İcra hakimiyyətlərinin “uşaq bağçası” biznesi

20-11-2019, 12:00           
İcra hakimiyyətlərinin “uşaq bağçası” biznesi
İcra hakimiyyətlərinin “uşaq bağçası” biznesi
Teref.az-a yazırlar ki, İcra hakimiyyəti orqanlarının çeşidli yollarla dövlət büdcəsindən ayrılan vəsaitləri talan etmələri dövlət başçısına da, xalqa da gizlin deyil. Elə bir neçə gün öncə bir neçə icra başçısını dəyişən prezidentin neqativ halların aradan qaldırılması üçün konkret tapşırıqlar verməsi bunu bir daha sübut edir. Ən ağrılısı odur ki, icra hakimiyyəti orqanları qanunsuz əməllərini ölkənin 1-ci şəxslərinin, sosial layihələri maliyyələşdirən Heydər Əliyev fondunun adı ilə gerçəkləşdirirlər. Necə? Mexanizm sadədir, hansısa zavallı əlilin, qaçqının, xırda sahibkarın, əkinçinin öhdəsində olan əmlakı ələ keçirmək amacı ilə dövlətin, onun başçısının, Heydər Əliyev fondunun həmin sahədə uşaq bağçası , məktəb, xəstəxana, fabrik -zavod və s. , özəlliklə sosial obyekt tikəcəyi adı ilə insanlar daşınmaz əmlaklarından dövlət ,Heydər Əliyev fondunun “ehtiyacı” üçün məhrum edilir. Gerçəkdə isə elə icra başçıları, yüksək çinli məmurların qanunsuz və çoxşaxəli biznes-korrupsiya fəaliyyəti çiçəklənir. Başqa sözlə, icra başçıları “bir güllə ilə 3 dovşan vuraraq “ həm obyekt yiyəsi olurlar, həm bu obyektdə işləyəcək şəxsləri rüşvət qarşılığında bəlirləyirlər , həm də müftə -müsəlləm, Heydər Əliyev fondunun, dövlət büdcəsinin hesabına!
Ağsu RİH başçısı, Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi 5 ay qabaq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mütəşəkkil dəstə şəklində kəndin yeganə zabit Qarabağ əlilinin 22 illik istifadəsində olan torpağını da elə Heydər Əliyev fondunun adından dələduzluq etməklə ələ keçirib . Rayon icra hakimiyyətinin başçısı səyyar qəbulda Qarabağ əlilinə mal-materialların alınmasında yardım etmək amacı ilə damı söküləcək evlərin dəmir örtüyündən ayıracağını, sənədsiz istifadə etdiyi torpağın sənədini verməsə ən alçaq, ən axırıncı adam olacağını deyib. Heç üç ay keçməmiş tamahı başına və başçılığına son qoyan icra başçısı xəbərdarlıq etmədən əlilin bələdiyyənin mülkiyyətində olan torpağını uşaq bağçasının tikintisi üçün ayırıb. Sual yaranır :bəyəm bu boyda rayonda yer tapılmadı ki , Pirhəsənli kəndinin yeganə torpaq sahəsi ayrılmayan yeganə zabit Qarabağ əlilinin istifadəsində olan torpaq icra hakimiyyətinin “bağça biznesi”nə qurban edildi? Cavab sadədir :birincisi, başçı gəlirinin bir hissəsindən imtina edib özünün yüzlərlə hektarlıq torpağından ayırmayacaq ha! Və ikincisi, başqa yerdə bağça tikilsə, öz yaxın qohumlarını “uzaq” bağçaya müdir və digər vəzifələrə rüşvət qarşılığında təyin etmək bir qədər problem yaradacaq axı! Baxın, bir yanda torpağı əlindən alınıb, icra başçısının “uşaq bağçası biznesi”nə qurban edilən , sosial-iqtisadi layihələrdən məhrum edilən Qarabağ əlili , digər yanda yüzlərlə hektarlıq torpağının bir qarışını da güzəştə getməyən, hələ üstəlik Heydər Əliyev fondunun maliyyə dəstəyi ilə özünə yeni korrupsiya obyekti qazanan icra hakimiyyəti və əlaltıları! Belə çıxır, Heydər Əliyev fondu icra hakimiyyətinin korrupsiya layihələrini maliyyələşdirir?
Heydər Əliyev fondunun daim aztəminatlı ailələrin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial -mənzil, müalicə, işsizlik problemlərinin çözülməsində maliyyə dəstəyi sərgiləməsi göz önündədir və danılmaz faktdır, şirin gerçəkdir. Nə yazıq, tamahkar icra başçıları fondun adını öz çirkin əməllərinə ortaq etmək yolu tutublar. Amma keçməz, xalqın gözü tərəzidir!
Heydər Əliyev fondunun Ağsu RİH -in sifarişi ilə Qarabağ əlilinin istifadəsində olan torpaqda tikdiyi tikilinin də elə Qarabağ əlilinin istifadəsinə veriləcəyi daha real görünür. Dövlət, onun başçısı Prezident, 1-ci vitse-prezident, Heydər Əliyev fondu , onun prezidenti, vitse-prezidenti hər çağ Qarabağ əlili , şəhid ailəsi, ümumiyyətlə xalqın nümayəndəsi ilə məmur arasında seçimlə üzləşəndə xalqın, əlilin, şəhid ailəsinin yanında olduqlarını əməllə və açıq mətnlə ortaya qoyublar :
“MƏMURUN VƏZİFƏSİ XALQA XİDMƏTDİR VƏ XALQIN 1 NÖMRƏLİ XİDMƏTÇİSİ PREZİDENTDİR !”
Məğrur Bədəlsoy
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.