“Sualları verən sanki qəzet əməkdaşı yox, agent idi” - ƏTRAFLI

25-10-2020, 09:02           
“Sualları verən sanki qəzet əməkdaşı yox, agent idi” - ƏTRAFLI
Bir-neçə gün qabaq Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “Le Figaro” qəzetinə müsahibə verdi. İlk baxışdan burda qeyri-adi heç nə yoxdur. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün dövlət başçısı demək olar ki, hər gün aparıcı telekanallara və informasiya agentliklərinə müsahibələr verir. Amma bu dəfə mənzərə bir qədər başqa idi. Sualları verən sanki “Le Figaro” qəzetinə əməkdaşı yox, Ermənistanın xüsusi xidmət orqanlarının agenti idi. Verilən hər sualın arxasında məkr, kin-küdurət varıydı.

Məsələn, ilk suallardan biri belə idi: “Onlar (yəni ermənilər) Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər…”

Anlaşılmır. Bu sualdır, yoxsa erməni vəhşiliyinə bəraət qazandırmaq istəyidir. Təbii ki, bəraət istəyidir. Və bu sualın arxasında Azərbaycan tərəfdən hansısa şəkildə etiraf eşitmək istəyi durur.

Digər bir suala fikir verək: “Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?”

Yenə iftira, yenə də təhdid. Əslində bu sualı verməklə müxbir nəyi isə öyrənmək, dəqiqləşdirmək yox, ermənilərin feyk xəbərlərinə hüquqi don geyindirmək istəyir. Məşədi İbad demiş “Heç hənanın yeridir?!”

Bütün dünya o cümlədən, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa dövləti də görür və bilir ki, müharibə Ermənistanla Azərbaycan arasında gedir. Üçüncü dövlətin bu münaqişədə iştirakını sübut edən heç bir fakt yoxdur. Prezident İlham Əliyev də təxribatçı suala dəmir məntiqlə cavab verir: “…Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi.

İkincisi, Azərbaycan tərəfindən heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur…”

Növbəti suala diqqət edək: “İsrailin hərbi avadanlığının yardımı Sizin üçün çox önəmlidirmi və onlar Sizə hərbi irəliləyişi əldə etməyə imkan verirlərmi?…”

Yenə rəhmətlik Məşədi İbad yada düşür: “Heyvanına şükür…” Ay Fransa, ay “Le Figaro”, Azərbaycanı Ermənistanla səhv salmayın. Biz nə alırıqsa, alın tərimizlə, qazandığımız pulla alırıq. Ermənilər kimi dilənçilik edib, yardım almırıq.

Növbəti təxribatçı sual: İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri ilə danışmısınızmı?”

Ay mürtəd, sənə nə?! İran bilər, Azərbaycan bilər. Oturmusan Avropanın göbəyində. Utanmadan iki qonşu arasına söz-söhbət salmaq istəyirsən. Vallah bu dəfə də Məşədi İbaddan sitat gətirməsəm, ürəyim çartlayar. Çünki rəhmətlik belələri üçün deyib: “Yıxasan yerə ağzına, ağzına…”

Daha bir təxribatçı sual: “Bu müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçi kimdir? Bu, Rusiyadırmı? (təkrarən bir də soruşur) Mümkün ən yaxşı vasitəçi Rusiyadırmı?…”

Əcabə, bu nə tərbiyəsizlikdir?! Sualdakı təxribat apaydın görünür. Müxbir Azərbaycanın mövqeyini soruşmur. İstəyir ki, dövlətimizin başçısı onun fukrini təsdiqləsin. Amma “Le Figaro” yenə istəyinə çatmır. Cavaba diqqət edək: “…Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik…” Vəssəlam.

Amma Ermənistanın xüsusi orqanının agenti bəd niyyətindən yenə əl çəkmir. Bu dəfə ikibaşlı sual verir: “Cənab Prezident, Siz hansı torpağı (sözə bax haa) geri almaq istəyirsiniz ki, ondan sonra bu müharibəyə son qoymağa hazır olasınız?…”

Bu agent, pardon müxbir hardan gəlib? Fransadan, yoxsa Afrika cəngəlliklərindən? Azərbaycanın harda müharibə etdiyini və hansı torpaqlar üçün mübarizə apardığını bəyəm bu adamcığaz bilmir. Əlbəttə ki, bilir. Sadəcə onun xisləti erməni xislətidir.

Təxribatçının növbəti həyasız sualı isə belə oldu: “Cənab Prezident, Siz qorxmursunuz ki, (!!!) bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar?”

Dövlətimizin başçısının soyuqqanlı cavabı türkün bütün düşmənlərinə göz dağı oldu: “Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq. Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə, özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var…”

Alın aaa, yana-yana qalın aaa,”Biz bir millət iki dövlətik”.

Bununla belə firəngistanlı agent bəd niyyətindən əl çəkmir. Növbəti suala fikir verək.”Siz düşünmürsünüz ki, Türkiyənin Mərkəzi Asiyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün Ermənistanı silmək planı var?

– Xeyr, bu, yenə də erməni fobiyaları və erməni təxribatlarıdır. Mənim Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə etdiyim sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bizdə bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var. Biz bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Beləliklə, Türkiyə malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana, Azərbaycana yol daha qısadır. Ona görə də məsələ onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və dediyiniz kimi, kimsə fikirləşir ki, onlar buna sahib olmaq üçün Ermənistanı silmək istəyirlər. Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahib olacağıq. Lakin bu, yenə də sülh planının bir hissəsidir, bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır.

Mükəmməl cavab. Amma təxribatçı son atışını da edir: “Layihələri icra edərkən Siz dini nəzərə almırsınız?…”

Oduvaaa,.. Fiqaroçu türkçülüyə nifrəti ilə yanaşı islam dininə olan antipatiyasını da biruzə verir. Beləcə aydın olur ki, “Le Figaro” qəzetinin məqsədi Azərbaycan həqiqətlərini öyrənib dünyaya və sadə fransızlara çatdırmaq yox, erməni milyonçulara tulalıq etməkdir. Amma Prezident İlham Əliyevin dəmir məntiqi və sərrast cavabları fiqaroçunun arzusunu ürəyində qoydu. Beləcə, agent öz ağalarının yanına üzü qara və suyu süzülə-süzülə qayıtdı.

Surxay Atakişiyev,

KONKRET.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.