Misir Allahlarının, Osman şahlarının və İmam Əlinin Vətəni – Muğan

3-06-2019, 10:38           
 Misir Allahlarının, Osman şahlarının və İmam Əlinin Vətəni – Muğan
Bu məqaləni, mərhum dostum, kinorejissor Nadir Muqbilovun əziz xatirəsinə ithaf edirəm.

Bu günə qədər yazdığım kitab və məqalələrimdə - ən qədim mətnlərdə Tilos/Atlas və s., türk mənbələrində isə “Allah dağı Talas” adlandırılan Talış dağlarındakı Ata Yurdum haqda danışırdım. Bu son məqaləmdə isə, Ana Vətənim haqda məlumat vermək istəyirəm.

Sufizmdə “vətən” rəmzi, “batin” rəmzi ilə eyni mənalıdır və əsl vətənin - insanın batinində olan ruhla bağlı olması deməkdir. Vətən, batin rəmzləri təsəvvüfdə “Beyti-Nun” mənasını verir ki, bu da ruhun – ilkin Nun sularındakı Beytini bildirir. Beyt/Bit rəmzi ən qədim Misir mənbələrində, teurqların (türklərin) qurbanla (teurqiya ilə) yaratdığı göydəki ruhlar dünyasını – Evini bildirir. Başqa sözlə, düşünən insanın ruhu – Allahın göydəki Evindən enmişdir və bədənin fiziki ölümündən sonra da oraya qayıdır.

Vətən/batin rəmzləri ilə eyni mənalı budin və budun rəmzləri – mənbələrdə Midiya maqlarına və türklərə aid edilir ki, bu da Midiyanın türk maqlarının vətəninin məhz Allahın Beyti olması deməkdir. Bu rəmzin batini mənası aydındır. Lakin bunun birbaşa, yəni zahiri mənası nədir və bu Allah Beytinin yerlə, yəni fuzuki aləmlə təması haradır? Bu suala cavab tapmaq üçün biz, qədim müdriklərin məntiqinə müraciət etməliyik.

Germetizm abidəsi sayılan “Zümrüd Lövhələr”in əsas fəlsəfəsi – “göydə olan, yerdəki ilə eynidir və yerdə olan da göydəki ilə eynidir” məntiqidir. Bu məntiqi anlamaq üçün, Allahın göydə yaratdığı cənnətin, yəni ruhlar dünyasının yaradılış texnologiyasını bilmək vacibdir.

Göylərdə, yəni yunanların Xaos adlandırdığı ilkin materiyada bir şey yaratmaq üçün, yerdə onun bənzərini yaradıb, ilkin materiyaya bunu əsas obyekt kimi “göstərmək” lazımdır. Yalnız bu zaman göylərdə, yəni efirdə - yerdə yaradılmış obyektə bənzər obyekt var ola bilər. Başqa sözlə, göydə bir “şəhər”, “ev” yaratmaq üçün, onun bənzərini yerdə yaratmaq vacibdir ki, ilkin materiya da bunun bənzərini göydə var etsin. Bunun üçün isə, yerdə - göydəki Xaos sahələrinə, səhralarına bənzər ərazini Xaos adlandırıb, orada bir “şəhər”, “ev” tikmək vacibdir. Midiya maqları, öz beyinlərində təsəvvür etdikləri bu şəhər-evi, Xaos adlandırdıqları ərazidə yaradaraq, bu sahələri Maqan (Maq-Nun), yəni Nun sularındakı (Göy okeanında) Maq ölkəsi (şəhər-evi) adlandırdılar. Başqa cür desək, Midiya maqları - yerdəki Maqan, yəni Muğan çöllərini Xaos adlandıraraq, burada şəhər-ev tikib, onun bənzərini maqiya ilə göydə var etmişlər. Rəmzlər elmində bu şəhər-ev həm də kosmik insan və s. kimi də təsəvvür olunur.

Göydəki cənnətin obyekti kimi yerdə yaradılmış Xaos sahələri, mənbələrdə Oğuz eli kimi də qeyd olunur. Kitabi Dədə Qordudda bu Oğuz eli - İç Oğuz kimi, onu yaradanların yerdəki eli isə - Taş Oğuz kimi qeyd olunur. Mən, “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə bu haqda geniş yazmışam. Burada, Taş Oğuz – Midiyanın Tilos/Atlas dağları, İç Oğuz isə həm Muğanın Oğuz eli və həm də göy sahələrindəki ruhlar dünyası – cənnət mənasındadır. Mənbələrdə - “Dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” dedikdə, Tilos/Atlas dağlarında və Muğan Xaosunda, yəni Oğuz elində yaşayan Midiya türk budinləri nəzərdə tutulur. Batini mənada isə bu fikir - Midiya maqlarının, Midiya səhraları sayılan göydəki cənnətə ekstatik durumda səyahəti nəzərdə tutur.

