Tərtər rayonunda 9 aylıq hesabat

22-10-2015, 11:12           
Tərtər rayonunda 9 aylıq hesabat
Rayon icra hakimiyyəti başçısının “2015-ci ilin doqquz ayı ərzində Tərtər rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri, KİV-in və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

teref.az xəbər verir ki, yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hesabat məruzəsi ilə çıxış edərək 2015-ci ilin qoqquz ayının bütövlükdə respublikamız, eləcə də rayon üçün yaddaqalan və uğurlu olduğunu qeyd edərək rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlığını bildirmişdir.

Rayon rəhbəri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, ölkə rəhbəri Nazirlər Kabinetinin iclasında demişdir ki, ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub getsin. Bu dözülməz haldır. Bunu edən sadəcə pul qazanmır, dövlətə xəyanət edir. Sonra M.Məmmədov MTN bir qrup yüksək rütbəli məmuru tərəfindən sahibkarların təhdid olunması, bu yolla onlardan külli miqdarda gəlir əldə edilməsindən danışmış, bu hərəkətlərin möhtərəm prezidentimizin dediyi kimi dövlətə, xalqa xəyanət olduğunu qeyd etmişdir.

Nazirlər Kabinetinin iclasında cənab Prezident bildirmişdir ki, sahibkarlıq sahəsində aparılan çoxsaylı yoxlamalar barəsində şikayətləri nəzərə alaraq 2015-ci il noyabrın birindən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılır. Müxtəlif hökumət qurumları tərəfindən verilən və bəzən bir-birini təkrarlayan lisenziyalar və xüsusi razılıqlar, bürokrat əngəllər aradan qaldırılmalıdır. Bu dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük dəstək, diqqət və qayğıdır.

Rayon rəhbəri ölkə rəhbərinin sahibkarlara verdiyi dəstəklə bağlı tapşırıqlarını rəhbər tutaraq idarə, müəssisə rəhbərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon ərazisində fəaliyyət göstərən sahibkarlara qarşı bürokratik əngəllərə yol verməmək barədə tapşırıqlar vermişdir. Bildirmişdir ki, bundan sonra da rayon icra hakimiyyəti tərəfindən qanun çərçivəsində sahibkarlara lazımi köməkliklər göstəriləcəkdir.


Hesabat yığıncağında qeyd olunmuşdur ki, bu il dünyada davam edən böhranlar, neftin qiymətinin düşməsinə baxmayaraq möhtərəm Prezidentin müdirik siyasəti nəticəsində ölkədə çox böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycan surətli iqtisadi inkişafa nail olmuşdur. Bu inkişafı rayonumuzun timsalında da aydın görürük. Belə ki, rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 10.3 faiz artaraq 104.2 milyon manat təşkil etmişdir. Makroiqtisadi göstəricilərin yüksəlişi sakinlərin real gəlirlərinin artmasına, insanların həyat səviyyəsinin yüksəlməsinə təsir göstərmişdir.



Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 7.5 faiz artmışdır. İlin ötən dövrü ərzində 10 min 843 hektar taxıl sahələrində biçin aparılmış, bir hektardan orta məhsuldarlıq 37.1 sentner olmaqla, 20 min 837 ton buğda, 5233 hektar arpa sahəsinin hər hektarından orta məhsuldarlıq 34.5 sentner olmaqla, 180 min 30 ton arpa məhsulu istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq ötən ilə nisbətən buğda üzrə 2.7 sentner, arpa üzrə 1.1 sentner artmışdır.

Heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində rayonda 2108 ton diri çəkidə ət, 13472 ton süd, 7 milyon 640 min ədəd yumurta, 124 ton yun istehsal edilmişdir.

Rayonun Düyərli, Hüsənli, İsmayılbəyli, Azad Qaraqoyunlu, Xoruzlu, Qaradağlı, Hacıqərvənd, Sarov, Ələsgərli, Köçərli, Balakəngərli kəndlərinin hər birində 1 ədəd, Güləbatlı kəndində 2 ədəd olmaqla, 13 subartezian quyusunda qazma işləri başa çatdırılmış, Borsunlu kəndində 14-cü subartezian quyusunda qazma işləri başa çatmaq üzrədir.

Diqqətə çatdırılmışdır ki, tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilmişdir. Rayon mərkəzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli, 6 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir. Ev növbəsində qeydiyyata alınan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilmişdir.

Tərtər şəhərinin V.Orucov, T.Rəhimov, S.Vurğun, R.Kərimov və M.Hüseynzadə küçələrində 21.9 min kvadratmetr asfalt-beton örtüyü salınmışdır. Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Heydər Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metr məsafədə SİP kabellə yeraltı çəkilişi işləri görülmüşdür. Tərtər şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilmiş, M.Əsədov küçəsində 1600 metr məsafədə yol kənarına bardyor düzülərək səkilər salınmışdır. F.Qulami küçəsində 1700 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılmış, ümumi uzunluğu 3.7 km olan istinad divarları 7500 kvadratmetr aqlay və bəzək daşları ilə üzlənmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmışdır. H.Əliyev prospektində, E.Səfərov, M.İbrahimov və F.Qulami küçələrində ümumi uzunluğu 3.0 km-dən çox olan yeni səki daşları düzülmüş, küçələr genişləndirilmişdir. Azərbaycanın Milli Qəhrəmanı V.Orucov adına küçədə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində V.Orucovun barelyefi quraşdırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilmiş küçələrdə də abadlıq işləri aparılmış və həmin küçələrin girişində də tezliklə baralyeflər qoyulacaqdır.

Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasında, müasir tələblərə cavab verən yeni şahmat məktəbində, Qapanlı kənd tibb məntəqəsində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında tikinti işləri aparılır. Bəyimsarov kənd xəstəxanasında və Qaraağacı kənd tam orta məktəbində, Mədəniyyət Mərkəzinin Soyulan folklar klubunda əsaslı, Mərkəzi rayon xəstəxanasının yardımçı binasında, Qazyan kənd həkim məntəqəsində, Əskipara kənd tam orta məktəbində, Qazyan kənd ümumi orta məktəbində, Kovdadıq kənd ibtidai məktəbində və Mədəniyyət mərkəzinin Ələsgərli filialında, Ələsgərli və Qaradağlı kənd kitabxanalarında cari təmir işləri görülmüşdür. Gənclər Mərkəzi və Təhsil Şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənmiş, hər iki bina gecə işıqlanması ilə təchiz edilmişdir. Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissələri müasir memarlıq üslübunda aqlay daşı ilə üzlənmiş, gecə işıqlanması ilə təchiz edilmiş və pəncərələri dəyişdirilmişdir. Şəhərin H.Əliyev prospektində 1 ədəd 5 mərtəbəli, Ə.Paşayev küçəsində 5 ədəd 2 mərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslubunda yenidən qurulmuşdur. Tərtər Cümə Məscidində əsaslı təmir işləri başa çatmaq üzrədir.

Dövr ərzində rayonda təbiətin mühafizəsi və ekologiyanın qorunması məqsədilə 25 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilmiş və 5000 kv.metr yaşıl qazon salınmışdır.

2015-ci ilin iyun ayında Tərtər şəhəri və ətraf 11 kəndinin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Hazırda Tərtər şəhərinin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılmış, 26 kilometr magistral kanalizasiya xətti, 12.4 kilometr magistral su xətti çəkilmiş, 1317 ədəd dəmir-beton baxış quyuları quraşdırılmışdır. Tutumu 5000 kubmetr olan su anbarının tikintisinə başlanılmışdır. Anbara 1200 metr su xətti çəkilmişdir.

Cari ilin 9 ayı ərzində istehlakçıların enerji ilə fasiləsiz təminatı üçün aparılan işlər davam etdirilmişdir. Tərtər şəhərində 10 ədəd yeni transformator quraşdırılmışdır. Çaylı kəndində məskunlaşmış məcburi köçkünlər üçün yeni 1.55 km 6 kv-luq hava xətti və kəndin içində 2.5 km 0.4 kv-luq hava xətti çəkilmişdir. Bu sahədə müəyyən işlər görülsə də, əhalinin elektrik enerjisi ilə tam təmin olunması üçün işlər hələ çoxdur.

Rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərin qazlaşdırılması davam etdirilmişdir. 2015-ci ilin 9 ayı ərzində rayonda 8 yaşayış məntəqəsinə - İsmayılbəyli, Evoğlu, Mamırlı, Poladlı, Bala Kəngərli, Kəngərli, Təzəkənd, Hacıqərvənd kəndlərinə qaz xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir. Rayonun 7 yaşayış məntəqəsində Borsunlu, Seydimli, Cəmilli, Qaradağlı, Sarov, Köçərli, Yuxarı Sarıcalı kəndlərində qazlaşma işləri surətlə davam etdirilir və son tamamlama işləri aparılır. Bəyimsarov və İlxıçılar kəndlərində qazlaşma işlərinə başlanılmışdır. Seydimli-Borsunlu kəndlərı istiqamətində diametri 315 mm-lik yeraltı daşıyıcı polietilen qaz xətti çəkilişi başa çatdırılmışdır.

Hesabat dövründə vətəndaşların ərizə, şikayət və müraciətlərinə uyğun baxılması bir daha diqqətə çatdırılmışdır.

Rayon icra hakimiyyətinin başçısı hesabat məruzəsində əminliklə bildirmişdir ki, tərtərlilər möhtərəm prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasını dəstəkləyəcək, rayonun sosial-iqtisadi inkişafının surətləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün var qüvvəsini əsirgəməyəcək, “Kənd təsərrüfatı ili”ni parlaq əmək göstəriciləri ilə başa vuracaqlar.
Yığıncaqda çıxış edən Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Qaz istismar sahəsinin rəisi Şəhriyar Qarayev, Tərtər Elektirik Şəbəkəsinin rəisi Zülfü Salahov, Qaraağacı İƏD-i üzrə nümayəndənin müavini Lətif Həmidov, fermer Habil İbrahimov 2015-ci ilin doqquz ayında görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdılar.

Yığıncaqda müvafiq qərar qəbul edilmişdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.