50 siyasi partiyadan Ali Baş Komandana dəstək-milli birliyi rəsmiləşdirən sənəd - Ermənistanda isə...

29-09-2020, 09:32           
50 siyasi partiyadan Ali Baş Komandana dəstək-milli birliyi rəsmiləşdirən sənəd - Ermənistanda isə...
Sentyabrın 27-də Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır.

Birgə sənəddə deyilir ki, Ermənistan 30 ilə yaxındır BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsus ki, buna görə cəzalandırılmır. Bu ikili standarta əsaslanan yanaşma qəbuledilməzdir. Bəyanatda qeyd edilir ki, Ermənistan hökuməti 30 ildir davam edən münaqişənin həll edilməsində maraqlı deyil. Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemioloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.

Ermənistan baş nazirinin militarist bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatları müzakirələrin önünü kəsən amillərdir.

Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və bu təkliflə ATƏT-in Minsk Qrupu da razılaşmır. 2016-cı il aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Ermənistanın məğlubiyyəti ona dərs olmalıdır. Ali Baş Komandan dəfələrlə bildirib ki, bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur.

Siyasi partiyalar daha sonra bəyan edib ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyası olan ATƏT-in Minsk Qrupu, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti qarşısında səssiz qalmamalı, dərhal siyasi və hüquqi tədbirlər görməlidir.

Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir.

Bəyanatın sonunda belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşları və dünya azərbaycanlıları bir daha milli birliyə və vəhdətə səslənib, hər kəs Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyət isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırılır.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, 50 siyasi partiyanın birgə bəyanatı Azərbaycanda siyasi həmrəyliyin nümunəsidir. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür: “Ümummilli məsələlər hamı üçün eyni məsələlərdir, yerinə yetirilməsi vacib olan məsələlərdir. Azərbaycanın 50 siyasi partiyasının birgə bəyanat imzalayıb Ermənistanın təcavüzünə qarşı, torpaqlarımızın işğaldan azad olunması işində hakimiyyətlə, Ali Baş Komandanla, dövlətimizlə, ordumuzla birgə olduqlarını rəsmən bəyan etmələri çox mühüm hadisədir. Bu, həm partiyaların proqram müddəalarından irəli gəlir, həm onların vətənpərvərliyindən, vətənə sədaqətlərindən, həm də Ali Baş Komandanın milli məsələmizdə ortaya qoyduğu ədalətli mövqeni dəstəklədiklərindən irəli gəlir. Həmin 50 siyasi partiyanın yarıdan çoxu müxalifət partiyalarıdır. Bu məqama da diqqət etmək lazımdır ki, Azərbaycanın müxalifət partiyaları milli məsələdə siyasi mövqelərini bir kənara qoymağı bacarırlar. Yəni müxalifətçilik bir yerə qədərdir. O yerdə ki, milli məsələ gəlir, orada müxalifətçilik yürütmək olmaz. Çox sevindiricidir ki, müxalifət partiyalarının 90 faizindən çoxu bunu dərk edirlər və milli məsələdə hakimiyyətlə bir yerdə olduqlarını rəsmən ortaya qoyublar. Əgər ərazilərimizin işğalçıdan təmizlənməsi işində də kimlərsə dodaq büzüb yenə də fərqli mövqe ortaya qoyacaqsa, zənnimcə, bu, tam qeyri-etik, qeyri-vicdani bir hərəkət olacaq və cəmiyyət tərəfindən çox böyük qınağa tuş gələcək. Mən bugünkü günləri qürur duyulası şərəfli günlər sayıram. Rəşadətli Azərbaycan Ordusu tarix yazır. Çox böyük uğurların astanasındayıq. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır”.

