Orta Asiya türk dövlətlərinin Qarabağ susqunluğu: - görüntü, yoxsa gerçək...

1-10-2020, 09:15           
Orta Asiya türk dövlətlərinin Qarabağ susqunluğu: - görüntü, yoxsa gerçək...
Sentyabrın 27-dən Azərbaycan Ordusunun torpaqlarımızı azad etmək üçün başlatdığı əks-hücum əməliyyatından 4 gün keçir. Bu müddətdə Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi türk dövlətlərinin ölkəmizə dəstəkləri ürəkaçan olmadı. Halbuki rəsmi Bakının, ictimaiyyətin adlarını çəkdiyimiz ölkələrdən gözləntiləri böyük idi. Bu dövlətlərin xalqları, cəmiyyətləri səviyyəsində son savaşa münasibətləri də bizi qane etmir.

Bütün bunlardan çıxış edərək, haqlı sual yaranıb: necə etməli ki, Orta Asiyanın türk cümhuriyyətləri də Azərbaycanın yanında olsunlar?

Milli QHT Forumu İdarə Heyətinin üzvü, türkoloq Əkbər Qoşalı bununla bağlı “Yeni Müsavat”a mesaj xarakterli açıqlamalar verdi: “Ön cəbhədə qızğın döyüşlər gedir. Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı azad edəcəyinə şübhəmiz yoxdur. Ordu-xalq, dövlət-xalq birliyinin, necə deyərlər, zirvə təntənəsini yaşayırıq. Ön cəbhənin o üzündə ağlayan, qaçan, imdad diləyən, ordudan yayınan erməni gəncləri, bu üzdə isə hərbi hissələr, səfərbərlik idarələri önündə sıxlıq yaradan könüllü, döyüşkən Azərbaycan gəncləri, eyni zamanda cəbhənin o üzündə haqsız və gücsüz, amma boyundan hündür tullanmaq istəyən, ”qalib ədası sindromu"ndan əziyyət çəkən, aşınmış Ermənistan ordusu, bu üzdə isə işğal edilmiş torpaqlarını nəyin bahasına olursa-olsun azad etməyə qadir, haqlı və güclü Azərbaycan Silahlı Qüvvələri dayanır. Belə bir ortamda kimin haqqın, kimin nahaqqın yanında olması da önəmli hadisədir. Biz, əlbəttə, qalib gələcəyik. Ancaq qalib gəldikdən sonra oradan-buradan pırtlayıb çıxacaq dostlarımızın “səmimiyyət”i, “sevinc”i bizi məmnun etməyəcək. İşğalçı ilə bizi bir tutmayan, hər şeyi öz adı ilə çağıran dövlətlər, qurumlar, quruluşlar, şəxsiyyətlər, sadə insanlardır bizim dost-qardaşımız. Necə ki, Türkiyə, Pakistan, ondan sonra da Ukrayna, Əfqanıstan, Bosniya-Hersoqovina kimi.

İndi Azərbaycanla Ermənistana eyni mətnli çağırış etmək bizi qətiyyən qane edə, heç cür səmimi sayıla bilməz! Məsələn, Azərbaycan Ordusuna dəstək aksiyası keçirən soydaşlarımızı inzibati cəzaya məhkum edən, bundan da betəri ərazisindən işğalçı Ermənistana hərbi təyinatlı yüklərin daşınmasını həvəslə icra edən İrana necə dost-qardaş deyək? O İran ki, əhalisinin yarısı azərbaycanlıdır və rəsmi olaraq, İslam Respublikasıdır, o Ermənistan ki, əhalisinin 99 faizi ermənidir və işğal altındakı ərazilərdə məscidləri dağıdır, yaxud ora donuz doldurur... Bu konkret duruma qarşılıq əlavə sözə, müəyyənliyə ehtiyac qalırmı?"

