Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC

20-11-2019, 10:22           
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Bir neçə gün öncə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirmişdi ki, Prezident Administrasiyasından Xaçmaz rayonuna ayrılmış 600 yerlik kvotadan 520-sini keçmiş icra başçısı Şəmsəddin Xanbabayev mənimsəyib.

“Yerdə qalanlar Məşğulluq Mərkəzinin direktoru Ayazın, MKT-nin direktoru Qalibin və DOST Mərkəzinin rəhbəri Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə Maliyyə İdarəsinin rəisini çağıraraq deyib ki, “mən belə şey edə bilmərəm, Prezidentin xüsusi göstərişi var, ona görə də kartları qaytarın”. İndi Xaçmazda düşüblər küçələrə ki, “ölü canları” tapıb, kartları geri alsınlar. Məhəllə-məhəllə gəzirlər”, - deyə Ş.Xuduoğlu qeyd etmişdi.

Sözügedən məlumat AYNA-da yayımlanandan sonra oxucular arasında ciddi rezonans doğurdu. Əksər sosial şəbəkə istifadəçiləri bildirdilər ki, onların yaşadıqları rayonda da buna oxşar hadisələr baş verir.

Məsələn, Vurğun Seyidov adlı “Facebook” istifadəçisi yazır: “Bəli, düz söhbətdir. Məşğulluq bir neçə gündür əl-ayağa düşüb. Gecə ilə zəng edib bizim kəndçilərə təcili inəklər veriblər ki, “siz bizə müraciət etmisiz 3 il öncə””.

Eldar Aliev adlı sosial şəbəkə istifadəçi də deyir ki, belə fırıldaq hər rayonda var: “Sadəcə bunu araşdıran yoxdur. Çünki başçı rayonun ağasıdır, nə istəsə, edə bilər. Yuxarıları da yaddan çıxarmır, əlbəttə”.

Mehparə Əbilova və Sada Aziz də bütün rayonlarda belə olduğunu qeyd edir.

Yusif Beyləqani adlı sosial şəbəkə istifadəçisinin yazdığına görə isə, Goranboya aprel ayında yeni icra başçısı gələndən sonra bu sistemdən imtina olunub.

Bütün bu və digər yazılanları nəzərə alaraq mövzu ilə bağlı araşdırma aparmaq qərarına gəldik. Birinci yazımızda da qeyd etdiyimiz kimi, Xaçmaz Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı məlumat ala bilmədik. Telefonumuza cavab verən şəxs özünü təqdim etmədən, belə bir hadisə baş vermədiyini deyərək dəstəyi asdı.

Buna baxmayaraq, ümumiyyətlə sözügedən kvota məsələsinə aydınlıq gətirməyə çalışdıq. Məlum oldu ki, söhbət ictimai işlərə cəlb edilmiş şəxslərdən gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də saytında həm Bakı şəhəri, həm də bütün rayonlar üzrə “DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlamış həmin şəxslərin siyahısı var. O siyahıya görə, Xaçmaz şəhərində 584 nəfərlə müqavilə bağlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov AYNA-ya açıqlamasında bildirdi ki, indiyədək onlara bu barədə heç bir şikayət daxil olmayıb: “Deyilənlər həqiqətə uyğun deyil. “DOST İş Mərkəzi”nin bu məsələyə heç bir aidiyyəti yoxdur. Vüsal adlı şəxs də “DOST İş Mərkəzi”ndə işləmir. Məlumat kökündən yanlışdır".

"“DOST İş Mərkəzi” ilə bağlanılmış müqavilərələ gəldikdə isə, indiyədək bu barədə bizə heç bir şikayət daxil olmayıb. Nazirliyin saytında da “DOST İş Mərkəzi” tərəfindən ictimai işlərə cəlb edilmiş vətəndaşların siyahısı var, şübhəli məqamlar yarandıqda oradan dəqiqləşdirmə aparmaq olar”, - deyə F.Talıbov vurğuladı.

Məsələni bir neçə rayonunun icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri ilə də dəqiqləşdirməyə çalışdıq. Lakin əlaqə saxladığımız şəxslərdən heç biri bu mövzuda danışmaq istəmədi. Sualımıza təkcə Ucar Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Şəhla Abdullayeva cavab verdi.

Ş.Abdullayeva qeyd etdi ki, rayonda belə bir fakt yoxdur: “İndiyədək bu barədə heç bir şikayət eşitməmişəm. Əgər belə bir hal varsa da, onu müəyyən etmək o qədər də çətin deyil. Ucarda “DOST İş Mərkəzi” ilə müqavilə bağlamış şəxslər səhər saat 7-dən iş başında olurlar. İstənilən şəxs istənilən vaxt gəlib həmin şəxslərin özlərindən belə, məlumat ala bilər. Heç kimin başına hava gəlməyib ki, öz maaş kartını kiməsə versin”.

“Bizim rayonda “ölü canlar” məsələsi yoxdur. Əgər varsa, konkret fakt desinlər, adamın adını versinlər, biz də araşdıraq, görək həqiqətdirmi, yoxsa yox. Sosial şəbəkələrdə bu barədə yazılanları da araşdıranda, görürsən ki, heç bir əsası olmayan məlumatlardır. Araşdırmadan, dəqiqləşdirmədən, rəylər yazırlar, halbuki kimisə təhqir etmək, heysiyyətinə toxunmaq olmaz. Əgər fakt varsa, dəqiq yazsınlar, ad açıqlasınlar”, - deyə Ş.Abdullayeva vurğuladı.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.