Messi: bütün dövrlərin ən yaxşısı

11-07-2020, 00:07           
Messi: bütün dövrlərin ən yaxşısı
Dünya futbolunun canlı əfsanələri “Barselona” klubunun kapitanı, argentinalı futbol kralı Lionel Messi haqqında heyranlıqla danışmaqda davam edirlər. Bu günlərdə “Roma” klubunun keçmiş kapitanı Daniele de Rossi “Barselona” nın lideri, “Qızıl top”un və “Qızıl butsu”un altıqat sahibi, 33 yaşının tamam olmasına baxmayaraq, oyun texnikası ilə dünyanı hələ də heyran qoyan Lionel Messi barədə çox maraqlı fikirlər bölüşmüşdür.

“Ona qarşı oynamağın özü artıq böyük motivasiyadır. Qarşılaşmalardan əvvəl tərəfdaşlarım və mən heyranlıq dolu nəzərlərlə ona baxırdıq. Amma çox çalışırdım ki, bunu açıq göstərməyim. Topu Messidən almaq, onun başqalarından almaqla müqayisəyə gəlməyən inanılmaz bir hissdir. Son 15 ildə Messi yalnız o futbolçulara qarşı oynayıb ki, onlar onunla eyni meydançaya çıxmaq hüququnun olduğunu sübut etməyə çalışıblar. Buna görə düşünürəm ki, onun ruhu inanılmaz dərəcədə güclüdür.
Əgər futbol haqqında danışırıqsa, deməli artıq heç bir dəlilə ehtiyac yoxdur, sözlər isə artıqdır. Bəli, Ronaldo statistikaya, qollara, kuboklara görə Messi ilə müqayisə olunur, amma Leonun oyunu daha böyük həzz verir. Mən onu seyr etməyə üstünlük verirəm. Son 30 ilin ən yaxşı komandası hesab etdiyim Qvardiola “Barselona”sında oynamaqda onun bəxti gətirib. Oradakı tərəfdaşları, Messi kimi yüksək dərəcəli oyunçular olmasalar da, amma onunla oynamağa layiq idilər”, - deyə “La Nacion” nəşri De Rossinin fikirlərini qeyd edir.
Amma Messinin heyran etdiyi futbol əfsanəsi təkcə De Rossi deyil. La Masiyanın yetirməsi olan, daha sonra Arsen Vengerin “Arsenal”ında parlayan və bir müddət “Barselona” klubunda Messinin tərəfdaşı olan, hazırda isə “Monako” nun yarımmüdafiəçisi kimi top qovan Sesk Fabreqas futbol dahisi Lioneli dünyanın ən yaxşı futbolçusu hesab etdiyini söyləməkdən çəkinmir.
“13 yaşımdan etibarən onunla oynamışam. Deyə bilərəm ki, onun istedadı heç kimlə müqayisə edilə bilməz. Bundan əlavə, o, əla rəqibdir. Messi həmişə qalib gəlmək istəyir, hətta məşqdə belə”,- deyə BBC ispaniyalının sözlərindən sitat gətirir.
“Barselona” və “Liverpul” un keçmiş oyunçusu Luis Qarsiya da bu bəstəboy futbol dahisinə heyranlığını gizlədə bilmir və Kataloniya klubunun argentinalı hücumçusu Lionel Messinin bundan sonra ən azı 5 il oynayacağı ilə bağlı fikirlərini söyləyir.
“Messinin illər uzunu oyun tərzini necə dəyişməsi məni heyrətləndirir. Hər il yeni bir şey göstərir, amma qol və top ötürmə sayı azalmır, hətta bəzən artır da. 2025-ci ildə onu meydanda asanlıqla təsəvvür edə bilərəm”- deyə “Goal” nəşri Qarsiyanın fikirlərini bölüşür.
Pandemiya ilə bağlı La Liqadakı fasilədən sonra İspaniya çempionatı “Barselona” üçün heç də yaxşı başlamadı. Elə bundan əvvəl də klub rəhbərliyinin oyunçular haqqında mediaya məlumat sızdırması qalmaqallı söhbətlər ortaya çıxarırdı. Bütün bu söhbətlərdə Lionel Messinin adı da hallanırdı və bunlar argentinalını təngə gətirmişdi.
Nüfuzlu “Cadena SER” radiosu “Twitter”də 400 mindən çox izləyicisi olan Manu Karrenonun sözlərinə istinad edərək bildirmişdi ki, 33 yaşlı argentinalı ulduz 2020/21 mövsümü başa çatdıqdan sonra “Camp Nou”dan ayrılmağı planlaşdırır. Xəbər nəinki İspaniya azarkeşlərini, bütün Messi pərəstişkarlarını şoka saldı. Bununla bağlı “Barselona” klubunun əzəli rəqibi Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidandan Lionel Messinin Kataloniya klubundan mümkün ayrılmasına münasibət bildirməsini istəyiblər. “Goal.com”a həm futbolçu, həm də məşqçi kimi peşəkar münasibət sərgiləyən Zinəddin Zidanın fikrini belə qeyd edir: “Nə olacağını bilmirəm, ancaq ümid edirəm ki, o “Barselona”da qalacaq. Çünki biz La Liqada ən yaxşıların oynamağını istəyirik”.
