Masallı İcra Hakimiyyəti vandal aktına niyə göz yumur? – Sakinlər haray çəkir…

26-04-2019, 09:36           
Masallı İcra Hakimiyyəti vandal aktına niyə göz yumur? – Sakinlər haray çəkir…
Masallı İcra Hakimiyyəti vandal aktına niyə göz yumur? – Sakinlər haray çəkir…
Tarix: Bu gün, 09:28 | Çap et
Masallı İcra Hakimiyyəti vandal aktına niyə göz yumur?
Masallı rayonunun Qızılavar kəndində, Masallı-Boradigah yolunun sol tərəfində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan möhtəşəm abidənin dağıdılması ilə bağlı məlumat vermişdik. Həmin kəndin sakinləri yenidən redaksiyamızla əlaqə saxlayıblar. Onlar bildirirlər ki, prosesdə heç bir irəliləyiş yoxdur, rayon rəhbərliyi baş verən vandallıq hərəkətini ört-basdır etməklə məşğuldur. Xatırladaq ki, biz bu istiqamətdə apardığımız araşdırma nəticəsində bir çox qurumla əlaqə saxlayıb, həmin tarixi abidənin niyə sökülməsilə maraqlanmışıq. Ancaq təəssüflər olsun ki, əlaqə saxladığımız bütün qurumların rəsmiləri, əslində, bu ciddi hadisə ilə bağlı yaxalarını kənara çəkməyə çalışıblar.



Məsələn, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, onlarda belə bir məlumat yoxdur: “Bu cür abidələr Mədəniyyət Nazirliyinin balansında olur və onlara heç kim toxuna bilməz… Mən icra nümayəndəsi və bələdiyyə ilə məsələni dəqiqləşdirdim. Həmin abidəni əvəz edən yenisini tikəndən sonra köhnəni söküblər. Hətta yeni abidənin açılışı da olub. Bu, kənd əhalisinin tələbi ilə baş tutub. Yeni abidənin açılışı ilə bağlı fotolar da var”. Çox maraqlıdır ki, ucaldıldığı iddia edilən yeni abidə köhnənin yerində tikilməyib. Bu hərəkətə etiraz əlaməti olaraq, bəzi kənd sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.


Həmin abidənin sökülməsinə 71 saylı Masallı kənd seçki dairəsinin sədri İlkin Əzizovun rəhbərlik etdiyi deyilir. Mədəniyyət Nazirliyindən isə bizə deyiblər ki, bu işlərlə qurum yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məşğul olur. Həmin xidmətin ictimaiyyətlə əlaqələrin tənzimlənməsinə məsul olan əməkdaşı Fariz Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, bu mövzu ona tanışdır: “Sizin ictimailəşdirmənizdən əvvəl vətəndaşlar müxtəlif qurumlara, həmçinin, bizə şikayət ediblər. Məndə olan məlumata görə, hazırda bu iş Masallı Rayon Prokurorluğunda araşdırılır. Mən şəxsən bu məsələ ilə maraqlandım. Nəzərinizə çatdırım ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə tarixi abidələrin tam siyahısı tərtib edilib. Həmin siyahıya 6308 abidənin adı düşüb. Sizin barəsində bəhs etdiyiniz abidə həmin siyahıya düşməyib. Bu səbəbdən də onun mühafizəsi ilə biz yox, müvafiq icra hakimiyyəti məşğul olur. Bu heç də ona əsas vermir ki, hansısa abidə sökülsün. Yəqin ki, araşdırıldıqdan sonra bu məsələyə lazımi qiymət veriləcək”. Qeyd edək ki, bizim ictimailəşdirdiyimiz bu mövzu cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan bu hərəkətlə bağlı hətta bəzi sol təmayüllü siyasi partiyalar da etiraz bəyanatları veriblər. Bizimlə yenidən əlaqə saxlayan həmin kəndin bir neçə sakini bildiriblər ki, bu hadisə kənddə böyük narazılığa səbəb olub. Həmin kəndin sakini Əsədov Ağaddin Cəmiyyət oğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onların şikayət etmədiyi instansiya qalmayıb: “Sizi inandırım ki, kəndimizin bəzi sakinləri rayon rəhbərliyinin bu məsələyə laqeyd yanaşması səbəbindən Rusiya mətbuatına üz tutmaq istəyirdilər. Onları bu yoldan çəkindirdik və izah etdik ki, bizim səsimiz ölkə rəhbərliyinə çatsa, mütləq tədbir görüləcək. Sizə dərin təşəkkür edirik ki, bu məsələni ictimailəşdirirsiniz. Bu hadisə hamımıza bir təhqirdir.



