Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ

19-11-2019, 19:13           
Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ
“Hesab edirəm ki, erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi sülhə heç bir töhfə vermir. Sadəcə olaraq sülh prosesi ilə məşğul olan dairələr başımızı qatıb bizi ovundururlar”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlər etməsinə münasibət bildirərkən deyib.

“Əgər Azərbaycan problemi sülh yolu ilə həll etməkdə maraqlı olduğunu bəyan edirsə, bu tipli səfərlərdən imtina etmək də hökumət üçün çətindir. Dərhal əleyhimizə kampaniya aparmağa başlayacaqlar. “Baxın, gördünüz, vətəndaşların qarşılıqlı səfərlərinin olmasını istəmirlər” və sairə”, - deyə parlamentari əlavə edib.

Qüdrət Həsənquliyev qeyd edib ki, ümumiyyətlə, bu cür səfərləri səmərəsiz hesab edir:

“Düşünürəm ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır. Bundan sonra sülhdən danışmaq olar. Sülh olandan sonra bütün müharibə etmiş xalqlar barışırlar və gediş-gəliş də mümkün olur. Hətta müttəfiqə də çevrilə bilirlər. Avropanın timsalında bir çox ölkələr var ki, müharibədən sonra çox yaxşı münasibətlər də yaranıb. Hesab edirəm ki, sülh imzalanmamış bunları etmək doğru deyil. Sülhdən sonra yavaş-yavaş bu məsələlərə baxmaq olar”.

Məlumat üçün bildirək ki, Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə noyabrın 17-də erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinin gerçəkləşməsi reallaşdırılır. Bu barədə qeyri-rəsmi xəbərlər yayılıb. Səfərin neçə gün davam edəcəyi və jurnalistlərin kimlərlə görüşəcəyi məlum deyil. Səfərin tam məxfi şəraitdə keçdiyi vurğulanır. Buna görə də jurnalistlərin adları və təmsil etdikləri informasiya vasitələrinin hansılar olduğu da məxfi saxlanılır.

Qeyd olunur ki, səfərlər başa çatdıqdan sonra bu haqda geniş məlumat veriləcək. Ancaq hər iki tərəfdən qarşılıqlı səfərlərdə üç jurnalistin iştirak etdiyi bildirilir.

Hələlik rəsmən təsdiqlənməyən səfər xüsusilə sosial şəbəklərdə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrdə daha çox etiraz ifadə olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.