Politoloq vurğuladı ki, ölkədə fəaliyyət göstərən demək olar bütün siyasi partiyaların imzaladığı bəyanat həm də Azərbaycanın beynəlxalq səviyyədə əlini gücləndirən amillərdəndir: “Dünya birliyi görür ki, Azərbaycanın bütün siyasi partiyaları Qarabağ məsələsində vahid mövqedədir, bütün partiyalar işğalı pisləyir, Ermənistanın işğalçılığına son qoyulmasında Azərbaycan iqtidarı ilə, Prezidenti ilə vahid mövqedədir. Ermənistanda isə siyasi partiyaların əksəriyyəti, müxalifət hakimiyyətə qarşı mitinq təyin edib, hakimiyyəti hədələyirlər. Bu, həm də ondan irəli gəlir ki, Azərbaycan tərəfi Qarabağ savaşında haqlı mövqedədir, beynəlxalq hüquqa əsaslanır, Ermənistan isə tamamilə haqsız mövqedədir və işğalçıdır, başqasının torpağını əldə saxlamağa çalışır. Beləliklə, dünya birliyinin müqayisə üçün imkanları yaranır və müqayisədə bir daha aydın şəkildə görünür ki, Azərbaycan xalqı, bütün siyasi partiyaları dövlətlə, Ali Baş Komandanla, ordusu ilə həmrəydir, Ermənistan cəmiyyəti isə parçalanıb, iqtidarla erməni xalqı, siyasi qüvvələri arasında uçurum var. Qarabağ məsələsində Azərbaycanda bütün dünya xalqları, dünya ölkələri üçün nümunə olacaq milli birlik ortadır. Siyasi partiyaların bəyanatı milli birliyin daha da möhkəmlənməsində öz rolunu oynayacaq. Azərbaycan siyasi partiyalarının bəyanatında BMT Təhlükəsizlik Şurasına məlum 4 qətnamənin həyata keçirilməsinin vacibliyinin xatırladılması, ATƏT-ə ünvanlanan çağırış da bəyanatın mühüm məqamlarındandır. BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar, dövlətlər bu cür çağırışlara diqqət etməlidir. Ümumiyyətlə, çoxsaylı siyasi partiyaların birgə yaydıqları sənəd, çağırışlar, bəyanatlar beynəlxalq aləmdə ciddi qiymətləndirilir. Nəzərə alsaq ki, Azərbaycanın 50 siyasi partiyası birgə bəyanat imzalayıb, eyni zamanda partiyalar ayrı-ayrılıqda da bəyanatlar yayıblar, deməli, bu amilin də Azərbaycanın əlini gücləndirəcəyi şübhəsizdir.

Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. Ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını haqlı olaraq tələb edirlər. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri Azərbaycana qarşı tətbiq olunan ikili standartlara son qoyulmasını tələb edirlər".

Q.Hüseynli qeyd etdi ki, Azərbaycan prezidentinin apardığı uğurlu diplomatik siyasət beynəlxalq birlikdə Ermənistanın sülhü və beynəlxalq hüququ rədd edən ölkə kimi qəbul edilməsinə gətirib çıxarır. Eyni zamanda bəzi beynəlxalq təşkilatların Ermənistanın təxribatlarına susması və onları qınaq predmetinə çevirməməsi beynəlxalq riyakarlığın təzahürüdür. Azərbaycanın siyasi partiyalarının rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını da məhz buna görə qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.

Politoloqun sözlərinə görə, 50 siyasi partiyanın birgə bəyanatı Azərbaycanda çox ciddi siyasi dialoq mühitinin mövcudluğunu da bir daha ortaya qoydu: “Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə bu ilin ilk aylarından Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici orqanla iş şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə keçirdiyi görüşlər, bu görüşlərdə partiyaların problemlərinin dinlənilməsi, təkliflərinin qəbul edilməsi, atılan müsbət addımlar ölkədə hakimiyyətlə siyasi partiyalar arasında dialoq mühitinin daha da dərinləşməsinə, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasına ciddi təkan verdi. Azərbaycan iqtidarı ilə siyasi partiyalar arasında dialoq mühitinin dərinləşməsi milli məsələlərdə hamının vahid mövqedə olmasında da öz təsirini göstərir. Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Ölkənin siyasi partiyalarının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Azərbaycan prezidentinin xalqı birləşdirən siyasəti öz bəhrəsini verir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Azərbaycanın siyasi partiyaları birgə bəyanatla milli maraqlar naminə vahid qüvvə olaraq bir araya gələ bildiklərini ortaya qoymuş oldular. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.

Azərbaycan ədalətli və məsuliyyətli mövqe nümayış etdirir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutmasının daha bir təsdiqidir".

Q.Hüseynli dedi ki, rəsmi İrəvanın bəyanatları, eləcə də yürüdülən təxribat siyasəti daxili sosial narazılıqların boğulmasına hesablanıb. Azərbaycan siyasi partiyalarının rəhbərləri də öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlarla məşğul olduqlarını bildirirlər: “Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Azərbaycanın siyasi partiyaları da dünyaya, Azərbaycan ictimaiyyətinə bu bəyanatla bəyan etdi ki, rəsmi İrəvanın militarist bəyanatları, Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Eyni zamanda Azərbaycan prezidentinin ”status-kvo"nun mümkünsüzlüyü barədə bəyan etdiyi arqumentlərə əsaslanan mövqe də siyasi partiyaların rəhbərlərinin bəyanatında birmənalı olaraq dəstəklənir və partiyalar “status-kvo”nun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.