ƏRƏBLƏR FƏLƏSTİNƏ NÖVBƏTİ XƏYANƏTİ ETDİLƏR - Bu dəfə Birləşmiş Əmirliklər...

15-08-2020, 00:41           
ƏRƏBLƏR FƏLƏSTİNƏ NÖVBƏTİ XƏYANƏTİ ETDİLƏR -
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsraillə ikitərəfli münasibətləri normallaşdırmaq barədə sazişə getməyini sərt şəkildə pisləyib. Türkiyə XİN bu sazişi «ABŞ-ın gizli planı» adlandırıb.

Bu barədə Ankaranın avqustun 14-də yayılmış bəyanatında söhbət açılır: «Tarix və bölgə xalqlarının vicdanı unutmayacaq və heç vaxt BƏƏ-nin bu riyakar hərəkətini bağışlamayacaq. Onlar özlərinin cılız maraqları xatirinə Fələstin işini satdılar və bu hərəkətlərini fədakar addım kimi qələmə verməyə çalışırlar. BƏƏ rəhbərliyinin Fələstin xalqı adından İsraillə danışıqlar aparmaq və Fələstin üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə güzəştlərə getmək haqqı yoxdur».

Xəbər verildiyi kimi, bu ərəfədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp elan edib ki, İsrail və BƏƏ ikitərəfli münasibətlərin tam normallaşdırılması barədə razılığa gəliblər və bu barədə sənədi dərc ediblər. Bunun əvəzində İsrail İordan çayının qərb sahillərindəki ərazilərin anneksiyası planını təxirə salır.

İsrailin Baş naziri Binyamin Netenyahu, Əbu-Dəbinin şahzadəsi və BƏƏ ali baş komandanının müavini şeyx Mühəmməd ben əl-Nahayan və Donald Trampın özü əldə olunmuş razılaşmanı tarixi adlandırıblar və ümid etdiklərini bildiriblər ki, «bu diplomatik sıçrayış Yaxın Şərqdə sülhün irəli aparılmasına kömək edəcək». İndiki halda ərəb dövlətlərindən yalnız Misir və İordaniya İsraillə diplomatik münasibət qurub və orada səfirlikləri fəaliyyət göstərir. BƏƏ yəhudi dövləti ilə sülh müqaviləsinin olmamasına baxmayaraq, son illər İsraillə kommersiya münasibətlərini fəal şəkildə inkişaf etdirir.

Xəbər verildiyi kimi, bundan qəzəblənən Fələstin öz səfirini BƏƏ-dən geri çağırıb. Bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bəyan edib.

«Prezident Mahmud Abbasın göstərişi ilə ABŞ, İsrail və BƏƏ-nin üçtərəfli bəyanatından sonra Fələstinin BƏƏ-dəki səfiri geri çağırılır» - nazir bəyan edib.

Göründüyü kimi, ərəb dünyası Misirin mərhum prezidenti Ənvər Sədatın başladığı xəyanəti «uğurla» davam etdirir. Bu dəfə Fələstin xalqını BƏƏ «baqaja qoydu».

Məlum olduğu kimi, 1978-ci ildə Kemp-Deviddə (ABŞ) Misir prezidenti Ənvər Sədat və İsrailin Baş naziri Menaxem Beqin Misir və İsrail arasında sülh müqaviləsi imzalayıblar. Tarixdə sənədin adı Kemp-Devid separat sazişi adı ilə məşhurdur. Bu müqavilə ilə Misir Ərəb Respublikası ərəb dünyasında ilk olaraq İsraili rəsmi şəkildə tanımış olub. İndi də BƏƏ bu xəyanətə «qol qoydu»

Növbədə kimdir? - əlini qaldırsın.

Ay «molodets», satqınlar!

Mirzə AĞ

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.