Proloq əvəzi: Klassik tapança markalarında maqazində 7 güllə olurdu!

9-08-2020, 09:54           
Proloq əvəzi:
Proloq əvəzi:

Bütün günü içimdə bir narahatlıq vardı: bu qədər gözəl başlanan, başladığım günü sonuna elə bu gözəlliklə də çatdıra biləcəyimmi? Bir neçə paylaşımla aradakı vaxtda həzz dəqiqələrini özümə yaşatsam da, Günəş qürub etdikcə... ruhumun çırpıntıları daha da şiddətlənirdi! Mən, deyəsən, daha nəsə yazmalıydım! Hə-ə, yadıma düşdü! 13 iyuldan sonra və üzübəri "hamilə" qaldığımı! Əslində... 25 gün fərq elə mənim 25 yaşımdan bu yana yaşantılarımın bətnimdə "ətə-qana" gəlməsiyçünmiş! :) Beləliklə:


Sən... mənim Aydınımsan!

... Təntidi, nəfəsi çatmadı deyəsən, boğazında səsi xırıldadı, sonra ağzının içində suyu səsində qaynadı... Deyə bilmədi deyəcəyini... demək istədiyinə!
Bükülən ovcunda cəmi bir cümləlik kağız parçası vardı: bu onun son məğrur duruşuydu – hər dəfə güllələnəndə gülləyə uça-uça, ölümə qaça-qaça gedən olmuşdu! Lap elə Lenin babanın heykəli kimi donub bitmişdi!
Hər dəfə güllələnəndə içinə və çölünə fışqıran qan damarlarından azaldıqca gücü çatmırdı üzündəki təbəssümü aparsın!

I güllə

Onda fikirləşirdi 9 aydan sonra oğlum olacaq, 3 yaşında üzməyi, 4 yaşında əlifbanı, 5 yaşında şahmatı öyrədəcək, 10 yaşınacan orta məktəbi ekstern yolla və qızıl medalla qurtaracaq, dünyanın ən bərkgedən universitetinə qəbul olunacaq!
10 yaşında tələbə və şahmat üzrə dünya çempionu olacaq oğlunu... oğlunun anası olmaq şərəfini anlamayan anası doğuş stoluna öz anasıyla gedib ginekoloqa qətl etdirmişdi!
Birinci güllənin yarası incitsə də, qanına qəltan etsə də, yıxa bilmədi – yaraları elə ayaqüstə sağaldı!
Birinci güllə arzusunu çiliklədi – körpəsinin qayçı-bıçaqla doğranmış hələ bərkiməmiş cecələ əti-sümüyü kimi...

II güllə

İmperiya quracaqdı – yaratdığı holdinqi sindikat olacaqdı! Əvvəl-əvvəl adını düz yazsa da, soyadının axırıncı hərfini yazmağa səbri çatmayan qohum-əqrəbasını dartıb özəl məktəblərin hüquq fakültəsinə gətirməyə cəhd etdi! Cəhdi elə ürəyində qaldı: tələbə biletini görən kimi, hamı özünü prokuror, polis rəisi, yol polisinin komandiri gördü, hakim kimi aparanlar da oldu. Başa düşdü – bunlar südü çürük, qanı cırdır, bunlardan heç nə olmaz!
İkinci güllə qolunu qırmışdı!
Amma hələ danışa bilirdi, danışmağa dili yerindəydi!

III güllə

Evdən, məhəllədən-kənddən aldığı zərbələr bir az daha geniş düşünməyə vadar etdi! Ürəyində hələ bir az peyğəmbəri də qınadı: “ali-əba” statusu çaşdırmışdı onu! Tayfaçılıq uğurun təminatı deyilmiş!
Dostlar hələ sınaqdan keçməmişdi!
Bu dəfə dostları yığdı. Evinin içindən, məhəlləsindən böyümək onluq deyildi: Şeyx Şamil olmaq taledir!
Dostlar danışdıqca qulaq asdı, yığışdı, əl çaldı, qoltuğu qarpız götürürdü deyə, Sabirabadda qarpız saxlamadılar...
Dördüncü güllə onu düz dostlarının yanına aparan ayağını qırdı!

IV güllə

Bir əli, bir ayağı yerindəydi, dili bir az topuq çalmağa başlasa da, gözləri hələ ki, işıqlıydı!
Göz gördü, könülə xəbər apardı!
Elə bildi qırılan qolunun, itirdiyi ayağının, topuq çalan dilinin dərmanı gəlmişdi!
Ətraf mühitin – havanın temperaturunun, saatın vaxtının, yerin hara olmasının önəmi yoxuydu!
Gözü təkcə O...nu görürdü!
... Bu dəfə gözündən oldu!

