Putin Mariupola səfərindən danışıb - "Kəməri bağlamadım ki, nəsə olsa..."

27-03-2023, 00:15           
Putin Mariupola səfərindən danışıb -
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol şəhərinə səfəri zamanı şəxsi təhlükəsizliyi üçün gördüyü tədbiri açıqlayıb.

“Report”un xəbərinə görə, o, “Rusiya-1” telekanalına müsahibəsində deyib ki, avtomobildə hərəkət edən zaman təhlükəsizlik kəmərini taxmayıb.

Dövlət başçısı bunu ehtimal edilən təhlükə ilə əlaqələndirib: “Mariupol küçələrində avtomobilimi idarə edərkən bilərəkdən təhlükəsizlik kəmərini taxmamışdım. Çünki belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır. Bu avtomobili tez tərk etmək üçün lazımdır”.

Qeyd edək ki, martın 19-da V.Putin Mariupola səfər edib.

Xatırladaq ki, Donetsk vilayətinin cənubunda yerləşən Mariupol uğrunda ötən il ağır döyüşlər gedib. Rusiya qoşunları şəhəri 81 gün mühasirədə saxlayıb.

Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmirdilər və bu səbəbdən Rusiya qüvvələri Mariupolu - xüsusilə şəhərin dörddəbir hissəsini əhatə edən “Azovstal” zavodunu tam ələ keçirə bilmirdi.

“Azovstal” zavodu isə ötən ilin mayında Rusiyanın əlinə keçib. O zaman Ukraynanın 1000-ə yaxın döyüşçüsü qarşı tərəfə təslim olub. Bu, Mariupolun işğalı üçün şərait yaradıb.

Rusiya qüvvələri 2022-ci il mayın 20-də Mariupolu işğal edib.

Şəhər meriyasının məlumatına görə, işğal nəticəsində şəhərin azı 10 min dinc sakini həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnı Mariupolu azad edəcəklərinə söz verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.