Azərbaycanlı həkim: “Növbəti dalğa olacaqsa, deməli, məqsəd insanları qırmaqdır”

15-08-2020, 00:06           
Azərbaycanlı həkim: “Növbəti dalğa olacaqsa, deməli, məqsəd insanları qırmaqdır”
“Qadağalar, tələblər dörd il davam edəcək, çünki bu, xüsusi süni bir proses, siyasi-tibbi bir problemdir”

Artıq bir müddətdir ki, Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müşahidə olunur. Və bu rəqəmlərin birdən-birə enməsi bir çox suallar meydana gətirir. Koronavirus statistikasının ikirəqəmliyə düşməsi bir tərəfdən sevinc, digər tərəfdən isə müəyyən qorxu və çaşqınlar yaradır. İnsanları düşündürən isə növbəti gözləntilər, yeni dalğa ehtimalıdır. Yoxsa, artıq problemi geridə qoyuruq?

Teref.az bildirir ki, AYNA məsələyə ekspertlərlə aydınlıq gətirməyə çalışıb.

Ölkənin baş infeksionisti Cəlal İsayevin sözlərinə görə, problemi geridə qoymaq, yoxsa növbəti dalğanın başyacağı məsələsi vətəndaşlardan asılıdır: “Bizə keçən vərdişləri davam etdirikik, verilən tövsiyələrə əməl edirik, məsafə saxlayırıq, maskadan istifadə edirik, insanların çox toplaşdığı yerlərdə olmuruq və nəhayət gigiyena qaydalarına əməl edirik. Yoluxma ehtimalımız aşağı düşür. İstər karantin tədbirləri yumşaldılsın, istərsə də sərt karantin tədbirləri olsun, bu qaydalara əməl etmək çox vacibdir”.

İnfeksionistin fikrincə, deyilənlərə əməl etməsək, yenidən yoluxma hallarının artması gözləniləndir: “Bu, təbiidir. Yenə deyirəm, hər şey özümüzdən asılıdır”.

Pulmanoloq İbrahim Əsədli öz təcrübəsinə və müşahidə etdiklərinə istinad edib: “Xəstəxanaya xəstələr daha çox iyul ayında gəlirdi, hal-hazırda isə xəstələrin sayı xeyli azalıb. İndi elə də bir xəstəlik yoxdur. Demək olar ki, biz xəstəliyi geridə qoymuşuq”.

Yeni dalğa ehtimalına gəldikdə, həkim bunu mümkün hesab etmir: “Yeni dalğa deyə bir şey yoxdur, təbii infeksion proseslərdə dalğa olmur. Əgər yeni bir plan düşünməsələr, heç bir şey olan deyil. Yoluxanları yenidən evdə otuzdurmasalar, xəstəlik artan deyil, xəstəliyi inkişaf etdirən insanların evə qapanmasıdır. Əgər insanlar evdə qalmasaydılar, xəstəlik belə inkişaf etməzdi. İnsanların immuniteti güclənsəydi, camaat işində-gücündə olsaydı, hamı profilaktik tədbirlər görsəydi, dərmanlar xəstələr üçün əlçatan olsaydı, dərmanların qiymətini alver məqsədilə qaldırmasaydılar, “Arbidol” və “Bronxomunal” kimi dərman preparatlarını ucuz qiymətə və hər yerə paylasaydılar, onda daha rahat olardı”.

“Bir pulmanoloq, COVID 19 xəstələrini müalicə edən həkim kimi deyə bilərəm ki, elə də böyüdəcək bir problem yoxdur. Hazırda da xəstələr olur və onlar gəlirlər, biz onları sağaldıb, yola salırıq. Bu xəstəlik 5-10 günə sağalan bir xəstəlikdir. Təbii ki, ağırlaşmadan ilkin vəziyyətdə bizim yanımıza gələndə çox asan şəkildə müalicə olunub, evə gedirlər”, – Əsədli bildirib.

Həkimin sözlərinə görə, iyun-iyul aylarında xəstələr ikitərəfli pnevmoniya ilə gəlirdilər, indi isə müraciətlər xeyli azalıb. O, “Azalmanı nəyə borcluyuq” sualını isə belə cavab verib: “Təbii proseslərdə müəyyən bir qayda var. Deyək ki, infeksiya, mikrob və ya virusdur, cəmiyyətdə olan müəyyən şəxsləri yoluxdurur, ölən ölür, sağalan sağalır və immuniteti möhkəmlənir. Ondan sonra bir daha təkrarlanmır. Amma indi ortaya söhbət atırlar ki, guya, müəyyən müddətdən sonra bu, bir daha baş verə bilər. Təbii proseslərdə isə bu, ola bilməz. Bunu kim deyirsə, deməli həmin kəslərin planları var, o plan da insanları qırmaqdır”

Pulmanoloq hesab edir ki, ümumi proses dörd il davam edəcək: “Bu qadağalar, qoyulan qaydalar və s. dörd il davam edəcək. Bu, xüsusi süni bir proses, siyasi-tibbi bir problemdir. Ona görə də bu, elə belə də davam edəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.