V güllə

Dünyaya 50 faiz gəlmişdi – elə deyirdilər: guya başı 12-dən sonra işləyir! Bunun üstündən də canı 50 faiz olmuşdu – bir ayağı, bir qolu, bir gözü, dilinin də bir hissəsi 50 faiz funksiyasını itirməklə bütün vücudu 50 faizlik olmuşdu!
O 50 faizin də... elə 50 faizi qalmışdı – bütün mənalarda: indi 100 faizlik insandan qalan 25 faizlə döyüşməliydi!
“Həyat mübarizədir” prinsipi onu səsini daha da gur çıxarmağa səsləyirdi!
Bu dəfə güllə... səsinə atılmşdı, başından vurulsa da, qulağını aparmışdı!
“Redaksiyanın vicdanı” Akif zəng edəndə soruşmuşdu: o yazan əl, düşünən baş qalır?
- Hə-ə, qalır!
- Yaşa, yaz, yarat! Bu dünyada nələrisə tam görməyə sənə iki gözə, nələrisə tam eşitməyə iki qulağa, kimisə ürəklə və ürəkdən qucaqlamağa iki ələ, dostun, qohumun, redaksiyanın qapısına şax və əmin getməyə iki ayağa ehtiyac yoxdu! Sən elə oturduğun yerdə bildiklərini hamıya çatdırmaqla başqaları üçün üçüncü – bəsirət gözüsən!
Beşinci güllə... qulağının birini aparmışdı!
Əslində hər dəfə ona düşməncəsinə atəş açılanda bircə güllə vurmuşdular - ən qatı düşmənində də o cəsarət olmamışdı ikinci dəfə atəş açsın!

VI güllə

Hesabnan daha atəş açan olmamalıydı! Amma oldu!
Bu dəfə azadlığı güllələndi! Hesab elədilər ki, meyidini atdılar “morq”a.
Növbəti sui-qəsdin ilinin tamamından 3 ay 20 gün sonra xortdadı!
... Yoruldular güllələməkdən!
... Yoruldular “fatihə”sini oxuyub “ehsan”ında viski, konyak içməkdən!
... Yoruldular qəbrə qoyduqlarının dağ başından səsini eşitməkdən:
- Üzr istəyirəm, gərək bağışlayasınız da, mən bu dəfə də ölməmişəm e, burdayam, Himalayda!

VII güllə

Daha bu “odda batmaz, suda yanmaz “ölməz Kaşşey”” qiyamətə qədər əmin olmuşdu: "heç kimin onunla işi yoxdur, bircə özünün heç kimlə işi olmasın" dönəmindədir!

“Avtpilot”daydı və... heç nəyinə bağlanmadığı bu Yer üzündə özü üçün yaratdığı ayrıca planetində yaşayırdı!
Heç də yaxşı demək olmazdı!
Gəldiyi qənaət buydu: düşmənçilik edən adamlar axmaq adamlardır! Buraxsınlar düşmənlərini, onlara uduzmaqla ömrünü uzatsınlar, qoy qalib olmaqlarından bezsinlər!
İndi qaib kimi belə yaşamaq istəmədiyi həyatda həyatı məğlub etdiklərinə qoyub getmək ol...mazdı!
Onun Aydınını yaşadan olmalıydı – qoy “Aydın öldü” deyib rahat nəfəs ala bilməsinlər!
Gözü axtarırdı! Var gücüylə... bir ayağını çəkə-çəkə, bir gözünü qıya-qıya, bir əlini hər istiqamətə səmtləndirə-səmtləndirə, bir qulağını şəkləyə şəkləyə...
Salamat qalan təkcə ürəyiydi! Ürəyi onu aldatmazdı: ona görə ki, heç vaxt aldatmamışdı! Onu aldadan gözündən, əlindən, ayağından, qulağından belə keçmişdi axı! Dili topuq çalmalı olmuşdu...
Ancaq ürəyi bilirdi ki, aldatmaq olmaz!
İnsan düşmən gülləsindən ölməz – ölmək istəməsə!
İnsan öz atəşindən və atəşində ölər!
Son gülləni özü... özünə atdı:

Bu gecə döyməsin kimsə qapımı,
Qəlbim qırmayacaq öz inadını,
Sıxıb dodağıma sənin adını
Sənin ad gününü keçirəcəyəm!

Bəlkə də 40 ildi bu bir bənd şeiri elə buna görə yadında saxlamışdı, hər əziz dostun ad günündə təkrarlayırdı ki, ünvanına çatdırsın!
Amma bunu ən axırda dedi! Hamıdan sonra və heç kim bilmədi!
Bəhanəsi də vardı niyə gec:

Sənin ad gününə qəsdən gecikdim,
Mən səni bir az da cavan saxladım! (Əlizadə Nuri)

Ona lazım idi... lap bir az da olsa... o... cavan qalsın! Heç kim də bilməməliydi... bükülüb ovcunda qalan kağızda yazdığı:
- Sən mənim Aydınımsan!
Onun barmaqları yalnız Onun... əlləri toxunanda açılacaqdı!

Və... O...na çətin olmayacaqdı bu 25 faizlik sınıq-salxaq canıyla "möhtərəm və möhtəşəm olan Can"ı sabahlara daşımaq!
Yetərliydi ki...

Epiloq əvəzi:

MÜƏLLİM deyirdi ki, Aydın, bu adamlar səni qova-qova namərd etmək istəyir, amma bilmirlər ki, hansı səadətə, xoşbəxtliyə və ucalığa yüksəldirlər!
İnsana açılan atəşlər hər dəfə qətlə səbəb olduqca, nəticədə qələbəyə də aparır!
Eynən vətən uğrunda öldüyün kimi!
Eynən sözün uğrunda gülləyə uça-uşa, ölümə qaça-qaça getdiyin kimi...

Səni təbrik edirəm, mənim Aydınım!
13.07 - 08.08.2020

p.s. Klassik tapança markalarında maqazində 7 güllə olurdu!
Aydın Can
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.