"Qalatasaray"-ın qurultayında üsyan

26-03-2017, 17:38           

teref.az - ya Türkiyədən verilən xəbərə görə, Galatasaray və AKP hökuməti qarşı-qarşıya gəlib!
Dünən GS-nin qurultayı idi və rəhbərliyin ötən 1 illik fəaliyyəti barədə hesabatı dinlənildi. Qurultayda GS ilə ölkə hökuməti arasında gərginlik yaradan (klub rəhbərliyinin iradəsi xaricində) 3 hadisə baş verdi:
1. Qurultayın açılışında dövlət himnindən sonra üzvlərin bir çoxu hazırda referendum öncəsi "hayır" cəbhəsinin ortaq marşına çevrilmiş "İzmir marşı"nı (Yaşa, Mustafa Kemal Paşa, yaşa!) oxudu;
2. Çıxışlar zamanı söz alan indiki idman nazirinin atası, Ərdoğanın şəxsi həkimi olmuş GS üzvü Sinan Kılıç fitə basıldı və çıxışını tamamlaya bilmədi;
3. "Fətullahçı" kimi tanınan ölkə futbolunun keçmiş ulduzları Hakan Şükür və Arif Ərdəmin GS üzvlüyündən xaric olunması barədə təklif rədd edildi.
Bütün bunlar, xüsusən 3-cü məsələ hökumətin qəzəbinə səbəb olub. Hökumət qərara dərhal yenidən baxılmasını, Hakan və Arifin üzvlükdən çıxarılmasını tələb edir.
Xatırlatmaq yerinə düşər ki, GS ilə AKP arasında daha əvvəl də ciddi problem yaşanıb. 2011-ci ildə stadionun açılışında Ərdoğan fitə basılmış və mərasimi tərk etməli olmuşdu. O hadisədən sonra klub dövlət aparatının, hökumətin ciddi təzyiqləri ilə üzləşdi. İndi son hadisədən sonra yenidən kluba qarşı təzyiqlərin başlaması istisna deyil. Çünki Ərdoğan belə şeyləri bağışlamır.
P.S. GS-nin hazırkı prezidenti Dursun Özbək hökumət tərəfindən dəstəklənir.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.