Azərbaycan-Aİ sazişi ilə bağlı ilginc iddialar

23-04-2019, 11:18           
Azərbaycan-Aİ sazişi ilə bağlı ilginc iddialar
Ermənistan ölkəmizi təxribata çəkməklə Bakı-Brüssel əməkdaşlığını əngəlləmək istəyir
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni sazişlə bağlı danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxış edərkən də bildirmişdi.

Diplomat qeyd edib ki, artıq sənəd üzərində bütün məsələlər 90 faiz razılaşdırılıb. Ancaq bu günlərdə Bakı ilə Brüssel arasında anlaşılmazlığın olduğu barədə iddialar da səslənməkdədir. Belə bir iddia var ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ tərəfdaşlıq haqqında sənəddə əksini tapmayıb. Lakin Azərbaycan XİN birmənalı olaraq bəyan edir ki, ölkəmizin ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayıb. Əslində səslənən iddianın əsassız olduğuna şübhə yoxdur.

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycan prezidenti Aİ səfirlərini qəbul edərkən açıq mətnlə bildirmişdi ki, qurumla əməkdaşlığın taleyi ərazi bütövlüyümüzün birmənalı dəstəklənməsindən və Qarabağ məsələsinə obyektiv münasibəti göstərilməsindən asılıdır. Belə olan təqdirdə məsələnin arxa plana keçirilməsi mümkünsüzdür.

Sabiq XİN başçısı, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, digər konfliktlərə aid qurumun xüsusi direktivləri var və o, bizə də şamil olunmalıdır: “Hər halda, bundan qabaq belə vəziyyət mövcud idi, amma indi konkret nə isə demək çətindir. Əgər ərazi bütövlüyü ilə bağlı bəndi salmasalar, heç o saziş də lazım deyil. Çünki saziş daha çox Avropa Birliyinə lazımdır. Digər ölkələr bu sənədi imzalayandan sonra Avropa İttifaqından yardım gözləyirlər. Bəllidir ki, ordan bizə kömək gələsi deyil. Çünki onlar yaxşı başa düşürlər ki, bizim maliyyə imkanlarımız çox genişdir. Bu baxımdan kömək gəlməyəcəksə, deməli, onların əsas marağı bizim bazara çıxmaq, öz mallarını satmaqdır. Bu isə köhnə oyundur. Ona görə də Azərbaycanın mövqeyi belə olmalıdır: ya lazımi səviyyədə saziş hazırlayırsınız, ya da heç bu saziş lazım deyil”.

T.Zülfüqarov Azərbaycan prezidentinin Aİ rəsmiləri ilə görüşdə daim prinsipial olaraq ərazi bütövlüyü ilə bağlı məsələni vurğuladığını bildirdi: “Mən inanmıram ki, bizim ərazi bütövlüyü ilə bağlı məsələnin ”yaddan çıxarılması"nın qarşılığında həmin sazişi imzalamağa çox ehtiyacımız var. Bu sazişi son vaxtlar çox şişirdiblər. Avropa İttifaqı bu sazişi müxtəlif ölkələrlə bağlayıb. Şərq Tərəfdaşlığını kənara qoyaq, 16 il bundan qabaq Suriya ilə saziş bağlayıblar. Həmin saziş Suriyanın taleyinə təsir edibmi? Bu baxımdan sənədin əhəmiyyəti şişirdilib"...

