Sərdar Cəlaloğlu və Etibar Əliyev arasında “Nobel” qalmaqalı: - “Niyə narahat olursan, ermənisən?”

15-08-2019, 15:34           
Sərdar Cəlaloğlu və Etibar Əliyev arasında “Nobel” qalmaqalı: - “Niyə narahat olursan, ermənisən?”
Bu günlərdə Sərdar Cəlaloğlunun öz elmi tədqiqatlarını davam etdirməsi və bu il biologiyadan “həyatın əmələ gəlməsi haqqında” Nobel komitəsinə əlavə nəzəriyyə göndərəcəyi ilə bağlı anons verməsi təhsil eksperti Etibar Əliyev və deputat Fazil Mustafa tərəfindən ironiya ilə qarşılanıb.

E.Əliyev facebook səhifəsindəki statusunda S.Cəlaloğluna kinayə ilə yazıb: “Sərdar bəy Nobel Komitəsini o qədər bezdirəcək ki, axırda deyəcəklər, qardaş qadan alım, balana qurban olum, biologiyadan Nobel verilmir, ancaq daha sənsən, bizi dilə-dişə salma, gəl medalını və pulunu götür...”

Fazil Mustafa isə bu statusu davam etdirərək yazır ki, onun fikrincə burada ağlamalı olan jurnalistikamızın durumudur: “Elementar bilgisi olan jurnalist bu əbləhə dərhal sual yönəltməliydi ki, biologiyadan Nobel mükafatı ümumiyyətlə, nəzərdə tutulmadığı halda, bunu hansı ünvana və necə göndərəcəksən? Necə ki, yüz il öncə Şeyx Nəsrullahdan da Kefli İsgəndərdən başqa soruşan olmadı ki, aya cənab şeyx-lotu, bu ölüləri necə dirildəcəksən? İnanın ki, bu adamın tarixdən, dindən yazdıqları, danışdıqları da beləcə cəfəngiyyatdır, bunu tirajlayanda bir az diqqətli olmaq lazımdır”.

Musavat.com olaraq bu məsələyə tərəflərin mövqeyini öyrənməyə çalışdıq.

Sərdar Cəlaloğlu adıçəkilən şəxslərə cavab olaraq bildirdi ki, bu yanaşma Azərbaycan xalqını kiçik görməkdir: “Əgər biologiya üzrə Nobel mükafatı yoxdursa, nəzəriyyəm geri qaytarılacaq, niyə narahat olursunuz? Hələ mən göndərməmişəm, bir imkan verin, yazım göndərim, dünya alimləri fikir bildirsinlər. Oradan geri qaytarsalar sevinərsiniz ki, nə yaxşı oldu, Sərdar Cəlaloğlunun nəzəriyyəsini qaytardılar. Onlar mənim nəzəriyyəmin mahiyyətindən xəbərsizdirlər. Bir maraqlansınlar görək, nə ilə bağlı yazıram. Elə hay salıblar ki, Nobeldə bu yoxdur. Məgər tibblə bağlı Nobel mükafatı verməyiblər, bioloji kəşflərə görə, bitkilərlə bağlı Nobel mükafatı veriblər. Nobel yalnız riyaziyyat üzrə yoxdur, o da Nobelin öz vəsiyyəti ilə bağlıdır. Qalan bütün sahələrdə fundamental, dünya miqyasında elmi nailiyyətiniz varsa, Nobelə təqdim oluna bilər. Mən iki dəfə fizika üzrə Nobel mükafatına müraciət etmişəm, bu il də biologiya sahəsində “həyatın əmələ gəlməsi haqqında” haqqında nəzəriyyə ilə müraciət edəcəyəm”.

S.Cəlaloğlunun fikrincə, onun əleyhinə səslənən fikirlər paxıllıqdan doğur: “Etibar Əliyev guya mənə lağ edir. Sən niyə narahat olursa, ermənisən? Qoy Nobel Komitəsi özü desin ki, bəsdir mənim başımı xarab eləmə. Maraqlan, gör mənim göndərdiyim nəzəriyyələrə Nobel Komitəsi hansı münasibəti göstərir, sən hansı münasibəti göstərirsən. Get Nobel Komitəsinə məktub göndər, etiraz elə ki, Sərdar Cəlaloğlunun nəzəriyyələrini niyə qəbul edirsiniz, niyə baxırsınız? Niyə tələsirsən? Qoy bir göndərim, oradan geri qaytarsalar, ondan sonra get çal-oyna. Niyə Nobel Komitəsinin əvəzinə narahat olursan ki, onları boğaza yığışacaq. Bu qədər paxıllıq, gerizəkalılıq olar? Get sən də göndər də, demirsən aliməm? Özünü böyük elmi iş görən hesab edirsən, get göndər. Mən hesab edirəm ki, nəzəriyyələrim dünya miqyasında nəzəriyyədir və göndərirəm. Qoy mənə gülsünlər, lağ eləsinlər. Sənə nə düşüb? Onları bu məsələ o qədər narahat edir ki, sanki şəxsi maraqlarını tapdalamışam. Ötən dəfə mənim nəzəriyyəm Nobel Komitəsində gizli səsverməyə qədər getmişdi. Hamısı üstümə necə gəldilərsə, peşman oldum. Mən etdiyim işimin əhəmiyyətini, onun dünya miqyasında yenilik olduğunu bilməsəm, əlbəttə eləmərəm”.

