"Media reyestrinin aparılması qaydaları" təsdiq edilib

27-09-2022, 00:06           
"Media reyestrinin aparılması qaydaları" təsdiq edilib
Sentyabrın 26-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. Bu sənəddə Media Reyestrinin aparılması qaydaları təsdiq edilib.

Media Reyestrinin aparılması qaydalarına görə, reyestr -Medianın İnkişafı Agentliyi tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatıdır.

Media Reyestri Elektron hökumət sistemi vasitəsilə fəaliyyət göstərəcək. Reyestrin təhlükəsizliyini Dövlət Rabitə və İnformasiyanın təhlükəsizliyi xidməti həyata keçirəcək.

Reyestrdə media subyektləri, redaksiyalar və jurnalistlərin özləri haqqında məlumatlar əksini tapacaq.

Xüsusən, fiziki şəxs olan media subyektinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, vətəndaşlığı və daimi yaşadığı ölkə, məhkumluğunun olub-olmaması haqqında məlumat, VÖEN-i, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı, əlaqə məlumatları, hüquqi şəxs olan media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), VÖEN-i, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları qeyd ediləcək.

Fiziki şəxs fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda, ali təhsili olmadıqda, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə, media subyekti ilə əmək müqaviləsi olmadıqda, reyestrə daxil edilməmiş media subyektində işlədikdə, jurnalistika sahəsi üzrə iş stajı 3 ildən az olduqda, jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası qaydalarına riayət etmədikdə reyestrə daxil edilməsindən imtina olunacaq.

Reyestrə daxil edilmiş hüquqi və fiziki şəxslərə şəhadətnamə və jurnalist vəsiqəsi verilir (üç illik).

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə deyib ki, reyestrin tətbiqinin məqsədi medanı və jurnalistləri tam nəzarətə götürmək, hakimiyyətin maraqlarına uyğun olmayan insanları jurnalistikadan uzaqlaşdırmaqdır.

"Maraqlıdır ki, hansı səbəbdən reyestr ancaq mediaya tətbiq olunur. Niyə tikinti, tibb, ticarət və ümumiyyətlə digər xidmət sahələrinə reyestr tərbiq edilmir? Həmin sahələrdə insanlar müqavilələrlə işləyirmi? Elə isə bütün peşə sahələrinə reyestr tətbiq etsinlər, biz də başa düşək ki, onların bir hissəsiyik. Burada xüsusi bir məqsəd var, məhdudlaşdırmaq. Azərbaycan hakimiyyəti indiyədək media cəmiyyətinin inkişaf konsepsiyasını təqdim etməyib. Yəni, hakimiyyət Kütləvi İnformasiya Vasitləsinin inkişafını necə görməsi barədə sənəd təqdim etməyib. İndiyədək Kütləvi İnformasiya Vasitələrinə qarşı siyasətdə ancaq məhdudlaşdırmaq, sıradan çıxarmaq, təzyiq etmək, mənzillərlə, qrantlarla, pullarala ələ almaq siyasətini görürük" , o qeyd edib.

Yeni Nəsil Jurnalistlər Birliynin rəhbəri Arif Əliyev hesab edir ki, "Media haqqında" qanunun tətbiqi çətinliklərlə müşahidə edilir.

"Reyestrə alınma ilə bağlı işlər başlayanda biz qanunun əsas çətinliklərini hiss edəcəyik. Qanunun digər çətinliyi ondan ibarətdfir ki, yozum üçün çoxlu imkanlar verir və ölkədəki siyasi vəziyyətə uyğun olaraq sərt və liberal formada tətbiqi siyasi iradən asılı olacaq" , ekspert Amerikanın Səsinə bildirib.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.