Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?

8-07-2020, 08:57           
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
6 iyunda Azərbaycan xəbər məkanında belə bir informasiya yayıldı ki, guya Azərbaycanın hava məkanından istifadə etməklə İrana hava zərbələri endirilib və bunu Rusiyanın “ Konteyner” RLS-i aşkar edib.

Yayılan xəbərə Azərbaycan Müdafiə Nazirliyi reaksiya verib və APA-ya bildirib ki, “bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”.

Təəssüf ki, verilən cavabdan irəli gələn bir sıra suallar yaranıb. Bu xəbəri kim yayıb, hansı ölkə yayıb, Azərbaycanın hava məkanından hansı ölkə istifadə edib, İranda hara vurulub, İranın reaksiyası necə olub? Xəbərin mənbəyinin göstərilməməsi, yalnız “ermənipərəst KİV-lərin yaydığı” qeydi və ümumiyyətlə ətraflı məlumatın verilməməsi istər-istəməz dünyanın, bölgənin və ölkəmizin yaşadığı bu həssas və daha çox təhlükələrlə müşayət olunma ehtimalının yüksək olduğu bir zamanda narahatlıq yaratmaya bilməz.

Çalışaq bu sualların bəzilərinə cavab tapaq. Birincisi, bu xəbər internetdə Rusiyanın “Avia.Pro” saytında yer alıb. Bu sayt dah çox hərbi aviasiya ilə bağlı xəbərlər, yenilklər yayan portalıdır, daha doğrusu RF Müdafiə Nazirliyi ilə bağlı olan çoxsaylı internet saytlarından biridir. Saytın xəbəri belədir:” Bir neçə gün əvvəl, İran hərbi nüvə obyektində hətta kosmosdan görünən müəmmalı bir partlayış baş verib. Məlum olur ki, söhbət naməlum ölkənin F-35 qırıcısının hava zərbəsindən gedir. Bəzi məlumatlara görə, hava hücumu ən az qorunan istiqamətdən - Azərbaycanın sərhədlərindən keçməklə baş tutub və buna görə İran ordusu bu istiqamətdə qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin təcili yerləşdirilməsinə başlayıb.

Azərbaycanın hava məkanının ABŞ və İsrail tərəfindən istifadə edilməsi ilk dəfə deyil və çox güman ki, İranın nüvə obyektinə hücumda iştirak edən bu ölkələrdən birinin F-35 qırıcı təyyarəsidir”.

Bu xəbər Azərbaycana qarşı yönəlmiş tam təxribatdır və bu xəbəri yayan saytın ermənipərəst olub-olmaması ehtimalından əvvəl demək lazımdır ki, bu sayt Rusiyanındır. Və təkzibi də yalnız bizim MN deyil, o saytın özünün verməsi tələb olunmalıdır.

Guya ki, bu fakt “Konteyner”RLS- də qeydə alınıb. Qeyd edək ki, RLS-lərin məlumatları ilk növbədə MN-ə çatdırılır, deməli bu xəbərin yayılmasında RF MN-in marağı var. Xəbərdə o da qeyd edilir ki, ABŞ və İsrailin Azərbaycanın hava məkanından istifadə etməsi ilk dəfə deyil. Burda ilk növbədə məqsəd Azərbaycanı İranla qarşı-qarşıya qoymaq, sonra da ABŞ və İsraili günahkar tutmaqdır. İkincisi, “Konteyner”RLS-i Mordoviyada yerləşir və əsas nəzarət istiqaməti Qərb tərəfdir, daha çox Kalininqrad istiqamətindədir. Necə oldu ki, birdən-birə nəzarətin istiqaməti dəyişib İran və Azərbaycan hava məkanı oldu?

Əslində, İranın İsfahan vilayətindəki Netenza şəhərindəki nüvə obyektində partlayış və yanğın olub və İran özü də hansısa hava hücumundan deyil, partlayış və yanğının baş verməsini təsdiq edir. Hətta bu yanğın obyektdə işi belə dayandırmayıb. Sonra İran özü yanğın baş verən birmərtəbəli binanın fotolarını yayıb. Bu heç də avia zərbəyə bənzəməyən bir partlayış və yanğının nəticəsidir. Sadəcə, yanğın gecə baş verib və alov o qədər güclü olub ki, Amerika sputnikləri belə onu qeyd edə bilib.

Qeyd edək ki, İranın nüvə zənginləşdirmə obyektləri 7 metr dərinlikdədir və betonlaşdırılıb, onu heç bir avia zərbə dağıda bilməz. Bunu ABŞ və İsrail kəşfiyyatı yaxşı bilir. Əlavə edək ki, Netenza şəhəri Hörmüz körfəzi istiqamətində cənuba doğru Tehrandan 250 km məsafədə yerləşir. Bu obyektə hətta hava zərbəsi endirmək lazımdırsa ABŞ niyə daha yaxın olan körfəzdəki avia daşıyıcı gəmilərindən qalxan qırıcılardan yox, əks istiqamətdən- qeyri-müəyyən bir ölkədən qalxıb Azərbaycanın hava məkanından keçməklə zərbə endirməlidir? Həm də İranın ortasınadək bir qırıcı təyyarə necə maneəsiz gedib çıxa bilər? İranın özünün RLS-ləri və hava hücumundan müdafiə sistemi kifayət dərəcədə güclüdür. Rusiyadan, Belarusdan, Çindən gətirilmiş sistemlər etibarlı müdafiə yarada bilib. “ Rezonans-HE”,”Nebo-SVU”, “Kasta 2E2”, “ Vostok-E”, “Nazir, Fatih-14” və sairə RLS-lər buna misaldır.

Iranın Rusiya istehsalı olan Zenit Raket Kompleksləri ( ZRK) də müasir tiplidir. Elə 2018-ci ildə Hörmüz körfəzində Amerika pilotsuz təyyarəsini həmin ZRK-ilə vurmuşdular.

Gördüyünüz kimi Rusiya saytlarının yaydığı bu təxribat xarakterli xəbər yalnız Azərbaycanı hədəfə almaq üçün yayılıb. Sadəcə olaraq informasiya təhlükəsizliyinə cavabdeh olanların bundan sonra baş verəcək dezinformasiyaların qarşısını alarkən ətraflı və inandırıcı cavablar verməsi daha məqsədəuyğundur.

İlham İsmayıl
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.