NATO-nun London sammiti dünya güclərini burun-buruna gətirdi

6-12-2019, 08:56           
NATO-nun London sammiti dünya güclərini burun-buruna gətirdi
Hərbi blokun büdcəsini artırması qərarı Rusiyanı ciddi narahat edib
NATO-nun qurulmasının 70 illiyi ilə bağlı Londonda keçirilən dövlət başçılarının sammiti ciddi hadisələrlə yadda qaldı. Quruma üzv ölkələrin qəbul etdikləri bəzi qərarlar NATO daxilində ciddi gərginliklərə yol açıb. Sammitin nəticələrindən ən çox narazı qalanlar Rusiya və Türkiyə olub. NATO-nun baş katibi Yens Stoltenberq NATO ölkələrinin müdafiə xərclərinin 2020-ci ildə 130 milyard dollara yüksələcəyini deyib: “Prezident Vladimir Putinin də dediyi kimi, iqtisadiyyat baxımından dağıdıcı olan silahlanma yarışına girməyəcəyik”.

Putindən sitat gətirilməsinə baxmayaraq, büdcə xərclərinin artırılması şimal qonşumuzu ciddi narahat edib. NATO-nun büdcəsini artırması Rusiyanı narahat edir. Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb. Sözçü bildirib ki, bu istiqamətdə atılan addımlar ittifaqın ekspansionist siyasətinə qarşı Rusiyanın təşvişlərini artırır.


Peskov həmçinin qeyd edib ki, Rusiya NATO ilə silah və müdafiə sənayesində müharibəyə girməyəcək. Bu, iqtisadiyyata zərər verə bilər.

NATO Polşa və Baltikyanı ölkələri qorumaq üçün yenilənmiş planı qəbul edib. Bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısından sonra keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, liderlər terrorizmlə mübarizədə səyləri artırmaq üçün fəaliyyət planı barədə də razılığa gəliblər.

“Bütün müttəfiqlər İŞİD terrorçuları və İraq və Əfqanıstandakı nümayəndəlikləri ilə mübarizə aparmaqda qərarlıdırlar”, alyansın baş katibi bildirib.


Stoltenberq Ankaranın alyansın Baltikyanı ölkələri və Polşanı qorumaq planını dəstəkləməkdən imtina etməsinə də münasibət bildirib.

“NATO, Baltikyanı ölkələr və Polşa da daxil olmaqla, müttəfiqlərini qorumağı planlaşdırır. Bundan əlavə, sadəcə, planlar deyil, bölgədə daha çox hərbi qüvvə yerləşdirilir. İttifaq tarixində ilk dəfə olaraq NATO-nun şərq qanadında müharibəyə hazır olan qüvvələr var”, o deyib. Bu qərar da Rusiya tərəfindən ciddi narahatlıqla qarşılanıb.


Sammitə damğasını Türkiyə vurub. Qardaş ölkə YPG-nin terror təşkilatı olaraq qəbul edilməyəcəyi təqdirdə NATO-nun Baltik və Polşa ilə bağlı müdafiə planına veto qoyacağını bəyan edib.


ABŞ Pentaqon vasitəsilə Türkiyənin bu tələbinə dəstək verməyəcəyini ifadə edib. Pentaqon şefi Mark Esper deyib: “Türkiyəyə mesajım budur. Bu müdaxilə planlarında yer almağımız lazımdır. Bu, onların xüsusi qayğıları səbəbindən əngəllənə bilməz”.

NATO baş katibi Yens Stoltenberq isə zirvə toplantısı bitənə qədər Türkiyə ilə NATO arasındakı problemin həll ediləcəyinə söz vermədiyini deyib: “Mən söz vermirəm, fəqət bu, NATO-nun Baltik ölkələrini qorumaq planı yoxdur anlamını vermir”.

