Pərdəarxasındakı qlobal niyyətlər! - "Sərhədlərin dəyişdirilməsi Azərbaycanın xeyrinə..."

22-09-2022, 17:04           
Pərdəarxasındakı qlobal niyyətlər! -
"Prezident İlham Əliyevin Laçın şəhərindəki çıxışı regional perspektivin və siyasi xəritənin Ermənistanın davranış kodeksindən asılı olduğu mesajının bəyanı kimi şərh edilə bilər.
Dövlət başçısının vurğuladığı tezislər Azərbaycan ordusunun sentyabrda Ermənistanın sərhəd təxribatlarına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatlardan sonra yaranan konfiqurasiyanın detallı olmasa da, ümumi şəkildə canlandırır".
TEREF.AZ xəbər verir ki, bu fikirləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik Prezidentin Laçın şəhərində dediklərini sərhəddəki hərbi eskalasiyanın konseptual nəticələri kimi nəzərdən keçirərək bildirib:

"Azərbaycanın sonuncu əməliyyatları sərhədin Laçın, Kəlbəcər və Daşkəsən istiqamətindən Ermənistanın daxili üçün tektonik çatlar yaradır.
İlham Əliyevin “sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək” deməsi vəziyyətin Azərbaycan ordusu üçün hərbi-strateji məzmununu göstərir. Yəni yeni nəzarətə keçirilən ərazilər Azərbaycana böyük əraziyə vizual nəzarət imkanı yaradır. Həmçinin başqa hərbi üstünlüklər verir.
Azərbaycan ordusu Ermənistan bölmələrinin sərhəddə doğru gətirə biləcəyi təhdid yolları, təminat marşrutları və geniş zolaqdakı hərəkət trayektorası ölkəmizin nəzarəti altına düşür.

Azərbaycan ərazi nailiyyətlərini sərhədlərin delimitasiyası kontekstində inkişaf etdirir. Artıq XIX və XX əsrlərə aid ərazi xəritələri belə masadadır. Azərbaycanın danışıqlardakı şərtlərinin həcmini və miqyasını göstərir.

Ermənistan havadarının yağlı vədlərinə aldanıb hərbi təxribatın müəllifinə çevrilsə, Azərbaycan yenidən layiqli cavab verəcək. Ermənistanda revanş hissləri coşsa, Azərbaycan hərbi əməliyyatları bərpa edə bilər. Bu dəfə əməliyyatlar elə Ermənistanın ərazilərindən başlayıb və daha da irəlidəki dərinliklərə qədər genişlənməsi mümkündür".

Ekspert bildirib ki, dünyada siyasi xəritənin, sərhədlərin dəyişdirilməsi prosesinə start verilib. Hazırda lokal hesab olunan münaqişələr belə həssas dünya nizamını təhdid edir:

"Azərbaycan milli təhlükəsizlik maraqlarından irəli gələrək bəzi hərbi tədbirlər görməyə ehtiyac duyur. Təhlükəsizlik qayğılarının artması fonunda Azərbaycan-Ermənistan gərginliyinin yeni mərhələyə qədəm qoyması mümkündür.
Türkiyənin, Rusiyanın, Qərbin strateji hesablamaları Cənubi Qafqazda da sərhəd dəyişikliyi baş verməsinə əsaslanır. Rəqib tərəflər isə mümkün nəticələrdən maksimum pay qoparmaq üçün faktiki şəraiti öz əllərində həlledici vasitəyə çevirmək niyyətindədir.

Qlobal teatrın Cənubi Qafqaz səhnəsindəki maraq toqquşmasında ən güclü rəqiblər: Rusiya, Britaniya-ABŞ tandemi və Türkiyədir.

Regionda həlledici cazibə mərkəzi Azərbaycan olduğundan maraqların təmini Bakı ilə əlaqələndirmə mexanizmindən keçir.
Bu mexanizmdə Türkiyə strateji müttəfiqdir. Rusiya Azərbaycanın maraqlarına önəm verir. ABŞ Azərbaycana münasibətdə ara-sıra sürüşkən “yüksəkliyə” çıxsa da, nəticədə Bakı ilə əlaqələrin inkişafı Ağ Evin Cənubi Qafqaz prioritetlərində üstünlük təşkil edir. Britaniya isə Azərbaycanın strateji tərəfdaşına çevrilib".

A.Kərimovun qənaətincə maraqlar platforması vəcdə gəlsə də, proses Azərbaycanın xeyrinə doğru dəyişəcək.
Pərdəarxasındakı qlobal niyyətlərdə sərhədlərin dəyişdirilməsi konteksti Azərbaycanın xeyrinə yönləndiriləcək:

"Böyük planlarda İranın xeyrinə faydalı perspektivlər görünmədiyi maraqlıdır.

Çünki proseslərdən Rusiya, ABŞ, Britaniya və Türkiyə qazansa da, İran əlindəki vasitələrdən məhrum olur. Tehranın “sərhəd dəyişikliyinə dözməyəcəyik” hayqırtıları İslam Respublikasının taleyi ilə bağlı qaranlıq mətləblərdən xəbər verir.
Prezidentin XIX-XX əsrin xəritələrini gündəmə gətirməsi daha geniş məna tutumuna malikdir".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxış edib.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.