Beyləqanda Heydər Əliyev adına parkın ərazisi satılıb?!

18-09-2020, 00:03           
Beyləqanda Heydər Əliyev adına parkın ərazisi satılıb?!
Rayon sakinləri Beyləqanda Heydər Əliyev adına parkın ərazisinin iş adamlarına satıldığını iddia edir. İcra Hakimiyyəti isə bildirib ki, heç kəs Heydər Əliyev adına parkın ərazisini sata bilməz.
Beyləqanda Heydər Əliyev adına parkın ərazisi satılıb. Bu barədə Sputnik Azərbaycan-ın redaksiyasına bir qrup Beyləqan sakinindən daxil olan şikayət məktubunda bildirilir. Sakinlər iddia edirlər ki, Heydər Əliyev adına parkın ərazisini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) qanunsuz olaraq sahibkar Abdullayev Vahid və onun oğlu Abdullayev Asəfə satıb.
"Bu parkın ərazisi indiyədək 4 hektar olub və Beyləqan sakinlərinə xidmət edib. Parkın ərazisində yaşlıların dincəlməsi, uşaqların əylənməsi üçün şərait vardı. Hətta parkda Qırmızı kitaba düşmüş ağac növləri də vardı. Keçmiş Dövlət Əmlak Komitəsi rəhbərliyi Rafiq Cəlilov və Yusif Qənbərov kimi məmurların havadarlığı ilə Beyləqan rayon keçmiş icra başçısı Abdullayev Vaqif tərəfindən həmin parkın 1 hektarının satılmasına, orada olan nadir ağacların kəsilməsinə və attraksionların dağılmasına gətirib çıxartdı", - deyə sakinlər bildiriblər.

Onlar qeyd ediblər ki, dəfələrlə Nazirlər Kabinetinə etdikləri şikayətlər sayəsində Baş nazirin göstərişi ilə 19.01.2019-cu ildə Komissiya təşkil olunub. Həmin komissiyanın tərkibi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdiri Əmiraslan Həsənov, Şəhərsalma şöbəsinin ərazi planlaşdırılması sənədlərinin monitorinq sektorunun müdiri Həsən Vəliyev, Dövlət Şəhərsalma kadastrı şöbəsinin müdir müavini Əli Şərifov, Əmlak Məsələləri Komitəsinin Yerli qurumlarla iş və Dövlət ehtiyaclarının ödənilməsi şöbəsinin müdiri Yusif Qənbərov, Beyləqan rayonu İcra Hakimiyyəti başçısının müavini Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov, Beyləqan rayon icra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Rauf Abbasovdan ibarət olub. Bu komissiya bağladığı aktda (sakinlər həmin aktın bir nüsxəsini də redaksiyamıza göndəriblər-red.) həmin ərazinin qanunsuz satılmasını imzaları ilə təsdiq ediblər.
Lakin keçmiş DƏK rəhbəri və Beyləqan rayonunun sabiq icra başçısı Vaqif Abdullayev heç nəyə məhəl qoymayaraq, sahibkar Vahid Abdullayev və onun oğlu Asəf Abdullayevə orada tikinti işlərinin aparılması üçün şərait yaradıb. Hal-hazırda həmin ərazidə 3340 kv.m sahəsi olan obyektin tikilməsinə icazə verilib. Hansı ki, həmin ərazi Heydər Əliyev adına park olmaqla 2 böyük beşmərtəbəli binanın qarşısında yerləşir.



Beyləqanda qanunsuz tikili
"Biz Beyləqan sakinləri dəfələrlə sabiq DƏK sədri Kərəm Həsənovun qəbuluna şikayət üçün getmək istəsək də, Rafiq Cəlilov və Yusif Qənbərov buna mane olaraq həmin parkın bərpa olunacağına söz veriblər. Ancaq biz rayon əhalisi olaraq, o cür "mötəbər" hesab etdiyimiz insanların bizi aldadacağına inana bilməzdik. Sizdən xahiş edirik ki, bu problemi ictimailəşdirərək Heydər Əliyev adına parkın qanunsuz satılmış ərazisində tikinti işlərinin dayandırılmasına köməklik göstərəsiniz", - deyə məktub müəllifləri bildiriblər.
Sputnik Azərbaycan şikayət məktubunda qeyd edilmiş problemlə bağlı Beyləqan rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Telman Məstanovla əlaqə saxlayıb. T.Məstanov şikayət məktubunda qeyd edilənlərin absurd olduğunu bildirib: "Beləcə də yazın: Heç kəs Heydər Əliyev adına parkın ərazisini sata bilməz. Vəssəlam!".
P.s.Qeyd edək ki, sakinlərin redaksiyamıza göndərdikləri fotoşəkil və videokadrlarda sözügedən parkın ərazisində artıq müəyyən obyektlərin tikildiyi əksini tapıb. Problemlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.