Dolaşan şayiələrdə Messinin öz keçmiş məşqçisi Qvardiolanın çalışdırdığı İngiltərənin “Mançester Siti” klubuna keçəcəyi bildirilirdi. “Goal.com” bu xəbəri şərh etmək üçün üz tutduğu Pep Qvardiola cavabında deyib: “Mövsümün sonuna qədər transferləri müzakirə etməyəcəyəm. Mən Messinin “Barselona”da qalmasını istəyirəm”.
Ümumiyyətlə, futbol aləmində Messini bir çox hazırki və keçmiş futbol ulduzları ilə müqayisə etmək çox dəbdədir. Daha çox isə onu öz həmyerlisi Dieqo Maradona ilə müqayisə edir və bəziləri dünya çempionu olduğu üçün ikinciyə üstünlük verirlər. Amma heç də hamı bu fikirlə razılaşmır. Məsələn, Paraqvay millisinin məşhur qalmaqallı qapıçısı Xose Luis Çilavert argentinalı Dieqo Maradonanı futbol tarixinin ən yaxşı oyunçuları sırasına belə daxil etmir və deyir: “Lionel Messi tarixin ən yaxşı oyunçusudur. Ronaldo və Romarionun oyununu izləmək də xoşuma gəlib. Maradona Messinin uğurlarının bir faizini qazana bilmədi və bu səbəbdən Lionel daha yaxşıdır”.
Müasir dövrün ən qalmaqallı məşqçisi Mourinyo da Messini futbol aləminin ən yaxşılarından biri kimi yüksək dəyərləndirir. Müsahibələrinin birində məşqçi deyir: “Deyim ki, oyunçularıma çox borcum var. Həm də mənim komandamda oynamayan, amma mənə problem yaratmış olanlara da. Məsələn, Messi məni ən yaxşı məşqçi etdi, çünki onunla görüşlərə hazırlaşmalı, oynamaq qabiliyyətində olan komanda təşkil etməliydim”. Məşqçidən bir çoxlarının Messinin ən yaxşı futbolçu olmasını niyə etiraf etmədiklərini soruşanda o deyir: “Messi porno saytı kimidir. Hamı baxmaqdan həzz alır, amma heç kim etiraf etmir”.
Bu futbol dahisi ilə maraqlı hadisələrdən birini də La Liqada çıxış edən “Malyorka” klubunun baş məşqçisi Visente Moreno “kataloniyalılar”la təkrar görüşdən əvvəl danışıb. O, İspaniya çempionatında öz klubunun “Barselona” ilə ilk tur qarşılaşmasını xatırlayaraq bildirib ki, həmin oyunda onun yetirmələri öz meydanlarında 2: 5 hesabı ilə məğlub olublar: “Matçdan sonra oyunçular məni böyük məğlubiyyətdə ittiham etdilər. Dedilər ki, məğlubiyyətə mənim Messini hirsləndirməyim səbəb olub.
O zaman Leo həqiqətən qəzəblənmişdi və fasilə zamanı mənə bildirdi ki, “Barsa” bizə yeddi qol vuracaq. Bəli, onlar bunu etmədilər, amma Messi het-trikə nail oldu. Əlbəttə, Lionel dünyanın ən yaxşı oyunçusudur. Siz onun imkanlarına, nəticələr qazanmaq üçün göstərdiyi səylərə diqqət edin! İstedaddır. Dahidir.
Düşünürəm ki, daha Messi ilə mübahisə etməyəcəyəm - təcrübə göstərir ki, bu komandanın xeyrinə olmur”, - deyə “Marca” Morenodan sitat gətirir.
Futbol aləmində öz sözünü demiş ingiltərəli ulduz futbolçu Bekhem də onun dahiliyini “Goal.com”a heyranlıqla etiraf edir: “Messi unikal bir futbolçudur, onunla eyni səviyyədə olan heç kim yoxdur. Ronaldo Lioneldən bir az geridədir, amma ikisi də səviyyələrinə görə qalanlardan üstündür”.
Messiyə sonsuz sevgisi ilə seçilən İngiltərənin sabiq futbolçusu Qari Lineker “Barselona” nın kapitanını ad günü münasibətilə təbrik edərkən kövrək notlarla yazır: “Lionel Messini 33 yaşı münasibətilə təbrik edirəm. O, özünün inanılmaz karyerasının sonuna yaxınlaşır. 722 matç və 699 qol vuran portnyorlarına münasibətdə heç bir paxıllıq hissi olmayan bu oyunçu hücumları başa çatdırmaqda amansızdır. Karyerasını bitirdikdən sonra biz onun üçün darıxacağıq. İmkan varkən zövq alın”.



İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.