“Ramal Trans”ı Səfər Mehdiyevə nə bağlayır? – Komitədən cavab

6-08-2020, 09:52           
“Ramal Trans”ı Səfər Mehdiyevə nə bağlayır? – Komitədən cavab
Bir neçə gün əvvəl Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Gömrük sistemində qarşılaşdığı yersiz problemlə bağlı məsələni ictimailəşdirmişdi.

“Yeni Sabah” xatırladır ki, o xüsusilə gömrükdəki “Ramal-Trans” adlı broker şirkət üzərindən sahibkarlar üçün qurulmuş tələdən danışmışdı. Bildirmişdi ki, xaricdən kimin yükü gəldisə, aparıb salırlar həmin şirkətin anbarına və yükün həcminə uyğun pul alırlar: “Bizdən bəzən 500-600 manat qopardırdılar. Heç bir sənəd də vermirlər. Bir dəfə gömrüyün sədrinə şikayətlə müraciət etdim, rəsmi cavab gəldi ki, bu, bizlik deyil. Deyən lazım, ay qardaş, əgər, bu sizlik deyilsə, onda adımıza gələn yükü o tələyə niyə salırsız? Malımızı “Ramal-Trans” ərazisinə girmədən deklarasiya edin, çıxıb gedək də”.

Eyni problemi “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli də səsləndirmişdi. Nigar Köçərlinin sözlərinə görə, sahibkarlar “Ramal Trans”a 500-600 civarında pul ödəməlidir. Bu pulun nəyə görə ödənildiyini isə heç kim bilmir: “Qəbzlər də qəribədir. Deyilir ki, guya bu məbləğ yükün boşaldılması üçündür. Amma bizi də məcbur edirlər ki, 200 manat ödəyək. Gömrüyün mətbuat xidməti deyir: “Özünü “Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyətı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?”.

Bildirək ki, uzun illər Azərbaycanda broker monopoliyasına Əbülfəz Məlikova məxsus olan Broker MMC liderlik edib. Son vaxtlar isə onun bu sahədən sıxışdırlıdığı, DGK sədri Səfər Mehdiyevə yaxın şirkətlərin avtoritetə çevirildiyi bildirilir. Və görünən odur ki, yeni brokerlər Ə. Məlikova rəhmət oxutmaqdadır. Bəs Gömrük Komitəsi yaranmış bu duruma necə izah verə bilər? “Ramal Trans”ı Səfər Mehdiyevə nə bağlayır?

Komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov “Virtualaz.org”a müsahibəsində deyib ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 119.1-ci maddəsinə əsasən malları gömrük ərazisinə gətirən şəxs həmin malları göndərən gömrük orqanı tərəfindən müəyyən edilmiş marşrutla və müddətdə təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırmalıdır.

“Bu yerlər gömrük nəzarəti zonaları adlanır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 93.1-ci maddəsinə uyğun olaraq, gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.

Bir qayda olaraq, saxlanc anbarı statusuna malik bu zonalar şəxslər tərəfindən yaradılır və orada yerləşdirilmiş mallara gömrük nəzarətinin həyata keçirilməs üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunur. Adıçəkilən şirkətə məxsus saxlanc anbarı da gömrük nəzarəti zonası statusuna malikdir. Ümumiyyətlə, biz dəfələrlə bəyan etmişik və bir daha nəzərə çatdırırıq ki, həmin dayanacaqlar Komitənin sisteminə daxil olan qurum deyil, orada yalnız gömrük nəzarəti həyata keçirilir və burada göstərilən xidmətlərin növü, dəyəri sahibkarla dayanacaq sahibi tərəfindən tənzimlənir. Yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən məcburi qaydada həmin dayanacağa yönləndirilməsinə dair iddialar isə tamamilə cəfəngiyyatdır.

Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük rəsmiləşdirilməsi başa çatdırıldıqdan sonra onlar idxalatçının, sahibinin sərəncamına verilir.

Bununla belə, gömrük sərhədini keçən bütün mal və nəqliyyat vasitələri gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün təyinat gömrük orqanlarına yönləndirilmir.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunmuşdur. Bu qaydalarla xarici ticarət iştirakçılarına verilmiş üstünlüklər sırasında həm də idxal olunan malların gömrük sərhəd buraxılış məntəqəsindən birbaşa şəxslərin öz anbarına aparılması və gömrük rəsmiləşdirilməsi elektron qaydada, mallar və nəqliyyat vasitələri gömrük orqanlarına gətirilmədən həyata keçirilir.

Xüsusilə vurğulamaq istərdik ki, idxal-ixrac əməliyyatları üzrə qeyd olunan sadələşdirilmədən istifadə etmək hüququ 616 xarici ticarət iştirakçısına verilmişdir. Cari ilin 6 ayı ərzində ümumi ticarət dövriyyəsinin idxalda 35 faizi məhz “Yaşıl dəhliz” iştirakçılarının payına düşür.

Bu baxımdan, öz idxal-ixrac əməliyyatlarını sadələşdirilmiş qaydada yerinə yetirmək istəyində olan xarici ticarət iştirakçılarına tövsiyə edirik ki, “Yaşıl dəhliz” sisteminin üstünlüklərindən yararlanmaq üçün qanunla müəyyən edilmiş qaydada Dövlət Gömrük Komitəsinə müraciət etsinlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.