Yeni dövrün və yeni parlamentin müxalifəti onlar olacaq? - iki partiyanın adı gündəmdə

14-12-2019, 10:28           
Yeni dövrün və yeni parlamentin müxalifəti onlar olacaq? - iki partiyanın adı gündəmdə
Yeni dövrün, xüsusilə də yeni parlamentin müxalifətinin AĞ Partiya və REAL Partiyası olacağı iddia edilir. Adıçəkilən partiyalar yeni yaranmış partiyalardır və siyasi xətlərində ənənəvi müxalifət partiyalarının siyasi xəttindən, taktikalarından fərqliliklər müşahidə olunur. Görünür bu və digər məqamlar onlar haqda qeyd etdiyimiz iddiaları gündəmə gətirir.

Bəs AĞ Partiya və REAL Partiyanın rəhbərliyinin özləri bu iddiadadırmı?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, AĞ Partiyanın rəhbərliyindəki şəxslər kifayət qədər təcrübəli və stajlı siyasətçilərdir, ancaq, yenə də bu partiya olaraq yeni formalaşan bir siyasi qurumdur: “Yenə də buna baxmayaraq bizim siyasi iddialarımız və ambisiyalarımız böyükdür. Yəni istənilən siyasi partiyanın olduğu kimi, bizim də əsas məqsədimiz iqtidar partiyası olmaqdır. Lakin bu günün siyasi reallıqlarını və Azərbaycan siyasi səhnəsinin hazırkı durumunu da görməzdən gəlmək olmaz. Bu gün aşağı-yuxarı bütün partiyalar demək olar ki, eyni dərəcədə zəiflədilib. Əsasən müxalif yönlü siyasi partiyalar. Uzun illərdir ki, bunun üçün sistematik və sərt siyasət yürüdülür.



Bu siyasət isə özü-özlüyündə partiyaları siyasi struktur kimi oyundan kənara qoymaq üzrədir. Biz təbii ki, müxalifət partiyası olaraq bu seçkilər nəticəsində Milli Məclisdə millət vəkilləri ilə təmsil olunmaq istəyirik. Bunun üçün də artıq işləməyə başlamışıq. Hədəfimiz ən azı 15-20 dairədə namizədlərlə çıxış edərək orada maksimum qələbə qazanmaqdır. Bizim parlamentdə təmsil olunub olunmayacağımızı isə əlahəzrət xalqımız və seçicilər müəyyənləşdirəcək. Yeni və ya köhnə müxalifət məsələsinə gəldikdə isə düşünürəm ki, bu iki kəsimin bir-birlərinə qazandıra biləcəkləri çox şeylər var. Odur ki, biz nəsillərarası savaşın deyil, əməkdaşlığın tərəfdarıyıq. Yenilənmə təbii yolla olmalıdır deyə düşünürəm”.



REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirdi ki, seçkilərdən ən çox danışan, seçkiləri daim gündəmdə saxlayan partiya həmişə REAL olub və parlament seçkilərində uğur qazanacaqlarına da inamları var: “Biz növbədənkənar parlament seçkiləri ehtimalının çox yüksək olduğunu deyəndə və bununla bağlı may ayından hazırlıqlara başladığımızı elan edəndə çox adamlar buna tənə ilə yanaşırdı. Bir sıra partiya liderləri isə bunun mənasız bir iş olduğunu düşünürdülər. Amma biz növbəti dəfə haqlı çıxdıq. Biz bu baxımdan seçki hazırlıqlarına çoxdan start vermişdik. Həm namizədlərin müəyyən olunması, həm müşahidəçilər qruplarının formalaşması, onlara treninqlərin keçirilməsi işlərinə çoxdan başlamışdıq. Ona görə də biz çoxlarından fərqli olaraq seçkilərə hazırlıqsız yaxalanmadıq. Seçki ilə bağlı REAL Partiyasının məsələni tez-tez gündəmə gətirməsi və partiyanın ölkədə dəyişikliklərə seçki ilə nail olunmasının vacibliyi ilə bağlı çıxışlarımız cəmiyyətdə müəyyən bir gözlənti yaradıb. Cəmiyyətdə belə gözlənti yaranıb ki, REAL seçkiyə ciddi yanaşırsa, hazırlaşırsa müəyyən uğur qazanması və parlament partiyasına, çox güclü müxalif partiyaya çevrilməsi mümkündür. Növbəti seçkilərdə müxtəlif siyasi görüşləri, baxışları olan insanların və təşkilatların parlamentə seçilmə şansı daha yüksəkdir. Çünki həm də cəmiyyətdə belə bir gözlənti var. Cəmiyyət siyasətdə yeni bir düzənin formalaşmasını istəyir. Biz əlimizdən gələni edəcəyik ki, partiyamız seçkilərdə uğur qazansın”.

Hakimiyyətin yeni parlamentin, həmçinin müxalifətin xeyli dərəcədə yeni simalardan, yeni qüvvələrdən, əsasən gənclərdən ibarət tərkibdə formalaşmasını arzu etdiyi son zamanlar yüksək səviyyələrdə verilən bəyanatlardan sezilir. Bütün bunlardan çıxış etsək siyasi analitiklərin proqnozlarını ciddi qəbul eləmək lazım gəlir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.