"Bəlkə də Bakıda qazıntı işləri aparılsa buranın köhnə erməni şəhəri olduğu kimi fikirlər yaranar"

4-07-2020, 12:18           
"Bəlkə də Bakıda qazıntı işləri aparılsa buranın köhnə erməni şəhəri olduğu kimi fikirlər yaranar"
Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransanın Azərbaycandakı səfiri Zakari Qrossa və Beynəlxalq Kann Film Festivalının rəhbərliyinə etiraz məktubu göndərib. Məktubda bu il keçiriləcək 73-cü Beynəlxalq Kann Film Festivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora Martirosyanın çəkdiyi "Əgər külək əsərsə" ("Si Le Vent Tombe") filminin salınmasıan etiraz bildirilir. Qeyd olunur ki, bu film Azərbaycan və xalqına qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir.

Filmin sonralar Venesiyada, Nyu-Yorkda, Dovildə, Torontoda, San-Sebastyanda, Anqulemdə, Pusan və Lionda nümayişi nəzərdə tutulur. Bu da təbii ki, Azərbaycan tərəfində narahatlıq yaradır.

Düşündürən suallardan biri əlbəttə ki, kino sahəmizlə bağlıdır. Azərbaycan kinosu ölkəmizi nə qədər tanıda bilib? Ermənilərin yalan məlumatlarıan qarşı bizim real tarixə əsaslanan həqiqətləri dünyaya çatdıran nə qədər milli kinomuz var?
Teref.Az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a Xalq artisti Rasim Balayev danışıb. O, real tarixə əsaslanan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran milli kinomuzun olmadığını bildirib:

"Belə bir filmimiz yoxdur. Ermənilər bizim düşmənimizdir. Onlar bizim yerlərdə filmlərini çəkib bütün dünyaya yayırlar. Ermənilərin işi ömür böyu belə işlərlə məşğul olmaq olub. Qarabağ müharibəsi başlamazdan əvvəl də ermənilər bizə qarşı həmişə bu cür təxribatlar həyata keçiriblər. "Babək" filmini çəkəndə biz bəzi şeylərlə qarşılaşdıq. Orada tarixdə göstərilir ki, Babəki Səhl ibn Sumbat, yəni milliyətcə erməni olan insan satıb. Biz həmin epizodu çəkmişdik. Biz ilan mələyən yerdə həmin epizodların çəkilişini apardıq. Səhnədə göstərilirdi ki, Babək Səhl ibn Sumbatın evinə gedir ki, orada gecələsin ,yenidən qoşun yığıb ərəblərlə vuruşsun. Səhl ibn Sumbat onu satır. O evdən çıxıb yola düşmək istəyəndə görür ki, artıq qılıncını da götürüblər. Moskvada bu kadrların efirə getməsinə icazə vermədilər. Dedilər ki, Babək Azərbaycanın milli qəhrəmanıdır, bu kadrlar millətlər arasında yaxşı hadisəyə çevrilməz. Həmin epizodun verilməməsinə çox dilxor oldum. Düz bir həftə həmin epizod üzərində əziyyət çəkmişdik. Titrdə bir yolla Babəkin Səhl ibn Sumbatın satqınlığı nəticəsində neçə yüz min dirhəm pul alması və s. haqqında yazı getdi".

Xalq artisti Rasim Balayev ermənilərin Kann Film Festivalına yol açmasının səbəbini Fransada onları maliyyələşdirən və sözlərinin ötməsini təmin edən lobbilərinin olması ilə əlqələndirib:

"Ermənilər qədimdən bizimlə düşmənlərdir. İndi isə biz açıq düşmənlərik. Ermənilərin ən böyük lobbisi Fransadadır. Eşitdiyimə görə ermənilərin Fransa parlamentində deputatları, hətta idarəçilikdə sözünü deyən nazirləri də var. Biz bu halın qarışını almaq üçün ora bura şikayət etməli deyilik. Əgər istəyirsənsə, sən də çəkib göstərməlisən. Arzum odur ki, Qarabağı alaq və ermənilərin dağıdıb uçurduqları yerlərimizi, vandalizmini dünyaya göstərək. Əgər Qarabağ sənindirsə, niyə ordakıları dağıdırsan? Bəlkə də Bakıda qazıntı işləri aparılsa buranın köhnə erməni şəhəri olduğu kimi fikirlər yaranar. Onlar Sovet vaxtından işləyirdilər. Qazıntılara bir xaç atırdılar ki, burda guya ermənilər məskunlaşıb. Bu onların xislətidir. Onlar bu işdə təşkilatlanıblar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.