Barselona-nın apellyasiya şikayəti təmin olunmadı

22-03-2023, 10:34           
Barselona-nın apellyasiya şikayəti təmin olunmadı
Barselona Kommersiya Məhkəməsi “Barselona”nın yarımmüdafiəçisi Qavinin yeni müqaviləsinin qeydiyyatının ləğvi qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib.

Martın 21-də məhkəmə futbolçunun Kataloniya klubunun gənclər komandasının oyunçusu kimi qeydiyyatdan keçməli olduğu ilə bağlı daha əvvəl verilmiş qərarı qüvvədə saxlayıb. Apellyasiya şikayətinin rədd edilməsinə səbəb klubun iddianı göstərilən müddətdən sonra qaldırmasıdır. Şikayət martın 1-nə qədər verilə bilərdi, “Barsa” isə bunu ertəsi gün edib.

Beləliklə, Qavi yenidən ehtiyat komandanın oyunçusu kimi çıxış edəcək. O, nömrəsini 30-a dəyişməli olacaq. Klub bu qərardan yuxarı instansiyaya şikayət edə bilər.

Xatırladaq ki, sentyabrda “Barselona” 18 yaşlı ispaniyalı ilə müqavilənin müddətini 2026-cı ilə qədər uzatdığını açıqlamışdı. Yeni sözləşmənin şərtlərinə görə, oyunçunun maaşının artırılması nəzərdə tutulmuşdu. Dekabrda məlum olmuşdu ki, kataloniyalılarda maaş limiti aşıldığı üçün Qavi əsas heyət üzvü kimi təsdiqlənməyib.

Yanvar ayında La Liqa rəhbərliyi “Barselona”ya yeni müqaviləsi iqtisadi tələblərə cavab vermədiyi üçün futbolçunun əsas komanda oyunçusu kimi qeydə alına bilməyəcəyini bildirmişdi. Daha sonra məhkəmə “Barselona”ya Qavinin yeni müqaviləsini qeydiyyatdan keçirməyə icazə verib. La Liqa isə apellyasiya şikayəti verdi. Mart ayında məhkəmə Qavinin müqaviləsinin qeydiyyatını ləğv edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.