"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq"
Bu gün, 15:14

Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarır. Bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib. Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək. Lakin qardaş ölkəyə qarşı ərazi iddiasından xəbər verən Ağrıdağ (“Ararat”) simvolu hələ ki Ermənistanın gerbindən yığışdırılmayıb. Azərbaycana torpaq iddiası da hələ öz konstitutsion həllini tapmayıb.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan gömrük keçid məntəqələrində istifadə olunan ştamplardan “Ağrı dağı”nın təsvirinin yığışdırılması müsbət haldır: “Ermənistan faktiki olaraq, Türkiyənin Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı ərazi iddialarının ləğv olunması məsələsi irəli sürdüyü tələbləri yerinə yetirilməsi istiqamətində addımlar atmaqdadır. Şübhəsiz ki, bu, ilkin addımdır və bunun davamı gəlməlidir”.
Oqtay Qasımov vurğulayıb ki, Ermənistanın gerbində də “Ağrı dağı”nın təsviri yığışdırılmalıdır: “Baxmayaraq ki, revanşist qüvvələr buna fərqli bir don geyindirməyə çalışır və bunun guya ərazi iddialarını əks etdirmədiyini söyləyirlər. Amma nəzərə alsaq ki, gerblə bərabər, həm də Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb, o baxımdan bu məsələ həllini tapmalıdır. Bunun həllini tapması üçün Ermənistanda konstitusiyaya dəyişikliklərin baş tutması üçün referendum keçirilməlidir”.
Politoloq bildirib ki, Ermənistan hakimiyyətinin açıqlamalarına diqqət etsək, bunun gələn il iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra həyata keçirilməsi nəzərdə tutulur.
Oqtay Qasımov qeyd edib ki, Paşinyan əgər bu seçkilərdə yenidən qalib gələrsə, o zaman qeyd olunan istiqamətlərdə addımların atılması mümkündür: “Əks halda, Güney Qafqazda Ermənistanla Azərbaycan arasında gərginlik mövcudluğunu qoruyub saxlayacaq. Bu da gələcəkdə regionun təhlükəsizliyi ilə bağlı məsələlərdə müəyyən problemlər yarada bilər”.