Metro və digər ictimai nəqliyyatın bağlanması yoluxma səviyyəsini nə qədər aşağı salacaq – təxmini rəqəmlər çox ümidverici səslənir...

4-07-2020, 17:52           
Metro və digər ictimai nəqliyyatın bağlanması yoluxma səviyyəsini nə qədər aşağı salacaq –
Paşa Qəlbinur: “Metronun bağlanması və digər ictimai nəqliyyat növünün fəaliyyətinin dayandırılması böyük faizlə yoluxmanın azalmasına səbəb olacaq”
Məlum olduğu kimi, koronavirus pandemiyası, Bakı da daxil olmaqla, bir neçə şəhər və rayonda daha geniş yayıldığından və yüksək yoluxma faktları qeydə alındığından, yeni qaydalar tətbiq edilməyə başlayıb.

Xüsusi karantinin sərtləşdirildiyi rayon və şəhərlərdə həftəsonları bütün nəqliyyat növlərinin dayandırılması virusun yayılmasının qarşısının alınmasında ən optimal variant kimi dəyərləndirilir. Bakı metrosunun fəaliyyətinin iyulun 4-dən iyulun 20-dək dayandırılması, eləcə də digər nəqliyyat növlərinin həftəsonlarında işləməməsi yoluxma səviyyəsinin aşağı düşməsinə səbəb olcağını deyən professor Paşa Qəlbinur baki-xeber.com-a bildirdi ki, bu özünün müsbət təsirini göstərəcək: “Hesab edirəm ki, karantin rejiminin bu şəkildə tətbiq edilməsi, metronun və digər ictimai nəqliyyat növlərinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması sürətlə gedən yoluxma prosesinin qarşısını alacaq. Bilirsiniz ki, yoluxma halları daha çox qapalı məkanlarda, maska taxmadıqda və sosial məsafə saxlamadıqda baş verir. Metronun bağlanması və digər ictimai nəqliyyat növünün fəaliyyətinin dayandırılması böyük faizlə yoluxmanın azalmasına səbəb olacaq. İndiki halda bunun neçə faiz təşkil edəcəyini proqnozlaşdırmaq bir qədər çətindir, amma onu deyə bilərəm ki, yoluxanların sayında azalma baş verəcək”.

P.Qəlbinur, həmçinin, qeyd etdi ki, metro qapadılıbsa, başqa ictimai nəqliyyat növlərinin hərəkətinə həftəsonu qadağalar tətbiq edilibsə, onda TƏBİB tərəfindən karantin günlərində işləyən, işçilərinin ya hamısı, ya müəyyən faizi işə gələn idarələrin rəhbərlərinə çağırışlar edilməlidir ki, işə gələn bütün işçilər qapalı məkanda, otaqda maskada oturmalıdır, əks halda həmin idarə və müəssisə rəhbərləri cərimələnəcəklər: “TƏBİB tərəfindən idarə və müəssisələrin, xüsusən də televiziyaların rəhbərliyinə xüsusi məktub göndərilməlidir ki, yoluxmanın qarşısının alınması üçün ölkədə bir sıra tədbirlər görülüb və sizdən də tələbimiz işçilərinizin iş zamanı maskadan istifadə etməsini təmin etməyinizdir. Bu tələbə əməl etmədiyiniz təqdirdə cərimələnəcəksiniz. Bu da yoluxmanın qarşısını alan amillərdən biridir. Çünki bir çox insan çöldə maska taxır, amma idarəyə, qapalı məkana girən kimi çıxarır”.bakixeber/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.