Vasitəçilərdən erməni təxribatına müəmmalı “təmkin”: - “Daxilimizdə də “5-ci kolon” iş başındadır”

15-07-2020, 15:40           
Vasitəçilərdən erməni təxribatına müəmmalı “təmkin”: -
Vasitəçilərdən erməni təxribatına müəmmalı “təmkin”:
Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin törətdiyi təxribat nəticəsində hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.

Belə bir məqamda dünya dövlətləri, beynəlxalq təşkilatlar bəyanatlarla çıxış edir. Bəyanatlarda Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş olunur. Amma təəssüf ki, hələ də bir sıra beynəlxalq təşkilatlar, böyük dövlətlər məsələyə ikili standartlardan yanaşır. Belə bir bəyanatla ATƏT-in fəaliyyətdə olan sədri çıxış edib.

ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın baş naziri və xarici işlər naziri Edi Rama iyulun 14-də bəyanatla çıxış edərək tərəfləri atəşkəsə riayət etməyə çağırıb:

“Ermənistanla Azərbaycan arasındakı sərhədi boyunca gördüyümüz zorakılığın artmasından çox narahatam və və bundan sonra da itkilərin baş verməməsi üçün dərhal atəşkəsə qayıdılmasına çağırıram”. İngiltərədən də mahiyyətdə eyni olan belə bir bəyanat səslənib.

Amma baş verən hadisə atəşkəs rejiminin pozulması deyil, Azərbaycan dövlət sərhədlərinin pozulmasıdır. Atəşkəs təkcə Qarabağla bağlı məsələdir. Qarabağ mübahisəli münaqişə ocağı kimi təqdim edilsə də, bu dəfə təxribat Tovuzda, Naxçıvanda törədilib. Bu isə Azərbaycanın dövlət sərhədinin pozulması, ölkəmizə qarşı hərbi təcavüzdür.

Beynəlxalq təşkilat, hegemon dövlətin bu cür bəyanatı ikiüzlükük deyilmi? Bu cür ikiüzlü ATƏT-ə, yaxud hedemon bir dövlətə etibar etmək olarmı?

Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov Cebhe. info-ya açıqlamasında baş verən təxribatın məhsuliyyətini Ermənistanla yanaşı beynəlxalq ictimaiyyətin də daşıdığını deyib:

“Hesab edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri əsasında erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi hərbi təxribat məqsədyönlü, planlı şəkildə hazırlanmış bir prosesdir. Bizi narahat edən məsələ bu hərbi təxribata beynəlxalq ictimaiyyətin ikili standartlardan yanaşamısıdır. ABŞ-ın Dövlət Departamenti, BMT-nin Baş katibi, ATƏT-in sədri və digər beynəlxalq qurumlar, ayrı-ayrı dövlətlərin reaksiyası yalnız onunla yükunlaşır ki, tərəflər atəşkəsə riayət etsin. Tərəflər güc tətbiqindən geri çəkilsin. Etimad mühitinin yaradılması istiqamətində addımlar atılsın. Bu cür çeynənmiş, dişsiz, dəfələrlə səsləndirdikləri ifadələri yenidən dövriyyəyə buraxıblar. Məsələ ondadır ki, bunu Ermənistan görür. Ermənilər görür ki, onun bu cür cinayətkar davranışı heç bir sərt davranışla, cəza ilə üzləşmir. Cəzasız qalan tərəfdə isə arxayınlıq sindromu formalaşır. Belə olan vəziyyətdə hesab edirəm ki, bundan sonra baş verən hər hansı bir hadisəyə görə bütün məhsuliyyət Ermənistanın, ATƏT-in Minsk Qrupunun, beynəlxalq ictimaiyyətin üzərinə düşəcək. Azərbaycan burada heç bir məhsuliyyət daşımır. Xüsusilə də nəzərə alsaq ki, bu hərbi təxribat Dağlıq Qarabağ ərazisində deyil, Azərbaycan dövlət sərhədində baş verib, bu, artıq Ermənistanın uzağa gedən niyyətinin olduğunu göstərir. Ermənistanın birinci məqsədi odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu prosesə qoşun və Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dəyişsin. İkincisi isə Rusiya və Belarus kimi KTMT dövlətlərindən Azərbaycan silah alır. Ermənistan çalışır ki, Rusiya və Belarusa təzyiq göstərib Azərbaycana silah satışına mane olsun. Hesab edirəm ki, bu iki mühüm məsələ nəzərdən qaçmır”.

Elman Nəsirov ötən gecə paytaxt Bakıda baş verənlərə də münasibət bildirib. Deputat deyib ki, təxribat törədənlər casus, xain olanlardır:

“Ermənistanın təxribatçı hərəkətlərinə Azərbaycan xalqının bəlli reaksiyası oldu. Xalq küçələrə axışdı. İlk növbədə dövlətə, orduya dəstək, Qarabağa, Ermənistanın işğalçı siyasətinə qarşı şüarlar söylənildi. Ancaq sonda proses təxribatla yadda qaldı. Görünən odur ki, bu təxribatlar da eyni mərkəzdən idarə olunur. Bu da olduqca planlaşdırılmış, məqsədyönlü hərəkətlər idi. Bir yandan hərbi təxribat, digər tərəfdən isə Milli Məclisin binasına təxribatçı qruplaşmanın daxil olması, orada anti-dövlət şüarlar səsləndirilməsi və maddi ziyan vurulması göstərir ki, daxilimizdə də “5-ci kolon” iş başındadır. Onlar Azərbaycanı 90-cı illərin əvvələrinə qaytarmaq istəyirlər. O zaman da torpaqlarımız uğrunda döyüşlər gedir. Görünür ki, bu da eyn ssenarinin tərkib hissəsidir. Cəbhə xəttində, səhəddə hərbi təxribatlar, bunun ardınca isə daxildə qarşıdurma yaratmaq cəhd olundu. Ona görə də hesab edirəm ki, biz canını vətən yolunda qurban verən igid əsgərlərimizin ruhu qarşısında cavabdehlik daşıyırıq. Biz indi həmişəkindən daha çox bir olmalıyıq. Dövlətimiz, Ali Baş Komandan ətrafında daha sıx, monolit birlik nümayiş etdirməliyik. Heç bir parçalanmadan söhbət gedə bilməz. Səfərbər olmuş cəmiyyət vətəndaş həmrəyliyini daha da möhkəmləndirməlidir. Bizim bir düşmənimiz var, o da Ermənistandır. Onunla mübarizə aparmalıyıq. Daxilimizdəki təxribatçı qrupların fəaliyyətinə sərt reaksiya verməliyik, onları dayandırmalıyıq. Mövqe ortaya qoyub onları ictimai qınağa tuş gətirməliyik. Müharibə dövründə bu cür insanlara “casus, dönük, satqın” deyirlər. Dünən də bunun şahidi olduq. Bu gün birliyimizə, həmrəyliyimizə həmişəkindən 10 qat artıq ehtiyac var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.