Mövzuya dair maraqlı məlumatlar əldə etmişik. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Ermənistan rəhbərliyinin son zamanlar Azərbaycan əleyhinə kəskin bəyanatlar səsləndirməsi, hətta yeni ərazilərimizin işğalı ilə təhdid etməsi də səbəbsiz deyil. Diplomatik çevrələrə yaxın mənbəmizin sözlərinə görə, Ermənistan hakimiyyətini “cəsarətə gətirən” Azərbaycan-Aİ müqaviləsidir: “Bir sıra hallarda fikirlər səslənir ki, niyə Azərbaycan ordusu Ermənistanın cavabını sərt şəkildə vermir? May ayının 13-də Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq arasında saziş imzalanacaq. Bunun ardınca sənəd Avropa Parlamentində ratifikasiya olmalıdır. O vaxta kimi müharibə başlasa, şübhəsiz ki, sazişin imzalanması təxirə salınacaq. Ona görə də bütün hallarda bizim ordumuz hərəkət edəcəksə, ən azı Avropa İttifaqı ilə sazişin imzalanmasını gözləməli olacağıq. Ermənilər də buna arxayındır ki, nə etsələr də, Bakı bu arada hərbi əməliyyatlarla bağlı qərar verməyəcək. Ermənistan bu sənədi il yarım əvvəl imzalayıb və sənəd Aİ-də ratifikasiya olunub. İndi İrəvan çalışır ki, Azərbaycanla Avropa İttifaqı tərəfdaşlıq sazişini imzalamasın. Bu mənada son zamanlar Ermənistan rəhbərliyinin Azərbaycan ərazilərini işğalla hədələməsi, digər təxribatçı hərəkətləri xüsusi planın tərkib hissəsidir”. Mənbəmiz də təsdiqlədi ki, bu plan təkcə Ermənistana məxsus deyil. Sadəcə, bu prosesdə onlar “maşa” rolunu oynayırlar. Belə ki, anti-Azərbaycan qüvvələr rəsmi Bakının ən azı Aİ ilə sazişin imzalanması və hüquqi qüvvəyə minməsinədək Azərbaycanın hərbi əməliyyatlara başlamayacağına əmindirlər. Onlar hesab edirlər ki, Azərbaycanın “əl - qolu bağlı” olduğu bir ərəfədə istədiklərini edə bilərlər. Beləliklə, düşmən bu situasiyadan istifadə etməklə qudurğan mövqe nümayiş etdirir.

Deməli, Ermənistan və havadarları təmas xəttində gərginlik yaratmaqla lokal döyüşlərə rəvac vermək istəyir. O da istisna olunmur ki, şimal qonşumuz Ermənistanı təmas xəttində təxribatlara sövq edə bilər. Son günlər Ermənistan müdafiə naziri David Tonoyanın sərsəm bəyanatları, həmçinin ötən həftə Azərbaycanla sərhəddə görünməsi də sözsüz ki, hansısa planın tərkib hissəsidir. Beləliklə, Rusiya lokal döyüşlərin başlanmasına nail olur, sonra moderatorluq edib savaşı dayandırır, amma paralel şəkildə Bakı-Aİ sazişini də əngəlləyir.

Yeri gəlmişkən, Bakı-Brüssel sənədi imzalanandan sonra onun Avropa Parlamentində ratifikasiyası da vaxt aparacaq. Bu mənada Ermənistan fürsətdən yararlanmaq üçün təxribatlara hər an əl ata bilər.

Politoloq Tofiq Abbasov isə “Yeni Müsavat”a dedi ki, may ayında saziş artıq imzalanacaq: “Bu, ondan xəbər verir ki, tərəflər ortaq məxrəc axtarışına son qoymaq üzrədirlər. Adətən belə hallarda həmişə müxtəlif xəbər və hətta şayiələr dolaşır”. Ekspert ərazi bütövlüyünün müzakirə predmeti olduğunu güman etmir: “Zənn edirəm danışıqlarda ölkəni təmsil edən nümayəndələr yetərincə məsuliyyətli olublar və yol verməyiblər ki, Azərbaycanın ərazi bütövlüyü şübhə altına qoyulsun. Bu, həddən artıq ciddi məsələdir və indiki məqamda onun mahiyyəti taleyüklüdür. Əgər bu kontekstdə boşluqlara yol verilərsə, onda bunlar cəmiyyətdə ciddi rezonans doğurmaqla yeni problemlər yarada bilər”.

Saziş layihəsinin məxfi saxlanmasına gəldikdə, T.Abbasov qeyd etdi ki, çoxdan gözlənilən imzalanma mərasiminə bir o qədər də çox vaxt qalmayıb və yaxın zamanda hər şey bəlli olacaq: “O ki qaldı ictimai müzakirələrə, düşünürəm ki, bütün məsələlərlə bağlı milli elita dairəsində son dərəcə həssaslıq var və ən azından təmsilçilərimiz hər şeyi ciddi götür-qoy etməklə həll ediblər. Axı bu qəbildən olan məsələlər bir ay, bir il üçün deyil, uzun müddətə hesablanır. Ona görə də hər şey milli maraqlar çərçivəsində həllini tapır. Bir də ki, əgər hər hansı məsələdə tələskənliyə və ya naşılığa yol verilibsə, əvvəl-axır bütün kompleksli bu məsələ cəmiyyət üçün açılacaq və hamı hər şeydən xəbərdar olacaq. Odur ki, əmin olmaq lazımdır ki, millətin elçiləri bütün prinsipial məqamlarda milli maraqları üstün tutaraq qərar veriblər...”

E.PAŞASOY,

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.