Tanınmış hüquqşünas İran rəsmisinin Bakıdan həbsi tələbindən danışdı

13-11-2019, 08:29           
Tanınmış hüquqşünas İran rəsmisinin Bakıdan həbsi tələbindən danışdı
Əsabəli Mustafayev: “Əli Əkbər Vilayətini ölüm cəzası gözləyirsə...”
Bakıda dini liderlərin beynəlxalq səviyyəli görüşü planlaşdırılıb. İsrailin “The Jerusalem Post” qəzeti yazıb ki, 14-15 noyabrda baş tutacaq tədbirdə İranı təmsil edən Əli Əkbər Vilayəti (Ali Akbar Velayati) olacaq. Qəzet yazır ki, Argentina hökuməti İran təmsilçisi ilə bağlı rəsmi qaydada Azərbaycana müraciət edib. Müraciətdə deyilir ki, Əli Əkbər Vilayətinin 1994-cü ildə Buanes Ayresdə AMIA yəhudi mərkəzinin partladılmasında əli var. Argentina rəsmiləri cənab Əli Əkbər Vilayətinin Azərbaycana səfəri ilə bağlı “ciddi narahatlıq keçirdiklərini” dilə gətiriblər. Onlar bu məsələdə Azərbaycanı əməkdaşlığa səsləyərək Əli Əkbər Vilayətinin Bakıda həbs olunmasını və onun Argentinaya göndərilməsini istəyirlər. İsrail qəzeti yazır ki, Argentina ona də əmindir ki, 1992-ci ildə Buenos Ayresdə İsrail səfirliyinin partladılmasında da İranın əli var. O vaxt 29 nəfər ölmüş, 242 nəfər isə yaralanmışdı. 2007-ci ildən üzü bəri İnterpol üzərindən ən çox axtarışda olan məhz İran vətəndaşlarıdır. Əli Əkbər Vilayəti İranın dini rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisidir.

Azərbaycan tərəfi bu çağırışa hansı şəkildə reaksiya verməlidir?

Tanınmış hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, Əli Əkbər Vilayətinin Azərbaycan ərazisində həbsi məsələsi təqdim olunacaq sübutların nə dərəcədə yetərli olmasından asılıdır. “Beynəlxalq Polis Təşkilatı İnterpol Əli Əkbər Vilayətinin həbsi ilə bağlı Azərbaycan tərəfə tələb irəli sürə bilər. Bu halda Azərbaycan dövləti Əli Əkbər Vilayətiyə qarşı sənədləri tələb edə bilər. İttiham aktıdır, ittiham aktını əsaslandıran sənədlərdən ibarət dosye verilməlidir. Sənədləri aldıqdan sonra araşdırma aparılır. Hesab olunsa ki, təqdim olunan sənədlər ittihamı təsdiq edir, bu halda Əli Əkbər Vilayəti qarşı tərəfə təhvil verilə bilər. Əks halda, yəni sübutlar kifayət olmasa, imtina cavabı yazılır” - deyə, hüquqşünas bildirib.

Tanınmış hüquqşünas deyib ki, Argentinada baş vermiş cinayətə görə Əli Əkbər Vilayətini ölüm cəzası gözləyirsə, bu halda da imtina cavabı yazılacaq: “Azərbaycanda ölüm cəzası yoxdur. Əgər Argentinada törədilən cinayətə görə ölüm cəzası gözləniləndirsə, bu halda da imtina üçün əsas yaranır. Azərbaycanda cəza növü olaraq ölümə məhkum etmə yoxdur. Praktikada belə olan halda şəxsin təhvil verilməsi mümkünsüz olur. Ümumiyyətlə, İnterpola üzv olan dövlətlərin bir çoxunda belə hallarda imtina cavabı verilir”.

Əsabəli Mustafayev deyir ki, Əli Əkbər Vilayətinin İnterpola təhvil verilməsini mümkünsüz edən digər səbəblər də var: “Praktikada belə hallar da var ki, siyasi baxımdan şəxsin təhvil verilməsi mümkünsüz olur. Amma üzdə bunu açıq şəkildə demək də mümkün deyil. Məsələn, Azərbaycan deyə bilməz ki, bu və ya digər şəxsin təhvil verilməsi milli maraqlarımıza ziddir. Belə olacağı təqdirdə İnterpolun işləməsi mümkün olmaz. Üzv ölkələr siyasi aspektlərə söykənib həbsi tələb olunan şəxsləri təhvil verməzlər. Bu baxımdan ən yaxşı yol sübutların kifayət olmamasına istinad etməklə imtina cavabı yazmaqdır”.

Qeyd edək ki, Argentina əvvəllər də, məsələn, 2016-cı ildə Sinqapur, Malayziya və Rusiyaya da oxşar müraciətdə bulunub. Amma heç bir ölkə Argentinanın bu kimi xahişinə müsbət cavab verməyib.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.