Ə.Qoşalı türk dünyasından gələn açıqlamalara da xüsusi diqqət ayırdı: “Biz qardaşlarımızdan və başqalarından bizi qardaş, qonşu, dost, haqlı olduğumuz üçün müdafiə etmələrini ummuruq. Bizi müdafiə etməyənlər heç olmazsa, işğalçıya İran kimi dəstək durmasın. Kərküklülər demiş, ”qardaş qardaşdı, qardaş", “qonşu haqqı Tanrı haqqı”... Axı biz qardaşlarımıza heç vaxt pis qardaş olmamışıq; axı biz birtərəfli qaydada qonşuluq haqqını gözləməyimizlə olmur, bu iş qarşılıqlı olmalıdır. Qardaşlarımızın, qonşularımızın etdiyi yaxşılıqları da heç vaxt unutmuruq, onlar da bizim haqq işimizi unutmasınlar.

Bütün bu deyilənlərlə yanaşı, Türkiyə kimi qardaşlıq göstərməyini arzu etdiyimiz digər qardaşlarımızın geopolitik durumunu, özünəməxsus gerçəkliklərini də görməmiş deyilik. Əlbəttə, Türk Şurası, TürkPA, Türk Akademiyası adından verilən açıqlamalar qiymətlidir. Bu doğma təşkilatların rəhbərlərinə könül dolusu təşəkkürlər! O qurumlardan ikisinin rəhbəri Qazaxıstandan, birinin rəhbəri Qırğızıstandandır və verilən açıqlamalar bütün üzv ölkələrin mövqeyinin ümumi ifadəsidir. Ona görə də qardaş ölkələrin haqq işimizə bir şəkildə biganə qalmadığını deyə bilərik. Qardaş, dost ölkələrin bir çoxu bizi Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında da müdafiə edir. Onlardan zamanında BMT-də, digər bir sıra beynəlxalq platformalarda da dəstək görmüşük və hər bir dəstək həm tariximizə düşür, həm də könlümüzə yazılır...

Türk dünyasında onlarla nüfuzlu ziyalının, ayrı-ayrı qurumların öz xəlqi duyğularını ifadə edərək azərbaycanlı qardaşlarına dəstək nümayiş etdirdiyini də vurğulamaqda fayda var. Tatarıstanda təkbaşına Azərbaycana dəstək aksiyaları keçirmiş Nail Nabiullin var. Tovuz hadisələri vaxtı həmin hadisələrə, Qarabağa, ümumən Azərbaycana ürək sözlərini poema miqyasında şəkilləndirən Özbəkistanın görkəmli ədibi, nüfuzlu “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm var. Bu iki ziyalının adını gördükləri işin özəlliyinə görə fərqləndirim, ancaq həm həmin qardaş respublikalarda, həm digər qardaş ölkələrdə, Balkanlarda, dünyanın dörd yanında bizi açıq müdafiə edən onlarla yazar, fikir adamı, ictimai-siyasi xadimlər, millət vəkilləri var. Hər biri çox sağ olsun. İyulda cəbhənin Tovuz istiqamətində baş verən düşmən hücumu vaxtı sosial şəbəkələrin türk dünyası seqmenti Azərbaycan bayrağına bürünmüşdü, indi də belədir. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva o qardaşlarımızın bir çoxuna komitə adından təşəkkür məktubu göndərdi. Ümidvaram ki, səfirliklərimiz, konsulluqlarımız da öz növbəsində belə təşəkkür məktubları göndərmiş olarlar. İnşallah, ön cəbhədə tam və qəti qələbəmizi təmin etdikdən sonra bu məsuliyyətli günlərdə bizim yanımızda olan hər kəsi yad edəcəyik, onlara öz məhəbbətimizi, təşəkkürümüzü bir daha yetirəcəyik. Qaldı ki, susqun dayananlarla bağlı nə etməliyik, yaxud əlavə nə etməliyik sualına, sizi inandırım, o sualın cavabını Silahlı Qüvvələrimiz ön cəbhədəki müzəffər yürüşü ilə verir. Hər şey əla olacaq. Necə deyərlər, qalibin dostu çox olar".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.