Təkcə bizim kənddən Böyük Vətən Müharibəsində 106 nəfər həlak olub. Məhz onların xatirəsini əbədiləşdirmək üçün bu abidə qoyulmuşdu. Bu ilin aprel ayının 8-dən 9-na keçən gecə həmin abidə ekskavatorla sökülüb, yüklənib “KamAZ” markalı maşına. Sonra aparılıb kəndin başqa bir hissəsinə xəndəyə tökülüb, üstünü də torpaqlayıblar. Səhər biz kəndin mərkəzinə çıxanda gördük ki, abidə yoxdur. Bələdiyyə sədri və ərazi icra nümayəndəsindən öyrəndik ki, onların bu işdən xəbərləri yoxdur. Bunun oğurluq və ya xuliqanlıq niyyətilə edildiyini aydınlaşdırmaq üçün 102 xidmətinə zəng etdik. Bir saat sonra kəndə polis tədqiqatçısı gəldi. Məni soruşdular. Çünki zəngi mən etmişdim. Tədqiqatçı mənə dedi ki, abidə Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə sökülüb və təmirə aparılıb. Bildirdim ki, təmirə aparılıbsa, onda torpağın altına niyə basdırılıb?” Kənd sakininin sözlərinə görə, polis kənara çəkilib telefonla danışandan sonra ona deyib ki, narahat olmayın, abidənin yerində yenisi tikiləcək: “Kənd sakinlərindən abidənin kim tərəfindən söküldüyünü görən olub. Həmin yoldaşın özü də sizinlə danışacaq. Abidənin sökülməsinə bilavasitə rəhbərliyi edən şəxs 71 saylı Masallı kənd seçki dairəsinin sədri Əzizov İlkin Ədalət oğludur. Onun marağı bundan ibarətdir ki, abidənin ətrafında, yolun kənarında 3-4 sot torpağı ələ keçirib, orada ya ticarət, ya da iaşə obyekti tikdirsin”. – Bizə İcra Hakimiyyətindən bildirdilər ki, həmin abidənin əvəzinə kənddə başqasını tikiblər. Bu düzdür? – Xeyr, həmin abidə torpağa basdırılıb. Sadəcə, klubun həyətində dalda bir yerdə guya həmin abidəni əvəz edən nəsə quraşdırıblar. Həmin fotonu sizə göndərirəm. Bizim Qarabağ mübaribəsində həlak olan iki şəhid balamız da var. Onlara qoyulan xatirə löhvəsi ilə bunu eyniləşdiriblər. Axı bu iki hadisə arasında xeyli fərq var. Hər halda, müstəqillik şəhidlərimizlə, Böyük Vətən Müharibəsində öldürülənlərin xatirəsini bir tikilidə əbədiləşdirmək düz deyil. Şəkilə baxın. 1941-1945-ci illər müharibəsində həlak olanların siyahısı yazılan löhvənin başına Türkiyənin bayrağını vurublar.



Türkiyənin həmin hadisələrə hansı aidiyyəti var? Həmin dəqiqə görünür ki, etdikləri əməli ört-basdır etmək üçün tələsik addımlar atıblar.
– Sizin şikayətinizə baxılmırsa, bundan sonra hansı addımları atmağı planlaşdırırsınız?
– Bizim yeganə istəyimiz ədalətin bərpa olunmasıdır. Həmin abidə öz yerində tikilsin. Çünki ora baxımlı və hər kəsin görə biləcəyi məkandır. Bunlar yerini dəyişməyi zəruri sayırlarsa, niyə həmin abidəni demontaj edib başqa yerdə quraşdırmadılar? Deməli, məqsəd tamamilə başqadır. Bilirdilər ki, kənd sakinləri buna imkan verməzdi. Ona görə də gecə ilə bu vandallığı törətdilər ki, kimsə görməsin. – Bu məsələ ilə bağlı kəndin ümumi rəyi necədir?
– Hamı qəzəbindən boğulur. Elə adamlar var ki, qorxusundan danışa bilmir. Deyirlər ki, imza toplanıb. Həmin imza atan 10-15 nəfərin hamısının zəif yerləri var. Təzyiq edildiyindən, imza atıblar. İmza atanların hamısı ilə bir-bir görüşdük. Hamısı dedi ki, biz bilməmişik nəyə qol çəkirik. Bəziləri isə dedilər ki, elə bildik abidənin təmiri üçün imza toplayırlar, ona görə imza etdik.
– Son tələbiniz nədən ibarətdir? – Tariximizin şərəfli parçasını özündə simvolizə edən həmin abidə yerində quraşdırılmalıdır. Amma bununla da iş bitmir. Məlum hərəkəti edən şəxs mütləq qanun qarşısında cəzasını alsın. Digər kənd sakini Əliyev Xalıq Malik oğlu da “Bakı-Xəbər”ə bildirdi ki, abidənin necə dağıdıldığının canlı şahidi olub: “Abidə ilə üzbəüz çayxana var. Həmin gecə mən orada oturub çay içirdim. İlkin Əzizov ora ekskavator və “KamAZ” gətirdi. Sonra söküb apardılar, başqa yerdə kanala töküb üstünü də torpaqladılar”. Kəndin digər sakini Rəhmanov Rəhman Müslüm oğlu da həmkəndlilərinin dediklərinin hamısının həqiqət olduğunu bildirdi.
Məhəmmədəli QƏRİBLİшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.