Qədim Misir mənbələrində Tilos/Atlas dağlarındakı Taş Oğuz eli – Aşağı Geliopol və ya Aşağı Misir, Muğandakı (Maqan) Oğuz eli isə Yuxarı Geliopol və ya Yuxarı Misir kimi qeyd olunur. Dövrümüzün tanınmış alimi Devid Rola görə, “Misir” sözü – “Asardan doğulmuş (yaranmış)” mənasındadır. Şumerlərin Marduk Allahının digər adı olan Asar isə qədim Misirin Osiris Allahıdır. D. Rol xüsusi qeyd edir ki, Xuş (Kuş) və Misraim (Masri) tayfaları, Nil vadisini fəth etmək üçün Mesopotamiyanın Eridu şəhərindən yola çıxmışlar. O, Misir fatehlərini – “Qor yolu ilə gedənlər” adlandırır və bildirir ki, onlar öz köklərini Mesopotamiyanın böyük qəhrəmanlarından götürürlər. Onun yazdığına görə, Misir Allahlarının vətəni – Günəşin doğduğu Şərq ölkəsidir. Devid Rol Xuş (Kuş) dedikdə, Şumer-Akkadların Kiş şəhərini nəzərdə tutulur ki, rəvayətlərə görə, Kişin I sülaləsi - göyə uçan əfsanəvi Etan ilə başlanır. Burada “göyə uçma” rəmzi, qədim Misir fironu Amonun ölümündən sonar, ruhunun göyə qalxıb (quş rəmzinə metamorfoza), əvvəlcədən orada yaratdığı Ra günəş diski ilə birləşməsi və Ra-Amon (Rəhman) Allahına çevrilməsi mənasındadır. Quranda bu “göyə uçma” – Rəhmanın ərşə yüksəlməsi kimi qeyd edilir və bu haqda mən kitab və məqalələrimdə yazmışam.

Tədqiqatçıların sözlərinə görə, Kiş hökmdarları özlərinə “şah”, “sahib” mənasını daşıyan “Luqal” titulunu götürdülər və sonralar “Kiş luqalı” titulu - bütün hökmdarlardan yüksək olan “şah hegemon” anlayışına bərabər oldu. Kiş şəhərini – “şahlar siyahısı”nda qeyd olunan əfsanəvi Kuti sülaləsi idarə edirdi ki, məşhur alim A. Oppenheymə görə, Mesopotamiyanın bu şahlar siyahısındakı sülaləsinin hakimiyyəti mifik dövrlərdən - çar hakimiyyətinin “göydən yerə” endiyi dövrlərdən başlanır. Bu isə o deməkdir ki, Misiri fəth edən Xuş/Kiş şahları elə qədim Misir Allahlarıdır.

Kiş rəmzi qədim mənbələrdə Kar-Kaşşi yaşayış məskəni kimi də qeyd olunur. Tarixçi alim İ. Dyakonova görə, Kar-Kaşşi yaşayış məskəninin hökmdarı Kaştaritidir və onun qalası da Midiyadakı babillərin Silxazi qalası sayılır. İ. Dyakonov “Midiya tarixi” kitabında bildirir ki, assuriyalılar, Midiyanın mərkəzində “babillilərin qalası” və ya “kassitlərin koloniyası” ilə qarşılaşmışdılar ki, burada babillilərin Marduk Allahına sitayiş də olunurdu. Başqa sözlə, Kaştariti qalası elə - başı göylərə çatan Babil və ya Eridu qalasıdır və bu qalanın Allahı da Marduk, yəni Asar/Osiris Allahıdır. Bilirik ki, Babil – “Allahın qapısı” deməkdir və dilimizdəki “Allah” (El-İlah) rəmzi də sufi-batinilərdə “Luqal” (İlah-El) rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, Kiş şəhərinin Luqalı elə Babildə var olmuş Allahdır. Başqa cür desək, Babil qalası – Taş Oğuz eli, Babilin göylərə çatan başı isə İç Oğuz Eli, yəni cənnət aləmi mənasındadır.

Hind mənbələrində Kaştaritilər – şah nəsli olan kşatra təbəqəsidir və onlar – “Sahəni (İlahi Sahə - İlkin materiya) dərk etmişlər” nəslidir. “Maxabodxivamse” kitabında kşatra (Kiş-Atar/Eridu) nəsli - Muarye/Mariye kimi qeyd olunur ki, bu da marlar, yəni midiyalılar nəsli deməkdir.

