Xırdalan şəhərini bürüyən “tikinti bumu” – Sakinlərin etirazı – FOTOFAKT

9-08-2020, 17:01           
Xırdalan şəhərini bürüyən “tikinti bumu” –
Xırdalan şəhərini bürüyən “tikinti bumu” yerli sakinlərin kütləvi narazılığına səbəb olub. Söhbət ilk növbədə son vaxtlar geniş vüsət alan apartman binalarının inşası ilə bağlıdır.

Nocomment.az-a xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan şikayətlərdə bildirilir. Sakinlərin dediklərinə görə, apartman binalarının tikintisi əksərən qanunsuz yollarla aparılır. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın həmin qanunsuzluqlara göz yumduğunu deyən xırdalanlılar sözügedən binaların inşası ilə bağlı Dövlət Şəhərsalma və Arixtektura Komitəsini də məsələyə məsuliyyətsiz yanaşmaqda ittiham edirlər.



“Apartman binalarının tikintisində sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. Belə binalar harda gəldi, necə gəldi tikilir və adi vətəndaşlara ciddi narahatlıq yaradır. Kimlərsə bəlli yollarla normal yaşayış evinin inşası üçün icazə alır, bir müddət sonra isə həmin yerdə 20-30 ailənin yaşayacağı, 3-4 mərtəbəli binalar peyda olur. Bu binaların ətrafı yaşayış evlərindən ibarətdir. İş o həddə çatıb ki, yayın bu qızmarında insanlar öz evlərinin həyətində dincələ, istirahət edə bilmirlər. Çünki apartmanlar birbaşa bu həyətlərə baxır” – deyə şikayətlərdə vurğulanır.



Belə binaların tikintisində heç bir şəhərsalma və arxitektura prinsipinin gözlənilmədiyini, tamamilə maddi maraq güdüldüyünü deyən sakinlər bildirirlər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xırdalandakı bu rüsvayçı, artıq bütün əndazələri aşmış “tikinti bumu”na səssiz qalması, göz yumması təəccüb və təəssüf doğurur.

Həmçinin icra başçısı İ.Gülməmmədovanın da belə qanunsuz hallara “yaşıl işıq” yandırması göz önündədir. Əks halda apartman binaları sözün həqiq mənasında xırdalanların başının bəlasına çevrilməzdi.



Redaksiyamıza daxil olan şikayətlərdə o da qeyd edilir ki, bu ilin iyununda Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevlə bərabər İ.Gülməmmədovanın yaxın qohumu olan Qoşqar adlı şəxs də saxlanılmışdı. Lakin həmin şəxs sonradan müəmmalı və möcüzəli şəkildə azadlığa buraxılıb. Halbuki Abşeron rayonu, o cümlədən Xırdalan ərazisindəki qanunsuz, özbaşına tikintilərin bir çoxu məhz onun himayədarlığı ilə gerçəkləşdirilib.


İcra başçısının adıçəkilən qohumunun indinin özündə də oxşar əməlləri davam etdirdiyini bildirən sakinlər bu dözüməz vəziyyətə son qoyulmasını istəyirlər.

Qeyd edək ki, əməkdaşımız Abşeron rayon İcra hakimiyyətinin rəsmi səhifəsində qeyd olunan nömrələr (+994 12 342-11-02, 342-11-15, 342-40-00, Qaynar xətt: (+994 12) 341-02-03) ilə gün ərzində əlaqə saxlamağa cəhd göstərsələr də, cəhdlərimiz baş tutmadı.

Sözü gedən vətəndaş şikayətləri ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.