Prezidentdən mühüm mesaj: - Qarabağda antiterror əməliyyatı keçiriləcək?

29-05-2023, 20:09           
Prezidentdən mühüm mesaj: -
Yaxın zamanda Azərbaycanın hərbi-siyasi rəhbərliyi tərəfindən rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə qondarma qurumun ləğvi və qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi üçün zəruri addımlar atıla bilər.

Qeyd edək ki, mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan-Ermənistan sülh müqaviləsi, o cümlədən Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə mövcud siyasi vəziyyətlə bağlı mühüm bəyanatlar səsləndirib.

Dövlət rəhbəri açıq şəkildə həm Ermənistan, həm də qondarma qurumun rəhbərliyinə ciddi mesajlar çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlıların məsuliyyət zonasına daxil olan ərazilərin hər bir qarış hissəsi Azərbaycan Ordusunun nəzarəti altındadır.

Eyni zamanda Prezident Qarabağda 33 il ərzində qanunsuz fəaliyyət göstərən və Azərbaycan xalqına qarşı müxtəlif cinayətlər törədən qondarma qurumun təmamilə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, erməni separatçıları bu istiqamətdə addım atdığı təqdirdə amnistiyaya cəlb oluna bilərlər.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə də həmin rejimə aid olan “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlət rəhbəri, həmçinin vurğulayıb ki, Qarabağ ermənilərinin Azərbaycan rəhbərliyi ilə dialoqa cəlb olunmasından başqa alternativ yolları yoxdur.

Prezidentin bəyanatlarından aydın görünür ki, önümüzdəki aylarda, yəni yay-payız aylarında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağın dağlıq ərazilərində son nöqtəyə yönələn antiterror əməliyyatları həyata keçirilə bilər.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin aidiyyəti orqanlarla birlikdə adıçəkilən ərazilərdə antiterror əməliyyatları keçirməsi ehtimal oluna bilər:

"Həmin separatçı qurumun rəhbərləri 30 il ərzində, eləcə də İkinci Qarabağ müharibəsində bir çox cinayətlərə imza atsalar belə, onların amnistiyaya cəlb olunması mümkündür. Dövlət rəhbərimiz bütün dünyanın diqqətini nəzərə alaraq belə bir təqdirəlayiq tezis irəli sürüb.

Ancaq bu, bir şərtlə ola bilər ki, həmin qurumun rəhbərləri və onun tabeliyində olan qeyri-qanuni silahlı birləşmələr silahlarını yerə qoysunlar, ən yaxşı halda isə ərazilərimizi tərk etsinlər. Çünki onların başqa bir şansı yoxdur. Necə ki, Ermənistan tərəfi bir dövlət olaraq müxtəlif platformalarda bəyan edir ki, biz Azərbaycanın BMT tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanıyırıq, onlar da həmin addımları atmalıdırlar. Separatçılar çox yaxşı bilirlər ki, onlar nə müstəqillik veriləcək, nə də hər hansı bir status.

O ərazilərdə dinc əhalinin təhlükəsizliyinin təmin olunması üçün separatçılar özlərinin saxta və dırnaqarası qurumu buraxmalıdırlar, ən əsası da qeyri-qanuni silahlı birləşmələrin tərkisilah olunmasını elan etməlidirlər. Bununla yanaşı, Qarabağda məskunlaşan yerli ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması üçün dövlətimizin rəhbərliyinə müraciət etməlidirlər.

Bu istiqamətdə lazımi addımların atılmadığı təqdirdə Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq silahlı qüvvələrimiz aidiyyəti orqanlarla birlikdə asayişi bərpa etmək üçün ciddi tədbirlər görüb həmin qanunsuz silahlı birləşmələri məhv edəcəklər.

Onsuzda separatçıların əksəriyyəti ərazilərimizi tərk edəcəklər. Onların bir qismi isə dövlətimizin rəsmiləri ilə dialoq aparmaq məcburiyyətində qalacaqlar.

O ki qaldı Azərbaycan Ordusunun növbəti aylarda antiterror əməliyyatlarına, bu ölkəmizin hərbi-siyasi rəhbərliyinin qərarında asılı olacaq.

Əgər Azərbaycan hərbçilərinə və işğaldan azad edilən ərazilərdə məskunlaşan mülki əhaliyə qarşı təxribatlar törədilərsə, tərəfimizdən advekat cavablar veriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.