NATO London ile ilgili görsel sonucu

Fransa lideri Makron NATO-nun beyin ölümü keçirməsinə dair verdiyi sözün arxasında durduğunu elan edib. Eyni zamanda Ankaranı İŞİD uzantıları ilə işləməkdə ittiham edib. Fransa lideri Türkiyənin Rusiyadan aldığı S-400 kompleks sistemlərinin necə mümkün olduğunu da sorğulayıb. Göründüyü kimi, London sammiti NATO daxilində ölkələri üzə-üzə qoyub.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu NATO-nun qarşısında çox ciddi sualların olduğunu söylədi: “Soyuq müharibə illərində NATO-nun hədəfi də bəlli idi: NATO ölkələri kollektiv şəkildə özlərini SSRİ-dən qoruyurdular. 1991-ci ildə SSRİ dağıldı, soyuq müharibə də bitdi. Demək, NATO-nun yaranmasına səbəb olan əsas amil ortadan qaldırıldı. Ona görə də elə həmin ildən başlayaraq NATO yeni çağırışlarla üz-üzə qaldı. Hazırda NATO qarşısında əsas sual budur: Bizim düşmənimiz kimdir və biz bir-birimizi kimdən və nədən qorumalıyıq? Rusiya NATO ölkələrinə müəyyən problemlər yaradır. Ancaq Rusiya tam olaraq NATO-nun düşməni sayılmır. Birincisi, Rusiya SSRİ qədər güclü deyil. NATO-nun toplam hərbi büdcəsi Rusiyanın hərbi büdcəsindən 20 dəfə böyükdür. İkincisi, SSRİ-dən fərqli olaraq bir sıra NATO ölkəsi Rusiya ilə sıx əməkdaşlıq edir. Məsələn, NATO-nun başlıca ölkələrindən olan Türkiyə və Fransa Rusiyanı birmənalı olaraq düşmən saymırlar. Türkiyə Rusiya strateji tərəfdaşlıq münasibətləri qurub, ortaq regional layihələr həyata keçirir. Eyni ilə digər NATO ölkələrinin də Rusiya ilə ortaq layihələri var. Bundan başqa, NATO ölkəsi olan Türkiyə bəzilərinin düşmən adlandırdığı Rusiyadan müasir raketlər alır. Maraqlıdır, NATO ölkələri digər NATO ölkəsi olan Türkiyəyə raket satmaq istəmir və həmin NATO ölkəsi olan Türkiyə digərlərinin düşmən saydığı Rusiyadan raket alır. Bunun səbəbi bəllidir: NATO-da ikili standartlar hökm sürür, bu isə üzv ölkələr arasında dərin fikir ixtilafı yaradır. NATO keçmiş illərdə olduğu kimi monolit təşkilat deyil. Bəzən qurum əsas düşməni kimi güclənən Çinin də adını çəkir, NATO-nun Avropadan olan üzvləri bununla razı deyillər. Çünki Çin böyük bazar və böyük investisiyalardır, bu imkanlardan yararlanmaq istəyənlərin sayı çoxdur. Avropa Çinin hərbi gücünə baxmayaraq, bu ölkəni düşmən adlandırmaz”.

Politoloq Türkiyə məsələsinə də toxundu: “NATO-da başqa bir ciddi anlaşılmazlıq da var. Türkiyə NATO-dakı tərəfdaşlarına müraciət edir ki, PKK və onun uzantıları olan YPG və PYD-ni terrorçu təşkilat kimi tanıyın. Avropanın aparıcı ölkələri və Amerika fərqli mövqedən çıxış edirlər. NATO-nun dekabrın 4-də Londonda keçirilən zirvə toplantısında NATO Polşa və digər Baltikyanı ölkələrin müdafiəsi haqqında qərar qəbul etməli idi. NATO-da bütün qərarlar konsensusla qəbul olunur. Türkiyə eyni şərtini təkrarladı: PKK və onun uzantılarının terrorçu təşkilat kimi tanınmasının qarşılığında bizə sizin hazırladığınız qətnaməyə səs verək! Türkiyənin bu şərti irəli sürmək üçün tam haqqı var. NATO-nun 5 maddəsinə görə üzv ölkələrdən birinə edilən hücum bütün üzv ölkələrə hücum kimi qiymətləndirilir və birgə təhlükəsizlik mexanizmi işə düşür. Məsələ burasındadır ki, Türkiyənin timsalına həmin bənd işləmir. PKK və onun uzantıları Türkiyə ərazisində terror həyata keçirirlər və beləcə Türkiyəyə hücum edirlər, Qərb ölkələri səssiz qalır. Bəziləri isə əksinə, YPG və PYD ilə əlaqələrini genişləndirir, terrorçulara silah və hərbi texnika verir. Ona görə də Türkiyə NATO-nun Polşa və digər Baltikyanı ölkələrin müdafiəsi haqqında qətnaməsinin qəbulu qarşılığında üzv ölkələrin YPG və PYD-nin terrorçu təşkilatlar kimi tanınması haqqında bənd əlavə edilməsini istəyirdi. Qərb buna hazır deyil. Türkiyə vəziyyəti daha çox gərginləşdirməmək üçün NATO-nun Polşa və Baltikyanı ölkələrlə bağlı qətnaməsini ənəglləmədi. Ancaq YPG və PYD məsələsini gündəmdə saxlayır. Beləliklə, illər keçdikcə NATO-dakı ixtilaflar və fikir ayrılıqları dərinləşir. Kənarda düşmən və rəqib axtarmağa ehtiyac yoxdur, üzv ölkələrin bir-birilərinə qarşı münasibəti getdikcə mənfiyə doğru dəyişir. Vəziyyət o həddə çatıb ki, Fransa prezidenti ”NATO-nun beyni ölüb" ifadəsini səsləndirir. Canlının beyni ölürsə, bir müddət sonra özü də ölür".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.