ADP sədri həmçinin şikayətləndi ki, Azərbaycanda bu cür elmi nəzəriyyələrin müzakirəsi üçün mühit yoxdur: “Azərbaycanda elmlə maraqlanan yoxdur ki, mən elmi nəzəriyyəmi müzakirəyə verim, Etibar Əliyev də, Fazil Mustafa da gəlsinlər oraya. Yoxdur belə bir mühit. Ona görə də, işlərimi birbaşa göndərirəm. Heç narahat olmasınlar. Onlar azərbaycanlılar haqqında o qədər kiçik fikirdədilər ki, lağ edirlər. Mən inanıram ki, bir neçə adam Nobel mükafatına layiq görüləcək. Mən birinci dəfə Nobelə nəzəriyyə göndərəndə bir neçə gənc alim də mənə müraciət etdi ki, bizim də belə elmi işlərimiz var. Mən onları da həvəsləndirdim ki, utanmayın, elmdə fundamental bir yenilik etmisinizsə, Azərbaycanda kimin nə deməsinə baxmayın, göndərin. İl ərzində Nobel Komitəsinə 2000-3000 elmi iş gedir. Bu, o demək deyil ki, göndərilən bütün nəzəriyyələr mükafat almalıdır. Ən azı ilkin mərhələdə ekspertlər yoxlayır və bilirlər ki, Azərbaycanda da elmlə məşğul olan insanlar var. Onlara sözüm odur ki, facebookda əziyyət çəkməsinlər, Nobel Komitəsində facebooku oxumurlar və Azərbaycan dilində bilmirlər. Fikirlərini ingilis dilində tərcümə edib göndərsinlər, etirazlarını qlobal şəkildə etsinlər”.

Təhsil eksperti Etibar Əliyev isə Musavat.com-a açıqlamasında fikirlərini ətraflı izah edərək bildirdi ki, Azərbaycandan Nobel Komitəsinə bu cür nəzəriyyələrin getməsi utancvericidir: “Mən istərəm ki, Azərbaycandan da kimsə Nobel mükafatı alsın. Bu, Sərdar Cəlaloğlu da ola bilər, başqa şəxs də. Ancaq Nobel mükafatını qanmaq sadə bir proses deyil. Əgər sadə olsaydı, Türkiyədən cəmi iki nəfər bu mükafatı almazdı. Əziz Sancar kimya sahəsində, Orhan Pamuk isə ədəbiyyat sahəsində alıb. Gürcülər, ermənilər, Ukrayna alimləri, Belarus alimləri mükafata layiq görülə bilməyiblər. Mən 15-20 ildir ki, Azərbaycanda bu mükafatı öyrənirəm, araşdırıram. Bu sahədə iki kitabım var. Sərdar Cəlaloğlunun dedikləri Nobel mükafatı sferasına yaxın gəlmir. Əvvəl nisbilik nəzəriyyəsini göndərmişdi, o cəfəngiyat idi. İndi isə biologiyadan nəzəriyyə göndərib. Bu cümlənin özündə səhv var. Birincisi biologiyadan Nobel mükafatı verilmir, bu, birmənalıdır. Nobel fizika, kimya, tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahəsində verilir. Ümumiyyətlə, Nobel mükafatı nəzəriyyəyə deyil, şəxsə verilir. Məsələn, “D” vitaminini kəşf edənə, Rentgen şüasını kəşf edənə veriblər, zərdabı kəşf edənə veriblər”.

E.Əliyev hesab edir ki, S.Cəlaloğlu ictimaiyyəti savadsız hesab edir və onun bu fikirləri Azərbaycanda alimləri, ziyalıları ələ salmağa xidmət edir: “Dünyanın yaranışı ilə bağlı nəzəriyyə irəli sürüb. Nobel mükafatı laureatı Stiven Vaynberqin mükəmməl nəzəriyyələri var, yəqin ki, Sərdar bəy də oxuyub. Məni heç nə qıcıqlandırmır. Mən istərəm ki, Azərbaycandan kimsə bu mükafatı alsın. Ancaq mükafatın fəlsəfəsini bilmədən belə bir nəzəriyyə irəli sürmək bu işdən xəbəri olan insanlarda təəccüb yaradır. Onlardan biri də mənəm, etiraz edirəm və fikirlərimin üstündə dayanıram. Sərdar bəy həkimdir, tibb sahəsində kəşfi olsaydı, komitə buna baxardı. Biologiyadan belə nəzəriyyəni irəli sürməsi, komitəyə belə primitiv yanaşma onu gülünc vəziyyətə salır. Dünyada Nobel mükafatına ciddi yanaşılır, heç bir ölkədən bu komitəyə belə sayğısızlığın şahidi olmamışam. Bu, bizim cəmiyyətə sayğısızlıqdır, cəmiyyəti savadsız yerinə qoymaqdır. Nobel mükafatına namizədi dünyanın aparıcı universitetləri verir. Nobelə o şəxsin namizədliyi verilir ki, onu həmin sahə üzrə bir neçə Nobel mükafatçısı dəstəkləyir. Bu işin qayda-qanunu var. Sərdar bəyi dəstəkləyən belə şəxslər varmı? Bu, çox ciddi platformadır və belə ucuz nəzəriyyə ilə komitəni ələ salmaq doğru deyil”.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.