Uşaq ikən velosipedim yox idi - Süzülüb axan xatirə..

11-07-2019, 16:18           
Uşaq ikən velosipedim yox idi - Süzülüb axan xatirə..
Oxuyacağınız bu xatirənin müəllifinin kim olduğunu bilmirəm, ona görə müəllifsiz verirəm.
T.az
Uşaq ikən velosipedim yox idi.
Dostlarımın velosipedlərinə toxunmağı çox sevirdim. Velosiped dəmirinin barmaqlarıma o soyuq və yumşaq toxunuşu gecələr boyunca yuxularıma girirdi. Hələ də xatırlayıram, yuxudan oyananda sanki velosipedim varmış kimi həyəcanla gözlərimi açırdım.
Velosipedin özünə məxsus zənginin səsini də çox sevirdim.
Bir gün səhər anam dostumun velosipedinin dalınca qaçdığımı görüb. Çox məyus olub. Rəhmətlik atama “Bəlkə bu uşağa bir velosiped alasan…dostlarının arxasınca qaçanda ürəyim ağrıyır” – deyib.
Atam, “Birdən velosiped sürəndə onu maşın vurar” qorxusu ilə almaq istəməyib.
Heç yadımdan çıxmaz, bir gün qonşumuzun oğlu ilə divar dibində söhbət edirdik. Velosipedinə söykənmişdi. Əlində yaşıl alça var idi. Həm yeyir, həm də velosipedinin necə sürətlə getdiyindən danışırdı. Əlindəki alçaları yeyib qurtardıqdan sonra velosipedinə minəndə, “Velosipedinin zəngini bir dəfə çala bilərəm?” – deyib icazə istəmişdim.
Dostum, “İndi olmaz, bir dövrə vurum gəlim sonra” – demişdi…
Üstündən neçə illər keçib, o anı xatırlayıb hələ də köks ötürürəm. Zəngi çalmağıma icazə versə idi nə olardı ki…
Uşaq idik də…
Atam bizi eyvandan seyr edirmiş…
Məni evə çağırdı…
Yanına gəldim. “Sənə bir velosiped alacam” – dedi. Donub qaldım. “De Vallah…” – dedim. Gülümsədi, “Vallahi” dedi. Necə sevindimsə, “Ura!” deyib qapıya tərəf qaçırdım ki, atam “Amma iki şərtim var…” – deyib arxamca səsləndi. Geri qayıtdım. “Nə desən edəcəm, söz verirəm!” – dedim. “Bir də heç kimin velosipedinin arxasınca qaçmayacaqsan” – dedi. “Yaxşı, söz verirəm” – dedim. “İkincisi də, rüblük cədvəlində qiymətlərin hamısı 5 olmalıdır” – dedi.
Dərslərimi yaxşı oxuyurdum. O il cəmi bir fənndən 4-üm var idi, amma digər dərslərin hamısı 5 idi. “Yaxşı, söz verirəm” – deyib bayıra qaçdım. Qışqıra-qışqıra, “Atam mənə velosiped alacaq” deyə-deyə dəli kimi küçədə qaçmağa başladım…
O gündən sonra daha dostlarımın velosipedinin arxasınca qaçmadım, yol kənarında durub uzaqdan onları seyr etdim…
Rüb sonunu həsrətlə gözləyirdim…müəlliməmə də “Bütün qiymətlərim “5” olsa, atam mənə velosiped alacaq” demişdim. O da “Baxaq görək” deyib gülümsəmişdi…
Rübün sonu yetişdi…müəlimməm rüblük cədvəlləri paylayanda sanki ürəyim dayanacaqdı…adımı oxuyanda qaçaraq cədvəlimi aldım, sürətlə gözdən keçirdim…bütün qiymətlərim 5 idi…çox sevindim, müəlliməmi qucaqladım…o da “Qaç, atana de, velosipedi qazandın artıq” dedi…
Bayıra necə sürətlə qaçdımsa, ayaqqabımın biri çıxıb yolda qaldı…qaça-qaça evə çatdım…anama cədvəlimi göstərdim:
Atam velosipedi bu gün alacaq?
Anamın gözləri doldu…
Bilmirəm, atandan soruşarıq.Atam saat neçədə gələcək?Bu gün gəlməyəcək…Niyə?
Atam uzun müddətdir xəstə imiş, həmişə bizdən gizlədirmiş…həmin gün vəziyyəti ağırlaşıb, xəstəxanaya aparıblar…qəfildən bütün ümidlərim puç oldu…atamı xəstəxanaya aparıblar deyə yox, velosipedimin axırı nə olacaq deyə…uşaq idim də…
Bir neçə gün sonra atama baş çəkməyə getdik. Əməliyyat eləmişdilər, üzü yorğun görünürdü…məni görən kimi gözləri doldu…yanına yaxınlaşdım…alç
aq səslə “Cədvəlini aldın?” dedi. “Aldım, bax” dedim və ona qiymətlərimi göstərdim…gülümsədi, bir az gözlərini yumub dincəldi, sonra yenə açdı. “Mən də sənə velosiped alacağam” dedi…
Atamdan eşitdiyim son söz bu oldu…
O gündən sonra mənim velosipedim olmadı…
Uşaqlarımın velosipedi oldu, amma mənim hələ də yoxdur…
Bəzən uşaqlarımın velosipedlərinə toxunur, təbəssümlə zəngini çalıram…bilmirəm atama verdiyim vədə xilaf çıxıram ya yox, amma onların velosipedinin arxasınca qaçıram…heç kim görməsin deyə yaş kipriklərimi silərək…
Ata-analara “Uşaqlarınıza verdiyiniz sözü vaxtında yerinə yetirin” deyəndə, bəzən onlardan “Amma.. axı.. gərək.. onlar bizim istədiklərimizi yerinə yetirsinlər” cavabını eşidirəm və beynimdə həmişə bu xatirə canlanır…
Nə cədvəldəki qiymətləri, nə də özünü ağıllı aparmasını şərt qoymayın…uşağınıza verdiyiniz sözləri vaxtında yerinə yetirin…çünki bəzən buna həqiqətən şansınız olmur…olsa da, uşaqlıq illərindəkinin yerini vermir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.