığımıza ziyan edirik".



QHT sədri əlavə edib ki, avqust ayı iyuldan orta hərarəti aşağı olan aydır və sabahdan açılacağını nəzərə alsaq daha beş gün itirmiş sayılırıq və eyni zamanda o, çimərliklərə rejim təyin olunmasını da yanlış hesab edir: "Sosial mediada da bildirdiyim kimi çimərlik baqqal dükanı deyil ki, saatla çalışsın. Yuxarıda qeyd etdiyimiz kimi artıq bir pandemiya mədəniyyəti formalaşıb. İnsanlar xəstəliyin ciddiliyini anlayaraq özləri tədbirli olmağa başlayıblar. Bu mənada yaxşı olar, rejimlə çalışma ləğv edilsin. Mənim kimi onlarla insan var ki, səhər saat 5-də dənizə girir, günəşin doğuşunu elə oradan qarşılayır. Bəs bizlər nə edək? Axı, Xəzərin və ümumən dənizlərin ən faydalı vaxtı gündoğumu zamanı böyük kütlədə yod ayrılmasında olur".



Qorxmaz İbrahimli qeyd edib ki, indi televiziya və digər mətbuat, sosial əlaqə vasitələri sayəsində insanlarımızı normal şəkildə çimərliklərdən faydalanmağa çağırmaq lazımdır: "Çimərliklər zatən intim yer olduğundan kənar adamlar ailəlikcə dincələnlərin arasına girə bilməzlər. Eyni zamanda yarım ilə yaxın bir vaxtda Azərbaycan dövlətinin vətəndaşlarının qorunması üçün nə qədər çalışdığına da dəyər vermək lazımdır. Operativ Qərargah hər hansı bir qərarı yanlış ola bilər. Lakin bunların hamısı ilk dəfə rastlaşdığımız zamanda baş verir. Bunları hər kəsin anlamasını istəyirəm. Xüsusən özəl çimərliklərin sahiblərini girişləri pulsuz etməyə səsləyirəm. Bu altı ayda dövlətimiz nə qədər zərər gördü, hər birimiz anlayırıq. Yaxşı olar, özəl çimərlik sahibləri də dövlətimizə dəstək olaraq, qapılarını vətəndaşlarımızın üzünə təmənnasız açsınlar. Bu müddət ərzində xüsusən sabah günəşi alaraq, dənizdə çimilməlidir.



Çimərlik sezonu bitməyə doğru gedir. Vətəndaşlarımız maksimum, səmərəli, heç kimə zərər vermədən faydalanmalıdırlar. Əlbəttə ilk növbədə çimərliklərdə sıxlıq yaradılmamalıdır. Payız və qış aylarında başqa virusların da yayılacağını (qrip kimi) bildiyimizdən immuniteti möhkəmləndirməliyik. Bundan sonra evə dönən vətəndaşlar səkkiz saata qədər duş almamalıdırlar. Çünki, "D" vitamini insan bədəninə tədricən, - bir neçə saata sorulur.



Çimərliklərdə sosial məsafə dediyimiz kimi qorunacaq. Ancaq yetkili insanların da nəzarət etmələrinə ehtiyac var. Sonda bir əlavəni də rayonlara gedişlə bağlı bildirim. Hesab edirəm ki, Operativ Qərargah təcili toplanaraq rayonlara gediş qadağasını ləğv etməlidir və ya test cavabına görə buraxılmalıdırlar. Ezamiyyət kağızı insanın sağlamlıq göstəricisi deyil. Hər hansı bir xəstə və ya daşıyıcı virusu asanlıqla postda yoxlayandan başlamış gedəcəyi əraziyə qədər daşıya bilər. Tanrı millətimizin və dövlətimizin köməyi olsun".ayna.az/шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.