Qədim Misir yazılarına görə, Allahların vətəni – Günəşin doğduğu Şərq ölkəsi, yəni Albaniyadır. Alban yazılarında Kiş kəndi - albanların ilk kilsəsinin tikildiyi kənd adlandırılır. Mənbələrdə nəzərə çatdırılır ki, Müqəddəs Xaç da Qis kəndində gizlədilmişdir və s.

Digər tərəfdən, Albaniyanın başqa adı mətnlərdə Alu adlanır ki, bu da batinilərdə Əli rəmzi ilə eynidir. Mənbələrə görə, İmam Əli demişdir: “Əgər kimsə bizim əslimiz haqqında soruşsa, biz Kusdan olan nəbatilərik”. Burada “Kus” dedikdə - Xaos/Oğuz/Kiş və s., “nəbati” dedikdə isə “Nun-Beyt”, yəni Beytdən olan batini-budinlər nəzərdə tutulmalıdır. Bu isə o deməkdir ki, sufi-batinilərə görə, İmam Əli obrazı – Alban (Benu/Ba Eli) rəmzi kimi göydəki İç Oğuzun, yəni ruhlar vilayətinin insaniləşdirilmiş rəmzidir. Əli vilayəti isə həm göydəki ruhlar dünyası və həm də bu dünyanın yerdəki bənzər obyekti olan qədim Kus/Kiş/Oğuz elidir. Ən qədim mənbələrdəki Kus/Kiş eli - bu gün İran ərazisindəki Muğanın Qoşa kəndidir. Kitabi Dədə Qorqudda, “dibdə oturan xas bəglər” dedikdə də Muğanın Qoşa bəyləri nəzərdə tutulur. Qədim Misirdən məlum olan, peyin böcəyinin Ra diskini yaratması ritualı da Muğanın Qoşa kəndinin ərazisində keçirilmişdir.

Türk tarixçilərinin yazdığına görə, Osman şahlarının da əcdadları Azərbaycanın Muğan ərazisindən Türkiyəyə köç etmişlər. Tarixçi Təbrizli Arakel, Osman şahlarının nəslini - “əjdahadan doğulmuş” Midiya maqları adlandırır. Mənbələrdə ilandan və ya əjdahadan doğulmuşlar dedikdə, Heraklın Gileyada (Gel/Gelat/Axlat/Ahlat) yarıilan, yarıqadın Yexidnadan doğulmuş saklar, yəni şahlar nəsli nəzərdə tutulur. Gileya isə Aşağı Geliopol (Taş Oğuz) mənasında Ra-Amon Allahın “Dünya” yaratmağa başladığı Gel şəhərdir.Yəhudi mənbələrində Gileya sakları – mələklər nəsli kimi təqdim edilir. Azərbaycan mənbələrində bu mələklər - Şah İsmail Xətainin “Sorxsər bidin mülhidləri”, yəni ölümsüz Azərin (AsarXızır) türk-budinləri, Həsən Sabbahın Ələmut (Midiya Eli) məlahiləri və s. kimi qeyd olunur.

Qədim Misir yazılarına görə, Allah - ilk olaraq dünyaya hakim kimi Asar/Osiris, yəni Azər nəslini yaratmış, daha sonra isə digər 72 xalqı var etmişdir. Tövrata görə, Şərqdən gələn məhz bu Asar/Assur “xalqı” - Sennar (Sünik) çöllərinə gələrək, burada Babil qülləsini tikmişdilər. Başqa sözlə, qədim mənbələrdə Misir, Assur Allahları dedikdə məhz Azərbaycanın Muğan elindən gəlmiş İlahi İnsanlar nəzərdə tutulmalıdır. Axirətə qədər bütün dünyanı da - Azərbaycanın Muğan elindən çıxmış şahlar və peyğəmbərlər nəsli idarə etmişlər. Yalnız axirət ərəfəsində, əzəl yazıya (Lövhi-Məhfuz) uyğun olaraq, bütün dünyada hakimiyyət adi insanların əlinə keçmiş, İlkin materiya - yaradılışdan əvvəlki Xaos vəziyyətinə gəlmiş və Azər eli parçalanmışdır və s.

Yazdıqlarımdan çıxan qısa nəticə isə odur ki, Allahın – dünyanı idarə etmək üçün yaratdığı seçilmişlər nəsli, Azərbaycanın Muğan elinin müqəddəsləridir. Bütün bunlar haqda daha geniş məlumatlar, kitab və məqalələrimdə mənbələrlə verilmişdir.

Firudin Gilar Bəg





шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.